Muəllif:

Rauf Mirqədirov: “Bələdiyyə seçkiləri sanki prezident seçkilərinin nəticələrini müəyyənləşdirib”

Martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkiləri bu ilin avqustunda olacaq prezident seçkilərinə hazırlıq xarakteri daşıyırdı. Bu səbəbdən də bələdiyyə seçkilərində təbliğat-təşviqat işləri parlament seçkiləri  səviyyəsində aparıldı. Bu barədə “Ayna və Zerkalo” qəzetlərinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirov Turan-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, siyasi qalmaqallara, rüşvət və korrupsiya ilə bağlı ittihamlara baxmayaraq, hakim AKP (Adalet və Kalkınma Partiyası) seçkilərdə qalibdir.

Siyasi şərhçi hesab edir ki, siyasi qalmaqallar seçkilərə təsir edib, amma AKP-nin itkiləri gözlənildiyindən az olub. Siyasi qalmaqalların nəticəsində seçicilərin 90 faizi səsvermədə iştirak edib. Bu, Türkiyə üçün çox böyük rəqəmdir. “Amma 2011-ci il parlament seçkiləri ilə müqayisədə hakim partiyanın səsləri 5 faiz azalaraq 45 faizə enib. Bu 45 faiz AKP-nin kifayət qədər inandırıcı qələbəsini ehtiva edir. Seçkilərin nəticələri həmçinin prezident seçkilərinə təsir edəcək çox ciddi amildir. Sanki prezident seçkilərinin nəticələrini müəyyənləşdirib”, — qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, AKP həmçinin İstanbul və digər böyük şəhərlərdə seçkiləri udub. “İstanbulda CHP-nin (Cümhuriyyet Halk Partiyası) namizədi  hətta ötən seçkilərdəki nəticələrə belə nail ola bilmədi”, — o qeyd edib.

Bununla yanaşı İstanbul və Antalyada seçkilərin nəticələri mübahisəli olaraq qalır.

R.Mirqədirov özü seçkiləri müşahidə edib və seçkilərdə saxtakarlıqların olmasını mümkün hesab edir. “Mən özüm Ankaranın kənar yoxsul məhəlləsində Suriya qaçqınlarının səs verməyə cəhd etdiyinin şahidi oldum. Doğrudur, müşahidəçilər bunun qarşısını aldı, amma təşəbbüslər olub”, — o bildirib.

O, Pəcəb Tayyip Ərdoğanın prezident seçkilərində iştirak edəcəyinə işarə etdiyini deyib. “Bələdiyyə seçkiləri göstərdi ki, müxalifətdə olan CHP və MHP koalisiya qursaydılər bir sıra yerlərdə seçkiləri uda bilərdilər. Prezident seçkilərində bu iki müxalif partiya koalisiya qurub vahid namizəd irəli sürsələr fərqli siyasi situasiya yarana bilər”, — siyasi şərhçi belə düşünür.

R.Mirqədirov Türkiyədəki bələdiyyə seçkilərinin Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkisi prosesinə ciddi təsir edəcəyini düşünmür. “Azərbaycanda yaxın zamanlarda ictimai rəyin Türkiyədəki kimi əsas ictimai amilə çevriləcəyinə inanmaq düzgün olmaz”, — o qeyd edib.

Rəsmi məlumatlara görə, Türkiyədə seçicilərin 89,05 faizi bələdiyyə seçkilərində səs verib.

Hazırda səslərin 96,69 faizi hesablanıb. Nəticələrə görə, iqtidarda olan AKP səslərin 45,05 faizini, CHP 29,12 faizini, MHP 15,35 faizini və BHP 3,78 faizini toplayıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 185