Muəllif:

REKÜPİL və ya metalların ikinci həyatı

Avropada tullantılardan yenidən istifadə olunması sektorunun pionerlərindən biri olan Faruk Tecar hazırda Avropada və onun sərhədlərindən kənarda fəaliyyət göstərən REKÜPİL (fr.Récupyl) firmasının əsasını qoyub. Bu müəssisə innovasiya fəaliyyətinə gözəl bir nümunədir və müasir dön’min qarşıya qoyduğu problemlərə layiqincə cavab verir.

Belə bir müvəffəqiyyət fransız ali təhsilinin yüksək səviyyəsinə örnək olması ilə bərabər həm də dövlət yardımının effektliliyinə bir sübutdur.

Qrenobl Dövlət Politexnik İnstitutunda mühəndis diplomu almış, elektrokimya sahəsində əvvəlcə namizədlik, sonra isə doktorluq dissertasiyası müdafiə etmiş Faruk Tecar doğma vətəni Əlcəzairə qayıdaraq batareya və akkumulyator zavodunda əmək fəaliyyətinə başlayır. Sonralar böyüyüb başa çatdığı doğma Setif şəhərində əvvəlcə tədris və elmi tədqiqatla məşğul olur, sonra isə elektrokimiya tədqiqatları sahəsində Əlcəzairdə birinci elmi mərkəzin direktoru vəzifəsinə təyin olunur. 1990-cı ildə Qrenobl şəhərinə qayıdır və Dövlət Politexnik İnstitutunun materialların və interfeyslərın elektrokimyası və fiziki kimyası laboratoriyasında elmi işlə məşğul olur. “Həmin dövrdə ağlıma belə bir fikir gəlmişdi və həmişə öz özümə deyirdim: əgər insan batareyaları quraşdırmağı bacarırsa, deməli onları sökməyi də bacara bilər”.

Metallara ikinci həyat verməyi qarşısına məqsəd qoyan Faruk Tecar bu sahədə tədqiqatlarını davam etdirərək batareya və akkumlyatorın hazırlanmasında işlədilən materialların 98 faizini təkrar istifadə olunmaq üçün ayırılmasına müvəffəq olur. Ənənəvi termik texnologiyadan fərqli olaraq, hidro metallurgiyaya əsaslanan bu texnologiyanın orijinal xüsusiyyəti ondan ibarətdir ki, mexaniki və kimyəvi prosesləri özündə birləşdirərək, karbon qazının, dioksinlərin və digər zəhərli qazların ətraf mühitə atılmasının qarşısını əhəmiyyətli dərəcədə azaldır. Faruk Tecar Qrenobl Dövlət Politexnik İnstitutunda birinci patentini qeydiyyatdan keçirərək institutun dəstəyi və dövlət yardımı sayəsində 1993-cü ilin noyabrında özünün REKÜPİL firmasını yaradır.

Akkumulyator batareyalarının məcburi toplanması və təkrar emalına dair Avropa Birliyinin 2008-ci il tarixli direktivinin qüvvəyə minməsi firmanın fəaliyyətinin genişlənməsində mühüm rol oynayıb. Firma investisiya cəlb edir və beynəlxalq aləmdə akkumulyatorların təkrar istifadəsi üçün prioritet sayılan üç əsas zonada –Avropa, Asiya, Amerikada — fəaliyyət göstərir. Tullantıların yığılması həyata keçirilən ölkələrdə — Sinqapur, Çili, ABŞ, İspaniya, İtaliya və Polşada — firmanın avadanlıqları artıq quraşdırılıb.

Bazarın imkanları kifayət qədər genişdir: batareyalardan savayı REKÜPİL elektron şüalı cihazları, yastı televizor ekranlarını, kimyəvi emal dövründə ayrılan qazları emal etmək iqtidarındadır….Firmanın əsas məqsədi bir sıra strateji metalların, məsələn, litiumun toplanıb yığılmasıdır. Gələcək daha geniş perspektivlər vəd edir. Avropa Komissiyası 2020-ci ilədək enerji effektliyini 20 faiz yüksəltməyi və eyni zamanda istixana effektli qazların atmosferə buraxılmasını 20 faiz azaltmağı Avropa Birliyi üzvü olan ölkələrin qarşısına məqsəd qoyub.

Qeyd etmək lazımdır ki, hər il mobil telefonlar, notbuklar və MP3 pleyerlərin işinin təmin olunması üçün milyardlarla litium tərkibli akkumlayator batareyaları istehsal edilir. İstifadə müddəti başa çatdıqdan sonra onlar, tərkibində strateji materiallar olan tullantıya çevrilir və bu strateji materialların bir hissəsində ətraf mühit üçün çox təhlükəli olan elementlər var. Təbii sərvətlərin tükənməkdə olduğu bir dövrdə istifadədə olmuş batareyalardan əldə edilmiş materiallardan təkrar istifadə uzunmüddətli inkişafın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

Faruk Tecar bildirir ki, elə buna görə də REKÜPİL firmasının “ geniş istifadə olunan batareyaların və elektromobillərin akkumulyatorlarının sənaye miqyasında təkrar istifadəsi sahəsində lider olmasına can atması heç də təəcüblü deyil”. İxtiraçı ona “yardım edənlərin hamısına, xüsusilə də Ətraf mühitin qorunub saxlanması və enerji ehtiyatlarından səmərəli istifadə olunması Agentliyinə, həmçinin investisiyalar baş komissarlığına öz təşəkkürünü bildirir”. Firmanın fəaliyyətinin 35 faizi beynəlxalq aləmdə həyata keçirilir. Xarici bazarlara, xüsusən də dünyada litium batareyalarından ən çox istifadə olnan Çin və Yaponiya bazarlarına çıxmaqla bu göstəricilər daha da yüksələcək.

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 294