Şahbaz Xuduoğlu: Tərcüməçilər, yazıçılar istintaqa dəvət ediliblər…
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində “Qanun Nəşriyyatı” və “Qanun jurnalı redaksiyası” MMC-lərə qarşı CM 213-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Turan-a vəkil Müzəffər Baxışov bildirib.
Onun sözlərinə görə, 2013-cü il noyabrın 1-də Vergilər Nazirliyinin 20-ə yaxın əməkdaşı “Qanun Nəşriyyatı” və “Qanun jurnalı redaksiyası” MMC-lərə gələrək vergi yoxlaması adı altında qurumun xeyli sənədlərini və kompüterlərini qanunsuz olaraq aparıb. Bundan sonra “Qanun Nəşriyyatı” və “Qanun jurnalı redaksiyası” MMC-lər sənədlərin qanunsuz götürülməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. .
Beləliklə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsi “Qanun Nəşriyyat Evi” və “Qanun jurnalı redaksiyası” MMC-lərə qarşı 150 000 manat miqdarında vergi borcu və maliyyə sanksiyası müəyyən edib.
“Qanun Nəşriyyatı” MMC-nin rəhbəri Şahbaz Xuduoğlu Turan-a bildirib ki, nəşriyyatın 50-ə yaxın əməkdaşı, o cümlədən tərcüməçilər, yazıçılar istintaqa dəvət ediliblər. Ş.Xuduoğlu isə martın 4-də istintaqa ifadə verəcək.
“Bu, sifarişdir, təzyiq xarakteri daşıyır. Kimlərsə vergidən istifadə etməklə “Qanun Nəşriyyatı” MMC-ni müflis etməklə bu sahədə monopoliya yaratmaq istəyir. Biz qanunla nəzərdə tutulan vergi öhdəliklərini yerinə yetirmişik”, — Ş.Xuduoğlu qeyd edib (Turan).