Qoy danışsınlar!
Bu nömrəni adəti üzrə həftəsonu deyil, həftəarası buraxırıq, çünki bayramdır — Novruz bayramı! Məmləkət əhli düz bir həftə bayram edəcək. Təki həmişə bayram olsun, amma aradabir işləmək də pis olmazdı.
İstanbuldan çox yaxın bir dostum telefon açmışdı. Soruşurdu ki, bayramları nə edəcəksən. Mən də dedim ki, həmişəki kimi. Dərindən köks ötürüb Türkiyədə Novruzla bağlı heç bir tətil-filan olmayacağını və Bakıdan ötrü burnunun ucunun göynədiyini söylədi və tezcə də əlavə etdi ki, Siz bayram eləyin, mən də Erdoğana baxım. Duruxduğumu hiss edib dedi ki, hansı kanalı, hansı saytı açırsan, ordan Erdoğan çıxır. Özü də yaman danışır. Güldüm və «görünür Brejnevin yerini tutmaq istəyir» dedim. Qımışıb qayıtdı ki, Brejnev rəhmətlik toya gedəsidi, çünki hər dəfə danışmırdı — bir Əfqanıstana qoşun yeridəndə danışmışdı, bir də Azərbaycana gələndə. Xeyli gülüşdük…
İndi Putin də Krıma qoşun yeridib. Özü də bu barədə danışıb, amma Brejnev kimi bir dəfə deyil. Erdoğan kimi. Özü də hələ də danışır. Danışa-danışa Krımı artıq Rusiyaya birləşdirib də. Qorxuram, indi Brejnev kimi o da Azərbaycana gəlsin və danışsın.
Bizimsə evimizi, deyəsən, pıçhapıç yıxacaq, lap elə Nikolayı yıxan kimi…
***
Keçən dəfə riyakarlıqdan və onun doğurduğu fahişə-kişilərdən yazmış və Gi de Mopassanın «Fahişə-kişilər» əsərini dilimizə çevirmişdim. Yazını oxuyanlar «yaman yazmısan», mən də cavabında «mən yox, Mopassan yazıb» deyəndə qayıdırlar ki, «tərcüməni ki, sən eləmisən». İndi dediyim odur ki, MTRŞ ötən həftə telekanallarımızdakı bir neçə verilişi bağlatdıranda, görünür, elə düşünüb ki, o verilişlərdə nümayiş etdirilən eybəcərliklər də verilişlər kimi yoxa çıxacaq. Belə olsaydı, nə varıydı ki, qəzeti bağlatdırırsan, yaxud jurnalisti döydürür, həbs etdirirsən, sonradan ağlı başına gəlir və yazmır. Beləliklə problemlər də yoxa çıxır, amma gerçək həyatdan yox, qəzet səhifələrindən. İndiki halda isə televiziya ekranlarından.
«Panem et circenses!», deyə Roma plebeyləri ağalarından çörək (bu halda əppək demək daha doğru olardı) və əyləncə tələbiylə bağırardılar. Amma tələbləri təmənnasız deyildi — müftə əppək və əyləncə əvəzində «qatığa qara» deməyə də hazırıydılar. Və istədiklərini alanda, deyirdilər də.
İndi biz də illərdir, bu prinsiplə hərəkət etmiş və düşünmüşük ki, camaata müftə əppək və bol əyləncə yedirtsək, problemlər çözüləcək. Amma bunun axırının nə olacağını bir o qədər də düşünməmişik. Millətsə bu müftə əppək və murdar əyləncəyə o qədər aludə olub ki, millətlikdən çıxıb olub qara kütlə. Kütlə isə əslində çox təhlükəli bir substansiyadır, lap elə şüşədən buraxılmış bədniyyətli cin kimi. İstədiyini almayanda, üzünü görməyəsən. İndi oğul istəyirəm, bu cini təzədən şüşənin içinə salsın.
Bir sözlə, indi bizim başbilənlərimiz əl-ayağa düşüblər ki, bəs qoymayın, mentalitetimiz əldən gedir. Gec deyilmi? İllərdir mütəmadi şəkildə yox etdiyimiz bir şey necə əldən gedə bilər axı? Arvadının oynaşıyla yataqda çıxardığı hoqqaları lentə alıb studiyaya göndərən adamdan, bağışlayın, çobandan, bundan artıq nə gözləmək olar? Bəlkə düşünürsünüz ki, arvadının qeyrətini çəkə bilməyən birisi millət, torpaq, vətən, dövlət qeyrəti çəkəcək?! Əsla! Düşmən gəlsə, o, dabanına tüpürüb «asta qaçan namərddir» deyə düz Bakıyacan qaçacaq. Bəs onda biz hara qaçmalıyıq? Yəqin ki, televiziya verilişlərinə…
Və elə bütün bunun nəticəsidir ki, ölkənin siyasi partiyası öz idarə heyətinin iclasında hakimiyyətə «məmurlar rüşvət almasın ki, övladları da harınlamasın» demək əvəzinə, «övladı harınlıq edən məmurlar işdən çıxarılsın» çağırışı ilə müraciət edir. Bax buna deyərəm mentalitet. Stalinin «oğul ataya cavabdeh deyil» kəlamının məntiqiylə düşünsək, ata da oğula cavabdeh deyil. Və oğul qəza törədirsə, buna görə atanı işdən qovmaq olmaz. Onu ancaq işinin öhdəsindən gəlmədiyi təqdirdə bu cür cəzalandırmaq mümkündür. Əslində isə anlamaq lazımdır ki, harınlayan övlad deyil, məmur-ata, yaxud anadır, çünki rüşvətxordur, korrupsionerdir, oğru və alçaqdır. Günahkarsa — milləti müftə əppək və diringi əyləncələrə öyrədən bizlərik. Çünki problemləri nə görmək istəyirik, nə də onlar barədə eşitmək. Elə çal-çağırdayıq.
Marazmatik sovet təbliğatının az qala bütün millət və dövrlərin ədəbiyyat incisinə çevirdiyi Brejnev rəhmətliyin «şedevral» trilogiyasından olan «Xam torpaq»da belə bir fikir vardı: «Çörək olsa, mahnı da olacaq». Brejnev olanda nə olar, maraqlı fikirdir. Çünki burda söhbət, hər halda, mən bunu belə qavramaq istəyirəm, MÜFTƏ ƏPPƏK və BAYAĞI ƏYLƏNCƏdən deyil, HALAL ÇÖRƏK və SAF NƏĞMƏdən gedir. Zənnimcə, mediaya qadağalar qoymaq və milləti Roma plebeyləri kimi müftə əppək və əyləncəyə öyrətmək əvəzinə, alın təriylə, ƏPPƏK deyil, məhz ÇÖRƏK qazanmaq imkanıyla təmin etmək gərəkdir. Belə olan təqdirdə MİLLƏT zümzümə edərək, sonunda özü oxuyacaq və həmin mahnı məhz MİLLƏTİN, yəni hamımızınkı olacaq. Ondan sonra Putin nə qədər istəyir, danışsın!
[email protected]