Rəsulzadənin yubiley tədbiri üçün Əmircan və ya Qaraçuxur təklif edilib
Müsavat Partiyası paytaxt meriyasının paytaxtda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi üçün 500 nəfərlik yer verməkdən imtina etməsi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir:
“Müsavat Partiyası 16 yanvar 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubiley tədbirinin keçirilməsi üçün Bakı şəhərində yerləşən 500 nəfərin iştirak edə biləcəyi toplantı zalının ayrılmasını istəyib. Tədbirin 30 yanvar tarixində keçirilməsi nəzərdə tutulub. Yalnız dünən — 28 yanvar 2014-cü il tarixində günortadan sonra Bakı şəhər İcra Hakimiyyəti müraciətimizə cavab olaraq tədbirin keçirilməsi üçün Bakı şəhərinin ucqarında yerləşən -Əmircan və Qaraçuxur qəsəbələrindəki Mədəniyyət evlərini təklif edib. Əmircan qəsəbəsində yerləşən Mədəniyyət evinin rəhbərliyi ilə görüş zamanı onlar Bakı şəhər Turizm İdarəsinin rəisinin bu məsələyə razılıq verməsinin vacibliyini bildiriblər. Günün sonunadək bu məsələnin müzakirəsi üçün Bakı şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinin rəisi Zaur Ramazanovla əlaqə qurmaq mümkün olmayıb. Yalnız bu gün saat 1230 radələrində məsələnin müsbət həllinə nail olunub. Bu razılıqdan sonra məlum olub ki, Əmircan qəsəbəsində yerləşən Mədəniyyət evinin istilik sistemi normal fəaliyyət göstərmir…»
Partiya bunu Rəsulzadəyə və Cümhuriyyət dəyərlərinə ögey münasibət kimi görür. Yubiley tədbirlərinin keçirilməsi üçün Beynəlxalq Mətbuat Mərkəzinə olan müraciətimizə, əvvəlcə heç bir problem olmayacağı deyilsə də, sonradan yer ayrılmasından imtina edildiyi bildirilir.