Rəsulzadə — 130 törənləri çərçivəsində İstiqlal abidəsi önündə toplantı olub
Bu gün Azərbaycan Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə Bakıda İstiqlal abidəsi önündə rəsmi toplantı keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Mətbuat Şuranın sədri Əflatun Amaşov və dövlət qurumlarından bəzi şəxslər orada olublar.
Əbülfəs Qarayev deyib: “Rəsulzadə cümhuriyyətin qurucularından biri olmaqla Azərbaycanın istiqlal və müstəqillik ideyasını inkişaf etdirən və onu geniş kütlələr arasında təbliğ edən şəxsiyyətlərdən biridir. Bu gün tariximizə nəzər salarkən fəxrlə qeyd edə bilərik ki, Şərqdə ilk demokratik və parlamentli dövlət, eləcə də opera, teatr Azərbaycanda yaradılıb. Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara səsvermə hüququ verilib. AXC-nin ömrü qısa olsa da, çox böyük nailiyyətlər əldə edə bildi. Parisdə keçirilən beynəlxalq konfransda AXC-nin əksər dövlətlər tərəfindən tanınması isə xüsusi qeyd olunmalıdır”.
Qarayev əlavə edib ki, Rəsulzadə uzun illər Avropanın bir neçə ölkəsində sürgünlük həyatı yaşasa da, Azərbaycanla əlaqələrini kəsmədi, Vətəninin müstəqilliyi uğrunda fəaliyyətini davam etdirdi.
MEA prezidenti Akif Əlizadə bildirib ki, AXC dövrü Azərbaycanın tarixində çox mühüm bir mərhələni təşkil edir: «AXC-nin qurucularından olan Rəsulzadənin Azərbaycanda milli dövlətçilik şüurunun formalaşmasında və yaşadılmasında böyük xidmətləri olub». Rəsulzadənin böyük elmi irsinin olduğunu deyən MEA prezidentinin sözlərinə görə, azərbaycanlı alimlər, elm adamları bu irsin toplanması, tədqiqi və təbliği sahəsində geniş elmi iş aparırlar: «Aparılan bu elmi tədqiqat işləri AXC-nin qurucularının ideyalarının öyrənilməsinə, o cümlədən Rəsulzadənin və onun irsinin Azərbaycan cəmiyyətinə, yeni nəslə daha yaxşı çatdırılmasına xidmət edir».
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Rəsulzadə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biridir: “O, həm də böyük elm adamı, ictimai xadim, ədəbiyyatşünas, tarixçi və jurnalist idi. Rəsulzadənin 30-a yaxın mətbu orqanda 1200-dən çox məqaləsi çıxıb. Harada işləməsindən asılı olmayaraq, Rəsulzadənin tək amalı Azərbaycana xidmət etmək olub. Məhz buna görə də bu gün ona, onun Azərbaycan dövləti və xalqı üçün gördüyü işlərə çox yüksək qiymət verilir. Nə qədər ki, Azərbaycan dövləti var, nə qədər ki, Azərbaycan xalqı var, Rəsulzadənin əziz xatirəsi həmişə qəlblərdə anılacaq”.