Quba Təhsil Şöbəsinin müdiri məhkəmədə cavab verəcək
Quba rayon Təhsil Şöbəsinin müdiri barəsində olan cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluq bildirir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Quba rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanovun qanunsuz hərəkətlərə yol verməsi faktlarına görə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla Aslanovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta diplomlar əsasında Quba rayon sakinlərinin rayonun orta və tam orta məktəblərinə müəllim təyin edilməsinə nail olmaqla həmin şəxslər tərəfindən keyfiyyətsiz tədris aparılmasında, həmçinin dövlət büdcəsindən təhsilin maliyyələşdirilməsi üçün ayrılmış 103 455 manat məbləğində vəsaitin əmək haqqı kimi onlara qanunsuz olaraq verilməsinə şərait yaradaraq təhsil sistemini nüfuzdan salan hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan, o, iş üzrə CM 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.