Salyanda qoyun oğrularının yaxası ələ keçib
Salyanda 56 baş qoyun oğurlayan dəstə yaxalanıb. Polisin əməliyyat tədbirləri nəticəsində, xırda buynuzlu heyvanların oğurluğu ilə məşğul olan bir qrup şəxs saxlanılıb. İlkin istintaq zamanı həmin şəxslərin müxtəlif vaxtlarda 56 baş qoyun oğurlayaraq vətəndaşlara 8 min manata yaxın ziyan vurduqları məlum olub.
Qaraçala qəsəbəsində gecə saatlarında qoyun oğurluğuna cəhd edən Şirvan şəhər sakinləri, 48 yaşlı Füzuli Xanış oğlu Şeydayev, 35 yaşlı Məzahim Əlifağa oğlu Ağayev və 39 yaşlı Rövşən Malik oğlu Süleymanov yaxalanıb. Rəfael adlı bir nəfər şəxs isə istintaqdan gizlənib.
İlkin istintaq zamanı məlum olub ki, həmin şəxslər tərəfindən təkcə Qaraçala qəsəbəsində deyil, həmçinin rayonun Xalac, Yolüstü, Pambıqkənd, Qızılağac, Kərimbəyli və Qarabağlı yaşayış məntəqələrinin fərdi təsərrüfatlarından da qoyun oğurladıqları aşkar olunub.
Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, həmin şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.