Rusiyadan qanunsuz tütün məmulatı idxalı kriminal xarakter daşıyır
Keçən il Azərbaycanda tütün məhsullarının qanunsuz idxalı sahəsində 106 fakt aşkarlanıb. Onların 100-ü inzibati xətalar, 6-sı isə cinayət xarakterli faktlar olub. Əsasən Rusiya istiqamətindən ölkəyə gətirilən tütün məhsullarının qanunsuz idxalı cinayət xarakteri daşıyır. «APA-Economics»in xəbər verdyi kimi, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi (DGK) Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin təhqiqat şöbəsinin rəisi Fikrət Ələsgərov bildirib.
Onun sözlərinə görə, cari ildə bu sahədə ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur.
Bu gün Bakıda gömrük əməkdaşlarının maarifləndirilməsi üçün JTI (Japan Tobacco International) Korporasiyasının Azərbaycandakı nümayəndəliyi tərəfindən tütün məhsullarının qanunsuz ticarətinə qarşı mübarizə üzrə təlim keçirilib.
Ələsgərov bildirib ki, gömrük əməkdaşları bu təlimdə əldə etdikləri biliklərdən istifadə edərək, ölkə ərazisinə qanunsuz gətirilən tütün məhsulları ilə mübarizə aparacaqlar: «Ümid edirik ki, bu, əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verəcək».