Muəllif:

Qırıq Pəncərələr

İstanbul

«Əgər bir şeyi səhv etmək mümkündürsə, o səhvi edəcək adam hər zaman tapılır»
Merfi qanunu

Qırılmış Pəncərələr nəzəriyyəsi ilk dəfə britaniyalı Ceyms Uilson və Corc Kellinq tərəfindən ortaya atılıb. Bu nəzəriyyəyə görə, evin pəncərəsinin şüşəsi qırılıbsa və yenisi salınmayıbsa, onda çox yaxında bir dənə də salamat pəncərə qalmayacaq. Bir pəncərənin şüşəsini qırmaq digərlərinin də qırılmasına səbəb olur. Başqa sözlə, intizamsızlıq, itaətsizlik və qəbul edilmiş davranış qaydalarına riayət etməmək digər insanları da bu qaydaları pozmağa həvəsləndirir. Nəticədə, o məhəllə qısa bir zaman içində dərəbəyliyə çevrilir.
İkisi də kriminalist olan C. Uilson və C.Kellinq hər cinayətin səbəbini qayda-qanunun, nizam-intizamın olmamasında görürlər. Əgər qırıq pəncərənin şüşəsi tezliklə salınmasa, cəzasızlıq sürətlə yayılaraq, qarət, talan, soyğun kimi daha ciddi kriminal hadisələrlə əvəz olunacaq. Kanadalı sosioloq Malkolm Qladuell qanunların daha çox «zatı qırıq» insanlar tərəfindən pozulduğunu söyləyir. Belə insanlar onları əhatə edən neqativ faktorların təsiri altına daha asan düşərək, «pis örnək başqasına tez keçir» deyiminin nə qədər doğru olduğunu sübut edirlər.
Qırılmış Pəncərələr nəzəriyyəsi ilk dəfə praktikaya 1980-ci illərin ortalarında Nyu-York metrosunda tətbiq edilib. Metropolitenin yenicə təyin olunmuş müdiri Devid Qann vaqonlardakı yazıları — qraffitiləri təmizləməkdən başlayıb. Halbuki o vaxt şəhərin yeraltı stansiyaları cinayətkarların əlindən keçilməz idi. Bununla mübarizə aparmaq, texniki problemləri həll etmək yerinə D.Qann işinə qatarlardakı qraffitiləri təmizləməklə başlayır. «Qraffitilər sistemin çöküşüdür» deyə israr edən müdir əlavə xərclərdən çəkinməyərək gündə bir neçə dəfə — qatarların son stansiyaya gəlməsi ilə vaqonları tək-tək yuduzdurub, tər-təmiz hala gətizdirirmiş. Çox keçmədən vaqonların divarlarındakı qraffitilər, biədəb söz və söyüşlərin kökü kəsilir.
Nəzəriyyənin effektini görən metropolitenin polis rəisi Uilyam Bratton da onu öz işində tətbiq etməyə başlayır. Yeraltındakı ən kiçik qanunsuz hərəkətin, xırda xuliqanlığın, kiçicik konfliktin qarşısı anında alınır. Bir müddət sonra Nyu-York metrosunda cinayətkarlıq və ictimai asayişi pozma halları minimuma enir. Şəhərin əfsanəvi meri, «Nyu-Yorku Nyu-York yapan» Rudolf Culiani Brattonu şəhər polisinin şefi vəzifəsinə yüksəldir, ona «Qırılmış Pəncərələri» tətbiq etmək üçün geniş səlahiyyətlər verir. Küçələri sidik qoxan, zibili vaxtında atılmayan, sərxoş və narkomanlardan keçilməyən ən kənar gettolar belə nəzarət altına alınır. Və 1990-ların başında Nyu-York Amerikanın ən təhlükəsiz, asayişin bərkamal olduğu şəhərə, nümunəvi meqapolisə çevrilir…
***
Türkiyə nifrət, dözümsüzlük, kin dağarcığına çevrilib. Ətraf barıt çəlləkləri ilə doludur sanki, partladı, ya da partlayacaqlar. Baş verənləri anlamaq olmur. Özəl Səlahiyyətli Məhkəmələr qurulub onlarla generalı, partiya liderini, siyasətçini, qəzetçini, ictimai xadimi «Ergenekonçu» deyə məhbəsə atanlar bu gün onları azadlığa buraxırlar. Dünən hakim idilər, hökm verirdilər, indi isə onların vəkili olublar. Terrorla mübarizə aparmış, həyatının yarısından çoxunu dağda-daşda, səngərdə keçirmiş Baş Qərargah rəisi «terrorçu» deyə ömrünün ahıl çağında həbsxanaya atılmışdı.
«Prokrustun yatağı» kimi qanunları, məhkəmələri, cinayət məcəllələrini «öz boylarına» görə dəyişdiriblər. Son hadisələrdən sonra da tək qalmasınlar deyə o vicdan məhbuslarını sərbəst buraxdırıb, onlardan mədət umurlar. Halbuki hüquq dövlətindən, Atatürk Cümhuriyyətinin prinsiplərindən ən kiçik sapmada həyəcan təbilləri çalınmalı, «çilik-çilik olmuş» ədalətin «qırıqları» anındaca bərpa edilməli idi.
Etmədilər, «Süleymana qalmayan dünyanın» onlara qalacaqlarını, hər şeyin qol-qanadını qırıb, uzadıb, deforme edib öz ölçülərinə gətirmək istədilər. Bir də ayıldılar ki, qalıblar təkcənə. Obama yalanlarını ifşa edir, Avropa Parlamenti tarixinin ən ağır Türkiyə hesabatını açıqlayır, ingilis mətbuatı isə «Hakim-i Mütləqə» Berluskoni, Çaves və Putinin birləşməsindən ibarət hibrid deyir.
Oysa, hər şey o qədər yolunda gedirdi ki. Sadəcə, o qırılmış şüşəni vaxtındaca yenisi ilə dəyişmək lazım idi…
M.Bulqakovun «İt ürəyi» əsərindəki professor Preobrajenskinin sözləri gəldi ağlıma — «Dağıntı klozetlərdə deyil, beyinlərdədir»…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 765