Ruslar Ukrayna HDQ komandanı Sergey Qayduku tutmuşdular, buraxdılar
Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Sergey Qayduk və bir qədər əvvəl Krımda tutulmuş fəallar azad edilib. Onlar martın 20-də səhər Krımla qonşu olan Xerson vilayətinin Çonqar qəsəbəsində sərbəst buraxılıblar. Ümumilikdə 7 nəfər azad edilib, onların arasında « Avtomaydan » fəalı, Ukraynanın sabiq müdafiə naziri, siyasətçi Anatoli Qritsenkonun oğlu Aleksey Qritsenko da var.
Azadlıq Radiosunun məlumatına görə, azad edilənlər kiminləsə dəyişdirilib. Lakin onların kiminlə dəyişdirildiyi dəqiqləşməyib. Ukrayna HDQ komandanı Qayduk martın 19-da hərbi-dəniz qüvvələrinin Sevastopoldakı qərargahında yerli özünümüdafiə dəstələri tərəfindən girov götürülüb.
Sevastopol prokurorluğundan Qaydukun müvəqqəti saxlandığını, «ona suallar olduğu» açıqlanıb.