Rasim Musabəyov: “Azərbaycan ehtiyatlı olmalı, hərbi müdaxiləyə rəvac verməməlidir”
Krımın Rusiyaya birləşdirilməsi o demək deyil ki, Moskva ərazi bütövlüyü ilə bağlı öz müqəddəratını təyinetmə prinsipini prioritet sayaraq beynəlxalq hüquqa münasibətini kardinal şəkildə dəyişib. Bu barədə parlamentin deputatı, politoloq Rasim Musabəyov Turan-a müsahibəsində bildirib.
“Əks halda, Rusiya Krımın ardınca Kosovo, Dağlıq Qarabağ və başqalarının da müstəqilliyini tanıyardı. Rusiya hesab edir ki, Qərb gücdən istifadə edərək beynəlxalq hüququ pozub və indi Moskva göstərdi ki, o da istədiyini edir”, — R.Musabəyov vurğulayıb.
Bununla yanaşı o, Rusiyanın Krıma qarşı hərəkətlərinin yeni dünya düzəninin, yeni beynəlxalq hüquq və münasibətlər sisteminin başlanğıcı olduğunu düşünmür.
Politoloqun fikrincə, dünya düzənini dəyişmək üçün Rusiyanın nə qüvvəsi, nə resursu, nə də ideologiyası yoxdur.
“Rusiya üçüncü dünya müharibəsinə başlaya bilər, ama “soyuq müharibə” apara bilməz. Bundan ötrü onun maliyyə resursları, siyasi blokları, alternativ ideologiyası yoxdur.
Politoloqun fikrincə, Rusiyanın hərbi potensialı ona öz ərazisi xaricində hərbi əməliyyatlar aparmağa imkan vermir və o, öz sərhədləri perimetrində hərbi əməliyyatlar keçirə bilər.
Bu, Azərbaycana qorxu yaradırmı? Belə vəziyyətdə Bakı özünü necə aparmalıdır?
R.Musabəyov bu sualın cavabında deyib: “Ehtiyatlı olmalıdır. Hərbi müdaxiləyə rəvac verməməlidir”.
Bununla yanaşı regional oyunçularla sıx münasibətlər qurulmalıdır: bu, Türkiyə ilə ənənəvi münasibətlər, Gürcüstanla münasibətlərin genişləndirilməsi, İranla əlaqələrin yaxşılaşdırılmasıdır. Qərbə gəlincə, o onsuz da Rusiyanı “cilovlamağa”, qarşısını almağa cəhd göstərir, lakin Rusiya ilə ilə hərbi qarşıdurmaya getməyəcək.
İndiki durumun Qərb və Rusiyanın ATƏT-in Minsk Qrupundakı əməkdaşlığına təsirinə gəlincə, politoloq nə Ollandın Fransada, nə də Obamanın ABŞ-da prezidentliyi dövründə Qarabağ nizamlanması üzrə “ciddi irəliləyiş” gözləmir.
“Amerikalı həmsədr Uorlik vaxtaşı olaraq Azərbaycana Dağlıq Qarabağla danışıqlar aparmağı təklif edir. Amma ümumiyyətlə, nəinki Dağlıq Qarabağla, heç Ermənistanla da danışıqlar aparmağa zərurət yoxdur. ABŞ və Fransa fəallıq göstərmirlər və mahiyyyətcə Rusiyanı dəstəkləyirlər. Belə olan vəziyyətdə Azərbaycan üçün ən yaxşısı Moskva ilə birbaşa danışıqlar aparmaq və qarşılıqlı kompromis axtarmaqdır”, — R.Musabəyov bildirib.