Ramaz Çanturiya: Azərbaycan çay bazarı Rusiya üçün çox cəlbedicidir
Rusiyanın çay və qəhvə ixracında Ukrayna hadisələri ilə bağlı problemlər yaşana bilər və onlar Ukrayna istiqamətində qablaşdırılmış çay göndərişinin ehtimali azalma risklərini nəzərə alırlar. Hesab edirlər ki, probemin qarşısını almaq üçün bu malın ixracını şaxələndirmək lazım gələcək. Onlar üzlərini güneyə çevirirlər və burada onlar üçün ən cəlbedici -Azərbaycan çay bazarı sayılır.
Ötən gün mətbuat konfransında Rusiya Çay və Qəhvə İstehsalçıları Assosiasiyasının (“Rusçaykofe”) baş direktoru Ramaz Çanturiya demişdir ki, hələlik Rusiyadan Ukraynaya çay göndərişində açıq təhlükə olmasa da, bazar iştirakçıları iki ölkə arasındakı münaqişə fonunda bu kimi riskləri nəzərə alırlar.
Rəqəmlərə görə, Rusiyadan ixrac olunan qablaşdırılmış çayın böyük payı – 64 faizi məhz Ukraynayadır. İkinci yerdə Qazaxıstan gəlir. Rusiya, ümumilikdə, ötən ilin yekunlarına əsasən, xarici bazarlara 8,5 min ton çay ixrac edib.
“Biz ümid edirik ki, Ukrayna bazarına ixracın azalmasını nəzərdə tutan neqativ ssenari reallaşmayacaq, lakin, məhz hazırda yeni bazarlarda aktivləşmək çox gərəkdir. Və burada bizim üçün ən cəlbedici Azərbaycanın çay bazarıdır”, deyə Çanturiya qeyd edib. Assosiasiyada əmindirlər ki, Azərbaycan istənilən halda, digər ixracçı dövlətlərin bazarlarındakı vəziyyətdən asılı olmayaraq, çox böyük maraq doğurur.
Rusiya şirkətləri ötən il Azərbaycana 134 ton çay ixrac etdikləri halda, Azərbaycandan bu ölkəyə 2,9 min ton çay (əsasən qablaşdırılmış Seylon çayı) ixrac olunub.
Çanturiya qeyd edib ki, Azərbaycanın çaya tələbatı 15 min ton olduğu halda ölkə plantasiyalarında cəmi 3 min ton çay istehsal olunur. Azərbaycan, Rusiya kimi, çay xammalını başqa ölkələrdən idxal edir. “Rosçaykofe”də hesab edirlər ki, Rusiya şirkətlərinin Azərbaycanda daha geniş təmsil olunmaları üçün bütün imkanlar var. Assosiasiyanın hesablamalarına görə, Rusiya şirkətləri Azərbaycana ildə 5-7 min çay ixrac etmək iqtidarındadırlar.
Çanturiyanın sözlərinə görə, Rusiya şirkətlərinin xarici bazarlarda iştirakını genişləndirmək məsələsi Assosiasiyanın Rusiya baş nazirinin müavini İqor Şuvalova ünvanladığı məktubda izah olunub. Lakin hökumət tərəfdən hələlik heç bir reaksiya verilməyib.