Muəllif:

Qızılgülün 9 yeni sortunu əldə edib: «Sənsiz», «Qaragilə», «Sarıköynək» …

Uzunmüddətli tədqiqatlardan sonra həmin sortları yaratmağa nail olan Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru Asəf İsgəndərov Trend-ə bildirib ki, bu sahədə tədqiqatlar aparmağa 2006-cı ildən başlayıb və bu yaxınlarda yeni qızılgül sortlarının əldə edilməsi ilə bağlı müsbət nəticələrə nail olub. Xarici ölkələrin qızılgül sortlarının tozlandırılması nəticəsində əldə edilən yeni sortlar «Sənsiz» (Üzeyir Hacıbəyovun «Sənsiz» romansının adına verilib), «Nizami Gəncəvi», «Odlar Yurdu», «Şərqin səhəri», «Abşeron simfoniyası», «Qaragilə», «Köhnə Bakı» (qədim qızılgül sortlarına oxşayır), «Sarıköynək» və «Ulduzlu Xəzər» adlanır. Bu bitkilərin yarpaqları, ləçəkləri və tikanları onların çarpaz olunduğu güllərdən tamamilə fərqlənir.

İsgəndərov deyib ki, qızılgül kolleksiyasında dekorativ göstəriciləri yüksək olan sortlara yaxşı aqrotexniki qulluq göstərilsə də, onlar Abşeron şəraitində xəstəliklərə asan tutulur, qızmar yay istilərinə və quraqlığa davam gətirmir və yaxud yeni şəraitə uyğunlaşa bilməyərək quruyurlar. Yeni sortlar isə Azərbaycanın, xüsusilə Abşeronun iqlim şəraitinə tam uyğundur. Bu güllər quraqlığa və qızmar yay istilərinə davamlı olmaqla yanaşı, bol və fasiləsiz çiçəkləyir, onların xəstəlik və ziyanvericilərə qarşı immunitetləri var.

Azərbaycanda ilk dəfə olaraq üç yeni qızılgül sortu («Əsrin Müqaviləsi», «Sarı Gəlin» və «Nazpəri») əldə edən və bunlar üçün patent alan müəllif yeni sortlar üçün də müəlliflik şəhadətnaməsi almaq üçün Azerbaycan Respublikası Kənd Təsərrufat Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına müraciət edəcək.

İsgəndərov deyib ki, müasir yaşıllaşdırmada, bəzək bağçılığında, eləcə də kosmetika və yeyinti sənayesində istifadə olunan bitkilər arasında Rosa L cinsinin müxtəlif növlərinin və onların yüksək dekorativ və efir yağlı sortlarının xüsusi yeri var. Belə ki, şəhər və qəsəbələrin, park və xiyabanların yaşıllaşdırılmasında, eləcə də həyətyanı və bağ sahələrinin abadlaşdırılmasında qızılgül sortlarına daha çox ustünlük verilir.

Bu baxımdan inkişaf etmiş ölkələrdə qızılgüllərin örtülü və açıq iqlim şəraitində becərilməsinə, introduksiya olunmasına və seleksiyasına daim diqqət və qayğı göstərilir: «Azərbaycanda qədim zamanlardan bəzək bağçılığından başqa qızılgülün ləçəklərindən gül yağı (ətriyyat), gül suyu (gülab), şərbət, mürəbbə hazırlanıb və bu ənənə indi də davam edir. Respublikada sənaye əhəmiyyətli gülçülük təsərrüfatlarından ötən əsrin 50-ci illərində Zaqatala şəhərində gül yağı istehsal edən müəssisə və Abşeronda Şüvəlan gülçülük sovxozu yaradılıb, 90-cı illərdə yüksək rentabelliyə baxmayaraq müəyyən səbəblər üzündən fəaliyyətini dayandırıblar. Yeri gəlmişkən, qeyri-neft sektorunu inkişaf etdirmək baxımından və Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Zaqatala bölgəsi üçün efir yağlı gülçülük təsərrüfatının bərpası və genişləndirilməsi iqtisadi baxımdan çox əlverişli olardı. Son illərdə bəzi iş adamları tərəfindən xarici ölkələrdən respublikaya 100 minlərlə əkin materialları, o cümlədən qızılgül çeşidləri gətirilib realizə edilir. Onların əksəriyyəti ölkəmizin iqlim-torpaq şəraitinə uyğunlaşa bilmədiyindən, tezliklə məhv olur və ya müxtəlif xəstəliklərə məruz qalaraq dekorativliyini itirir».

İsgəndərovun sözlərinə görə, Mərkəzi Nəbatat Bağında Rosa L. cinsinin öyrənilməsi sahəsində çoxillik təcrübə və müşahidələr göstərir ki, xarici ölkələrin kultivarları ilk növbədə yerli şəraitə iqlimləşdirilməlidir. Bu mərhələni keçdikdən sonra bitkilər yeni şəraitə daha asan adaptasiya olurlar.

Bütün bunları nəzərə alaraq, Nəbatat Bağında keçən əsrin 70-ci illərindən başlayaraq respublikada yayılan və xarici ölkələrdən gətirilən Rosa L. cinsinin müxtəlif bağ qruplarına mənsub olan növ və sortlarının introduksiyası həyata keçirilir. Hazırda Nəbatat Bağının qızılgül kolleksiyasında 500-dən artıq növ və sortlar üzərində müşahidələr aparılır. Kompleks bioloji və təsərrüfat əhəmiyyətli əlamətlərinə görə — gülünün və kolunun yüksək dekorativ keyfiyyətləri, uzun müddət fasiləsiz çiçəklənməsi, xəstəliklərə davamlılığı ilə digərlərindən daha çox fərqlənməsi nəzərə alınmaqla 165 qızılgül sortu müəyyən edilib.

İsgəndərov onu da əlavə edib ki, seleksiya üsulu ilə yetişdirilmiş yeni qızılgül sortlarını regional və beynəlxalq gül sərgilərində nümayiş etdirmək lazımdır: «Bu sortları dünya kataloqlarına daxil etdirmək üçün onlara yüksək aqrotexniki qaydalara uyğun olaraq qulluq göstərilməli, açıq və örtülü şəraitdə sınaqdan keçirilməlidir. Yəni, qızılgül torpağa, suya, işığa, üzvi və mineral gübrələrlə qidalanmağa tələbkar bitkidir. Təəssüf ki, bütün bu işlərin yerinə yetirilməsi baxımından Mərkəzi Nəbatat Bağında problemlər çoxdur və bu işlərdə yardıma ehtiyacımız var».

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 209