Şahdağda yeni 5 ulduzlu otelin tikintisi gedir
Şahdağ Qış-Yay Turizm Kompleksində yeni 5 ulduzlu lüks kateqoriyalı mehmanxana kompleksi inşa olunur. Kompleksə daxil olan otelin ümumi sahəsi 22 min kv. metrdən çoxdur. Burada 164 nömrə olacaq, bunun 149-u standart, 13-ü süit və 2-si isə dupleks süitdir. Oteldə müxtəlif restoran, kafe və barlar fəaliyyət göstərəcək. Bundan başqa, mehmanxanaya işgüzar görüşlərin keçirilməsi üçün 3 biznes otağı, 4 130 nəfərlik konfrans zalı, müxtəlif trenajorların quraşdırıldığı idman zalı, dörd prosedur otağını özündə birləşdirən SPA mərkəzi, hovuz və digər xidmət obyektləri daxildir. Həmçinin, binanın altında 77 yerli avtodayanacaq inşa olunacaq.
Bu yeni otel Şahdağda bu yaxınlarda istifadəyə verilən Pik Palace oteli ilə üzbəüz tikilir. Yaxın gələcək üçün olan planlara görə, bu iki mehmanxananın arasında yerləşən ərazidə həm orta kateqoriyalı, həm də VİP müştərilər üçün restoranlar, mağazalar və digər xidmət obyektləri tikiləcək. Digər bir plana isə Şahdağın zirvəsində restoranın tikintisi daxildir. Turistlərin buraya asan qalxmasını təmin etmək üçün xüsusi qapalı qondola qurulacaq.
Pik Palace otelinin baş meneceri Klayv Smit bildirib ki, Şahdağ turizm kompleksində qeyd edilənlərdən başqa, Aqua park, qolf meydançası və turistlər üçün villalar inşa olunacaq. Onun sözlərinə görə, fevral ayının sonunda kompleksdə konkisürmə meydançasının açılması da nəzərdə tutulub.
Smit qeyd edib ki, Şahdağ qış-yay turizm kurortu Azərbaycan ölkə üçün bir yenilikdir və insanlara çox maraqlı görünür: «Düşünürəm ki, bura gələn ziyarətçilərin sayı daha da artacaq. Həmçinin, ziyarətçilərin sayını artırmaq üçün region ölkələrinin turistlərini də bura cəlb etməyi düşünürük».
Menecer əlavə edib ki, öz növbəsində 6 mərtəbə və 167 otaqdan ibarət olan «Pik Palace» oteli 118 «Deluxe», 16 «Junior Suite», 32 «Executive Suite» və 1 «Royal Suite» otaqları təklif edir.
Mehmanxanada restoranlar, barlar və foyelər dağlarda zövqlə nahar etmək üçün çeşidli nadir dəstlər təmin edir. Burada «Chocolat» kafesi, «Alpina Brasserie & Wine Bar», «Fujisan Restaurant & Bar»restoran və barlar, həmçinin «The Club» fitnes və SPA salonu, «Akasiya» ziyafət zalı var.
Bu istirahət məkanını lüks otel və kurort kompleksləri üzrə ixtisaslaşan aparıcı «Reardon Smith Architect» memarlıq emalatxanası layihələndirib. İnteryer dizaynı isə «WA International» şirkəti tərəfindən hazırlanıb.