Qiymətli metal və daşlarda saxta ad və əyar damğaları aşkarlanıb
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən yanvar ərzində «Qiymətli metallar və qiymətli daşlar haqqında» qanunun tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə 8 yoxlama aparılıb. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 2 307 ədəd məmulatın Xidmətə gətirilməsi təmin edilib.
Gətirilməsi təmin edilmiş məmulatların üzərində mənşəyi məlum olmayan saxta ad və əyar damğalarının izləri müəyyən, əyarların və üzərində göstərilən əyardan aşağı əyar olduğu aşkar edilib. Həmin məmulatların üzərində saxta ad və əyar damğalarının izləri təmizlənib və onlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Nəzarət işləri zamanı Xidmətə gətirilməsi təmin edilmiş dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 23 070 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.
Yanvarda yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 8 qərar çıxarılıb və ümumilikdə 6 400 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü il yanvar ayında 114 445 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.