QMİ sünnizhəbləri sıxışdırır? Onların müftisi yoxdur?
İçərişəhər “Ləzgi” məscidi icmasının üzvləri cümə axşamı RATİ-də əhli-sünnə dini icmalarının son vaxtlar ciddi təzyiqlərə məruz qalmaları haqda mətbuat konfransı keçriblər. İcma təmsilçiləri son vaxtlar haqsızlıqlarla üzləşdiklərini iddia ediblər. Buna nümunə olaraq “Şəhidlər”, “Əbubəkr”, “Müşfiqabad” qəsəbə məscidlərinin bağlanmasını göstəriblər. Bu məscidlərin bağlanması əsassız adlandırılıb. Bütün bu bağlanmalara səbəb kimi həmin məscidlərdə məhz sünnilərin namaz qılamaları göstərilib. Bu məsdilərin qapadılmasında Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi rəhbərliyinin birgə addım atması da iddia edilib. Təmsilçilər həyat tərzlərində “Quran”ı və Mühəmməd peyğəmbərin (ə.s) söylədiklərinı əsas götürdüklərinə, şiələrdən fərqli olduqlarına görə təzyiqlərə məruz qaldıqlarını bəyan ediblər. İcma nümayəndələri KİV-lərin və cəmiyyətin onları “vəhabi, xəvaric, təkfirçi” adlandırmasına da etirazlarını bildiriblər.
Dini icmaların qeydiyyatı məsələsində şiə icmaların hamısının qeydiyyatdan keçdiyi, amma sünni icmaların keçmədiyi qeyd olunub. Bu addım sünni icmaların “axırına çıxmaq cəhdi” adlandırılıb. Dini icmanın rəhbəri Faiq Mustafa icmanın qeydiyyata alınmadığını deyib. Bunu və QMİ rəhbərliyinin icmanın qeidiyyatı ilə bağlı sənədləri dini komitəyə bilərəkdən təqdim etməməsilə əlaqələndirib.
Namazlar fərqli qılındığı üçün sünnilərin də şiə məscidlərində namaz qılmasının mümkünsüzlüyü iddia edilib. “Katolik, provoslav, protestant öz kilsəsində ibadət etdiyi kimi sünni və şiə də öz məscidində ibadət etməlidir, bütün dünyada necədirsə, bizdə də elə olmalıdır”, — deyə hüquqşünas Elman Osman ayrı-seçkilik mövqeyini ortaya qoyub.
Azərbaycanda sünnilərin əhalinin 35%-ni təşkil etdiyi iddia olunub. Bu artıma baxmayaraq, əhli-sünnə məscidlərinin artmadığı nəzərə çatdırılıb. Məscidlər az olduğundan evlərdə yığışdıqlarına görə polis təqiblərinə məruz qaldıqlarını bəyan ediblər. Ölkədə əhli sünnənin müfti rəhbəri olmadığı bəyan edilib. Ölkədə əhli-sünnənin rəhbəri sayılan Hacı Salman Musayevi qəbul etmədiklərini deyiblər.
QMİ rəhbərliyi şiə olduğu üçün əhli-sünnənin onları qəbul edə bilməsinin mümkün olmadığını vurğulayıblar. İcma təmsilçiləri kimlərinsə Suriyada döyüşməsi ilə bağlı QMİ-nin icmaya radikal adı yapışdırmaq cəhdini pisləyib. “İcma məscidə gələn şəxslə müqavilə imzalamır ki, ibadətdən sonra o, haraya gedəcək?” — deyə Suriyada döyüşənlərə görə icmanın məsuliyyət daşımadığı ifadə olunub. F.Mustafa Suriyada döyüşən şiələrin sünnilərdən dəfələrlə çox olması kimi bəyanat səsləndirib.
Mətbuat konfransında Salyanda bir neçə dindarın təzyiqə məruz qalması da açıqlanıb. Təzyiqə məruz qalan Salyan sakini Füzuli Ağalı bunu dini əqidəsilə əlaqələndirib. “Mən fars namazı yox, türk namazı qılıram, fars kimi namaz qıla bilmərəm, buna görə bizi məscidlərə qoymurlar”, — deyə bu şəxs dini savadısızlıq nümayiş etdirib.
İcma təmsilçiləri son olaraq dövlət başçısı İlham Əliyevin onlara qarşı təzyiqlərdən xəbərsiz olduğunu və səslərini mətbuat vasitəsilə ona çatdırmaq istədiklərini bəyan ediblər. Həm də dini komitənin icmanı qeydə alacağına ümid etdiklərini bildiriblər (Turan).