Muəllif:

Rus Oleqlə Gülüstan sülhü söhbəti

Kim deyər, Gülüstan sülhü müsbət hadisə idi, mənfi? Çoxu, yəqin ki, o saat «mənfi» deyə cavab verəcək. Bu da təbiidir, çünki bizim artıq təhtəlşüurumuza yazılmış bir məsələdir. Gülüstan sülhü xalqımızı iki yerə böldü — deyə ağlaşma qurmağımızın xeyli tarixi var, Bəxtiyar Vahabzadənin «Gülüstan» poemasını bir dostumun dilindən hələ 70-ci illərdə tələbə vaxtı bir on iki vərəq dəftərə köçürmüşdüm və bir çox tələbələr kimi mən də əzbər bilirdim. Son iyirmi ildə bu mövzu siyasi yöndən daha da aktuallaşdı və Azərbaycan Türkünün tarixində fəlakətli hadisələrdən biri kimi tövsif olundu. Bu oktyabrda isə o tarixi hadisənin 200 illiyi söhbətləri vardı.
Xəzər Universitəsinin ənənəvi elm və sənət məclisində rus tarixçisi Oleq Kuznetsov bu mövzu ətrafında konfransa dəvət olunmuşdu, mən də orada idim, oturub dinləyir və bir araşdırmaçı olaraq mənə tanış olan bu mövzu ətrafında özüm üçün nələrisə yenidən kəşf edirdim. Bu, sözügedən mövzuya tamam başqa bir baxış idi və bu baxışlara bizimkilərin diqqət yetirməsi pis olmazdı…
Deyim ki, Oleqin «Gülüstan sülhü: 200 il sonra» adlı bir əsəri də var, rusların Qafqaz fütuhatı barədə digər əsərləri də bəllidir və bunlarla İRS dərgisindən tanışıq. Maraqlı idi — bu müqavilənin altında imzası duran tərəflərdən birinin oğullarının indi aradan 200 il keçəndən sonra o akta baxışları necədir? İranın çağdaş fars düşüncə mərkəzinin Gülüstan və Türkmənçay sülh müqavilələrinə münasibəti bəllidir — bunu ədalətsiz müqavilələr sayır və «bu tayda 17 şəhərimiz qalıb» deyə arabir biz tərəfə andırır və bu tərəfdən isterik cavablar eşidirlər. Bu yaxınlarda hətta Tehrandan bir deputat «İran parlamenti Gülüstan və Türkmənçay sülh müqavilələrini ləğv edəcək» (və avtomatik olaraq üç Güney Qafqaz dövləti və Dağıstan, onun düşüncəsinə görə, İran sayılacaqmış!) deyə misilsiz bir cəfəngiyatı mediaya fırlatmışdı.
Məhəl qoyulmağa layiq olmayan bu kimi sarsaq yanaşmaları bir kənara qoyaq. Bəs ruslar — keçmiş qaliblərin oğulları?
Oleq Kuznetsov da deyir ki, sovet tarixşünaslığında bu məsələ o qədər də qabardılmırdı, son 20 ildə rus tarixçiliyində də Azərbaycanda olduğu kimi bu məsələyə maraq artıb. O da etiraf edir ki, Gülüstan sülhü bugünkü Azərbaycanın bir çox geosiyasi problemlərinin səbəbidir. Fəqət onu da deyir ki, bu iki müqavilə XVIII-XIX yüzillərin ilk yarısında Britaniya, Fransa və Rusiyanın dünyanı öz aralarında müstəmləkələrə bölmək əsrində reallığa çevrilib. Yəni bu məsələ Avropanın o vaxtkı siyasi konyunkturasından kənarda gözdən keçirilə bilməz.
O, Gülüstan sülhündə Qərb izlərinə toxundu: Abbas-mirzənin ordusu ingilis silahı ilə silahlanmışdı, əyinlərindəki geyim belə ingilis parçasından idi, britaniyalı zabitlər onların sıralarında yer alırdılar. Bu müqavilənin mətnini də nə şahın vəkili Mirzə Əbdülhəsən xan, nə də Gürcüstanda Baş Komandan general Rtişşev tərtib ediblər. Nadir bir müqavilə aktıdır ki, onun stenoqramı yoxdur… Bu mətni Tehranda şah sarayında oturan bir ingilis lordu yazmışdı. Özü də elə yazmışdı ki, bir on ildən sonra yeni müharibəyə körpü salsın (belə də olub — məşhur «ingilis barmağı» buna deyirlər). Mirzə Əbdülhəsən xan və Rtişşev isə onu sadəcə imzalayıblar. Bunu şəxsən mən bilmirdim.
Səbəb — ruslar isti dənizlərə çıxmaq istəyir, Britaniya öz müstəmləkəsi olan Hindistanı itirəcəyindən qorxur və sərhədi Araz çayından çəkirlər. İngilis rusun İran körfəzinə çıxmasını istəmir, ruslar isə Araza qədər gəldiklərindən məmnun…
Kuznetsov bu tezisi müdafiə edir ki, Gülüstan sülhü yerli əhalini tam təmin edirdi, bu ekspansiyada Zaqafqaziya xalqları Rusiyanın tərəfini tutublar. Kuznetsov vurğulayır: ruslar buraya çox az qüvvə ilə gəlmişdilər, bəzən bir neçə polk… Doğru deyir, məgər bizim dədə-babalarımız bütöv süvari alaylar şəklində Abbas-mirzəyə qarşı döyüşlərdə rəşadətlə vuruşmayıblar, bir çox toqquşmalarda onların qoparağını götürməyiblər? Etiraz edən İran, Rusiya və Azərbaycan arxivlərinə baş vura bilər.
Kim başqa cür düşünür düşünsün, mənə görə, Şərq despotizmindən xilas olmağımızda, Abbas-mirzənin qovulmasında igidliklə vuruşmuş ata-babalarımızı iftixarla anmalıyıq.
Kuznetsov müqayisə aparır: Britaniya özündən on dəfələrlə böyük olan Hindistanı da çox az qüvvə ilə — 5000 əsgərlə tutmuşdu… Rusiya da çox cüzi bir qüvvə ilə gəlmiş və yerli yardımla tutmuşdu bu torpaqları. Azərbaycanın yerli hökmdarları — xanlar 1000 rus əsgərinə qarşı 5000 atlı çıxara bilmirdilər. Çıxara bilsəydilər belə, onların süvariləri nizami piyada əsgərlərin qarşısında heç nə idilər. Məgər belə deyildimi?
Kuznetsov Quzey Azərbaycan xanlıqlarını de-fakto müstəqil dövlətlər kimi qəbul edir — bütün atributları ilə bu, beləydi. Bura artıq İran deyildi, de-yure Qacarlara bağlı idik. Xanlıqlar müstəqil olsalar da, hərbi-texniki baxımdan zəif idilər, uğurlu xarici siyasət qurmaqdan uzaq idilər, dünyanın siyasi konyunkturasından xəbərsiz idilər. İran və Osmanlı özü isə bu əsnada bu aspektdə Avropadan 200 il geridə qalırdı. Bunu hələ o vaxtlar Rusiyaya əsir düşmüş yüksək rütbəli Osmanlı zabitləri rusların istəyi ilə yazdıqları memuarlarında da qeyd ediblərmiş.
Kuznetsovun «Gülüstan sülhü müstəqil Azərbaycanın tarix səhnəsinə çıxmasının təməlini qoyub» fikri zalda uğultu ilə qarşılandı… Stop. Bu müqavilə olmasaydı, biz bu gün İranın tərkibində kim və nə olacaqdıq? 30 milyonluq türk bu gün İranın tərkibində kim və nədir — 0. Bəlkə başqa cür olacaqdı?
Məgər biz general Rtişşevin imza atdığı bu müqavilədən sonra indiki sərhədlərimiz daxilində 100 illik zaman kəsimindəki dinc inkişafın nəticəsi olaraq ümmətdən millətə və dövlətə çevrilmədikmi? Gülüstan sülhü niyə tariximizdə mənfi rolda təqdim olunmalıdır? — kim bunu inandırıcılıqla sübut edər?
Nə isə, tarixə tarix kimi baxılmalıdır — işin əlifbası budur. Məni isə bizim alimlərin bu məsələ ətrafında təsəvvürlərinin bəsitliyi daha çox heyrətləndirdi. Orada olan alimlərin — hiss olunurdu ki, tarixdən yazıblar — cırnadıqlarını bir görən olaydı… Debatlara hazır deyillər. Sual verməyi bilmirdilər… Dolaşıq şərhlərə baş vururdular. Kuznetsov isə heç halını da pozmurdu.
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 308