Muəllif:

Rusiya ilə dostluğun sonucu — Vətənə xəyanət

Ankara

Rusiyaya bağlı hərbi birləşmələr Krımdakı strateji obyektləri, o cümlədən hərbi və mülki hava limanlarını nəzarət altına götürməyə başlayıb. Ukraynanın daxili işlər naziri baş verənləri təcavüz kimi dəyərləndirib. Söhbət Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları olduqları təxmin edilən «naməlum silahlı dəstələrdən» gedir. Ukrayna Ali Radasının spikeri və müvəqqəti olaraq prezident vəzifələrini icra edən Aleksandr Turçinov Krımda monitorinq keçirmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib. Turçinov bundan əlavə suverenliyin pozulacağı təqdirdə BMT-nin tədbir görməsini də istəyib.
Bundan əlavə spiker Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının fövqəladə iclasını çağırıb.
Özünü hələ də dövlət başçısı sayan eks-prezident Viktor Yanukoviç isə Rusiya qırıcı təyyarələrinin müşayiətilə mətbuat konfransı keçirmək üçün Rostova gəlib. Dəhşətli sonucdur. Bir həftə bundan əvvəl Ukraynanın ərazi toxunulmazlığının və suverenliyinin ən ali qarantı sayılan bir dövlət adamı Vətəninin ərazilərini qəsb etməyə hazırlaşan bir dövlətin himayəsini qəbul edib. Bunun yalnız bir adı var — Vətənə xəyanət.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov bir dəfə söhbət əsnasında dedi:»Böyük dövlətlərlə dost olmaq çox yaxşıdır. Amma uzaqdan-uzağa». Söhbət Rusiyanın təcavüzkar xarici siyasətindən gedirdi. Uzun müddət Tofiq bəyin bu fikrini mütləq həqiqət kimi qəbul edirdim. İndi isə düşünürəm ki, səhv etmişəm. Özü də ona görə yox ki, qloballaşan müasir dünyada coğrafi uzaqlıq artıq çox nisbi kateqoriyadır. Sadəcə olaraq, hesab edirəm ki, Rusiya ilə uzaqdan-uzağa belə dost olmaq çox təhlükəlidir.
Amma nə etməli ki, Azərbaycanın coğrafi yerləşim baxımından heç bəxti gətirməyib. Azərbaycan Rusiyanın qonşusudur. Bu gerçəyi dəyişdirmək bizim imkanlarımız xaricindədir. Deməli, başımızın çərəsini qılmalıyıq. Bu çarəni siyasi iqtidarımız, necə deyərlər, «balanslaşdırılmış xarici siyasətdə» tapıb. Amma bir suala ağlabatan cavab verən yoxdur:»Bəs divar qurtarandan sonra hara gedəcəyik?»
Azərbaycan Rusiyanın bizə təzyiqini «balanslaşdıra» biləcək dış dəstəkdən imtina edir, özü də «balanslaşdırılmış xarici siyasət naminə».
İki gün öncə xarici işlər nazirimizin müavini Mahmud Məmmədquliyev bəyan edib ki, Azərbaycanın Avropa Birliyinə daxil olmaq fikri yoxdur. Guya biz Avropa Birliyinə daxil olmadan onun standartlarını tətbiq edəcəyik. Lap Norveç kimi. Çox inanmaq istərdim ki, Cənab Məmmədquliyevin bu bəyanatı Rusiyanı sakitləşdirməyə yönəlik taktiki bir gedişdir. Amma inana bilmirəm. Bax burda deyərlər ki, «inanan necə daşa dönməsin?!»
Yenə də keçmişdə tanınmış müxalif siyasətçilərdən birinin Heydər Əliyev haqqında söylədiyi bir fikir yadıma düşdü. İndi siyasətdən uzaqlaşdığı üçün adını çəkmək istəmirəm. İstisna etmirəm ki, vaxtilə müəəllifi olduğu bu fikrin bu gün yada salınmasını belə istəmir. Həyatdır da!!! İnsanlar fikirlərini dəyişə də bilirlər. Bir söhbət əsnasında özümə dost saydığım bu şəxs dedi ki, Heydər Əliyevin siyasətçi kimi maraqları ilə milli-dövləti maraqlar üst-üstə düşəndə bir dövlət başçısı kimi ona dünyada heç kim çata bilməz. «Amma təəssüf ki, bu maraqlar həmişə üst-üstə düşmür», — deyə fikrini tamamladı.
Haqqında danışılan şəxsin H.Əliyevlə bağlı fikirlərinin gerçəkliyi nə dərəcədə əks etdirməsinin heç bir önəmi yoxdur. Amma postsovet məkanında dövlət adamının siyasi maraqları ilə milli-dövləti maraqların üst-üstə düşməsi həlledici amillərdən biridir. Özü də Yanukovoçin timsalında bunun yalnız dövlətin gələcəyi baxımından deyil, həm də həmin siyasətçinin şəxsi aqibəti baxımından çox önəmli amil olduğunu görürük.
İndi keçək məsələnin məzğinə. ABŞ Dövlət Departamenti dünyada insan haqlarının durumuna dair illik hesabatını dərc edib. Azərbaycana həsr olunan bölmədə ölkədə ciddi problemlərin olduğu bildirilir. Hesabatdan, yəqin ki, hörmətli oxucunun xəbəri var. Ona görə də, üstündən keçirəm. Bircə onu demək lazımdır ki, onda bizim üçün ürəkaçan heç nə yoxdur.
Rəsmi Bakı ABŞ Dövlət Departamentinin (DD) illik hesabatına münasibətini bildirib. Virtualaz.org saytının xəbərinə görə, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib ki, bu sənəd «qərəzlidir və reallığı əks etdirmir». Söhbət hesabatın Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı hissəsindən getmir. Əslində cənab Məmmədovun bu məsələ ilə bağlı fikir bildirməsi daha məqsədəuyğun olardı. Amma…
N.Məmmədovun sözlərinə görə, ABŞ Azərbaycanda baş verən proseslərə hər hesabatda olduğu kimi bu dəfə də qərəzli yanaşıb:»Biz bu hesabatı qəbul etmirik. Bildiririk ki, həmin sənəd qeyri-obyektiv hazırlanıb. Orada insan haqlarının durumu, söz və sərbəst toplaşmaq azadlığı ilə bağlı əks olunanlar gerçəkliyə uyğun deyil. Həmin fikirlər Azərbaycandakı reallıqlar nəzərə alınmadan verilib. Təəssüf ki, biz ABŞ-ın ölkəmizə münasibətdə belə qərəzli yanaşması ilə tez-tez rastlaşırıq. Amerikanın Azərbaycana qərəzli münasibəti özünü Qarabağ məsələsində də göstərir. ABŞ Xocalı faciəsinə niyə hələ də qiymət vermək istəmir? Dövlət Departamentinin rəsmi nümayəndəsi xanım Psaki isə jurnalistlərin Xocalı soyqırımı ilə bağlı suallarına ümumiyyətlə məhəl qoymadı. Cənab səfir Morninqstar isə vasitəçi dövlətlərin Ermənistanı niyə təcavüzkar dövlət kimi tanımaması sualına belə cavab verdi ki, biz heç kimi təhqir edə bilmərik. Vaşinqtonun Qarabağ məsələsinə münasibəti bax budur. Biz bu qeyri-obyektiv mövqe ilə razılaşmamalıyıq. İndiki hesabat da bu mövqeyin davamıdır», — deyə N.Məmmədov bildirib.
Necə deyərlər, N.Məmmədov malı-mala qatır. Hətta hesabatda Dağlıq Qarabağın işğalı ilə bağlı ifadələrə belə məhəl qoymur. Çünki konkret halda onun bir iqtidar təmsilçisi kimi maraqları ilə milli-dövləti, toplumsal maraqlar arasında bir ziddiyyət yaranır. Nəticə etibarı ilə bizim avroatlantik məkana inteqrasiyamızı qeyri-mümkün, «balanslaşdırılmış xarici siyasət» yeritməyə məcbur edən və Rusiya ilə sonucu məlum dostluğa sürükləyən səbəb də budur …
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 496