Rusiya AŞPA-da rüsvay edilib: Onun hüquqlarını əlindən almaq kifayət deyil…
Rusiya AŞPA-da rüsvayçı bir durumla üzləşib. AŞPA-dakı qrupların hamısı Rusiyanın assambleyadakı bütün hüquqlarının əlindən alınmasını tələb ediblər. Ukraynalı deputat uca səslə deyib: “Rusiya öncə Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş təcavüzü dəstəkləyib, daha sonra özü Gürcüstan ərazilərini işğal edib, indi də Ukrayna ərazilərinin işğalı ilə məşğuldur”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında avstriyalı parlamentar Stefan Şennaxın hazırladığı “Əhəmiyyətli səbəblər üzündən Rusiya heyətinin təsdiq edilmiş səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi” adlı hesabatı ətrafında müzakirələr davam edir.
APA-nın xəbərinə istinadən, bu hesabat Rusiyanın Ukrayna ərazisini — Krım bölgəsini işğal etməsindən sonra assambleyanın üzvləri, britaniyalı parlamentar Robert Valter və danimarkalı Mikael Aastrup Jensen tərəfindən irəli sürülüb və bir çox deputatın imzaladığı təkliflər əsasında qurumun Monitorinq Komitəsi tərəfindən hazırlanıb. Hesabatın ilkin variantında əsas məqam sənədin 14-cü maddəsində əksini tapıb. Bu maddəyə əsasən assambleya Rusiyanın qurumdakı bütün səlahiyyətlərini saxlamaq qərarını versə də, onun 2014-cü ilin sonuna kimi səsvermə hüququ əlindən alınır. Lakin başda R. Valter olmaqla bir çox parlamentarlar Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiq olunması təklifi ilə çıxış edərək 14-cü maddənin tamamilə dəyişilməsini nəzərdə tutan bir neçə əlavə və dəyişiklik təklifi irəli sürüb. AŞPA-dakı plenar iclaslardan öncə qurumun Monitorinq Komitəsində bu mövzu ətrafında müzakirələr keçirilib və komitə Rusiya nümayəndə heyətinin yalnız səsvermə hüququnun alınmasına səs verib. Plenar iclasda isə əsas müzakirələr Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi məsələsi ətrafında gedib. Assambleyadakı siyasi qruplar adından çıxış edən parlamentarların hamısı Rusiyanın assambleyadakı bütün hüquqlarının əlindən alınmasını tələb ediblər.
Mikael Aastrup Jensen çıxışında Rusiyanın Ukraynanın Krım bölgəsini işğal edərək bu ölkənin daxili işlərinə qarışmaqla Helsinki Yekun Aktını, Budapeşt Memorandumunu və Avropa Şurasının təməl prinsiplərini kobud şəkildə pozduğunu söyləyib. O, Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqini təklif edib: “Rusiyaya qarşı sanksiya kimi bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququnun əlindən alınması kifayət deyil. Biz indi ikinci fazaya keçməliyik və ümumiyyətlə, Rusiyanın assambleyadakı bütün hüquqlarını və səlahiyyətlərini ləğv etməliyik”.
Ukraynalı millət vəkili Aleksandr Şevçenko çıxışında Rusiyanı qonşu ölkələrə qarşı təcavüzdə günahlandırıb: “Rusiya öncə Dağlıq Qarabağ məsələsində Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş təcavüzü dəstəkləyib, daha sonra özü Gürcüstan ərazilərini işğal edib, indi də Ukrayna ərazilərinin işğalı ilə məşğuldur”.
Müzakirələr zamanı Rusiyanın AŞPA heyəti zalı kirmişcə tərk edib.