Sabunçu İH-dən “Razin tolkuçkası”na 5 şərt
Sabunçu İH “Razin tolkuçka”sı kimi tanınan “AzərBiznes” ticarət mərkəzinin müasir standartlara cavab verilməsi üçün zəruri tədbirlərin görülməsi barədə xüsusi göstəriş verib. İH başçısı Adil Vəliyev bildirib ki, fevralın 22-də “AzərBiznes” ticarət mərkəzinin direktoru Vahid Abdulov və həmin şirkətin bir neçə satıcısını qəbul edib: ”Mən həmin şirkətin rəhbərliyinə, ticarət mərkəzinin fəaliyyət göstərməsi üçün beş şərtin olduğunu bildirdim. Həmin şərtlər tıxac problemi, insanlar arasına baş verəcək kriminal hadisələrin və bazara nəzarətin gücləndirilməsi üçün Mühafizə Polisi ilə müqavilə bağlanılması, əraziyə 50 ədəd nəzarət kameralarının quraşdırılması, sanitar vəziyyətə xüsusi diqqət yetirilməsi və bazarın ərazisində müasir standartlara cavab verən yeraltı və ya yerüstü avtomobil dayanacağı olan müasir ticarət mərkəzinin tikilməsi ilə bağlıdır. Biz onlara tapşırmışıq ki, sentyabrın 1-nə qədər qeyd olunan işlərin müəyyən hissəsinin görülməsi təmin edilsin.”
Vəliyev qeyd edib ki, həmin ticarət mərkəzi heç bir standartlara cavab vermir və həmin ərazidə gigiyenik qaydalara, ərazidə kriminal vəziyyətə nəzarət edilmir.
Ticarət mərkəzinin direktoru Vahid Abdulov isə APA-ya bildirib ki, fevralın 21-də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı və Sabunçu Rayon Polis İdarəsinin rəisinin iştirakı ilə ticarət mərkəzinin dam örtüyü texnika vasitəsi ilə sökülməyə başlanıb: ”Lakin aparılan danışıqlardan sonra söküntü işləri dayandırıldı və bazar rəhbərliyini satıcılarla birlikdə rayon İcra Hakimiyyətinin binasına görüşə çağırdılar. Həmin görüşdə bizi Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev qəbul etdi. Adil Vəliyev bizə bildirdi ki, bazarın abadlaşdırılması, tıxac probleminin aradan qaldırılması və ticarət mərkəzinin mühafizəsi üçün müəyyən işlər görülməlidir. Biz hazırda başçının bizə tapşırdığı işlərin yerinə yetirilməsi üçün müəyyən tədbirlə görürük”.
Qeyd edək ki, Sabunçu rayonunda yerləşən “Razin tolkuçkası” kimi tanınan “AzərBiznes” ticarət mərkəzinin dam örtüyünün müəyyən hissəsi Sabunçu Rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülüb.