Muəllif:

QHT-lərsiz vətəndaş cəmiyyəti ideyaları gerçəkləşə bilməz

Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu strukturda qeyri-hökumət təşkilatları (QHT-lər) mühüm yer tutur və onun vətəndaş cəmiyyətinin yaranmasında, formalaşmasında və inkişafında rolu danılmazdır. Əslində, vətəndaş cəmiyyətini qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil. Vətəndaşların əsas tələbatları və istəkləri əvvəlcə, məhz, QHT-lər vasitəsi ilə formalaşmış görkəm alır. QHT-lər vətəndaş cəmiyyəti fəlsəfəsinin, onun ideyalarının həyata keçməsində mühüm rol oynayır. QHT-lərsiz bu fəaliyyət çətin məsələ olardı.
Bəs ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda və onun inkişafında gənclər QHT-lərinin nə kimi rolu var? Nəzərə alsaq ki, gənclər hər bir cəmiyyətinin fəal və aparıcı qüvvəsidir, onda bu mövzu daim öz aktuallığını saxlamış olur. Onu qeyd edək ki, bu gün Azərbaycan gəncliyi cəmiyyətin sosial, ictimai-siyasi həyatında aparıcı qüvvə hesab olunur və yüzlərlə Azərbaycan gənci dövlətin tərəfdaşlıq proqramları çərçivəsində xarici ölkələrdə təhsil alır, təhsilini bitirdikdən sonra ölkəmizə qayıdaraq müxtəlif dövlət qurumlarında əmək fəaliyyətinə cəlb olunur. Hazırda yürüdülən kadrları gəncləşdirmə siyasəti nəticəsində heç şübhəsiz dövlət qurumlarında yüksək vəzifələrdə gənclərin sayı xeyli artmaqdadır. Bundan başqa, dövlət gənclər proqramlarının hazırlanması işinə fəal gənclərin, Tələbə Gənclər Təşkilatlarının rəhbər nümayəndələrinin bilavasitə cəlb olunması, onların təklif və rəylərinin proqramların hazırlanmasında nəzərə alınmasıdır. Bu proqramların qəbulu və tətbiqi sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətinin reallaşdırılmasında iştirakının hüquqi bazası genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilməkdədir.
Onu da qeyd edək ki, 2011-ci ildə qəbul olunmuş «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» dövlət gənclər proqramında gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının genişləndirilməsi barədə xüsusi bənd mövcuddur. Gənclər üçün çox önəmli haldır ki, gənclərin təklifləri və təşəbbüsləri müvafiq dövlət orqanları tərəfindən nəzərə alınaraq həyata keçirilir və dəstəklənir.
Son illər Gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması məqsədilə gənclər təşkilatlarının bir neçə sərgisi keçirilmişdir. Bu kimi sərgilər, ölkə vətəndaşlarının gənclərin fəaliyyəti barədə məlumatlandırılmasına, gənclərin ictimai fəaliyyət və sosial məsuliyyətə, eləcə də, gənclər təşkilatları ətrafında sıx birləşməsinə stimul yaradır.
Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması Azərbaycanın və Cənubi Qafqazın ən böyük gənclər qurumlarından biri kimi — Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı üçün də prioritet istiqamət olaraq qalmaqdadır. İttifaqdan bildirdilər ki, cəmiyyətdəki gənc liderlərin aşkar olunması və vətəndaş cəmiyyətinin inkişafına onların töhfəsinin təmin olunması məqsədilə hər il ATGTİ tərəfindən yay və qış liderlik məktəbləri layihələri həyata keçirilməkdədir.
Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə geniş təmsil olunur. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60%-dən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 28%-i, yəni 4303 nəfəri gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir. Eyni zamanda, gənclər sektorunun fəal nümayəndələrindən bir neçəsi Milli Məclisə deputat, QHT-lərə Dövlət Dəstəyi Şurasına üzv seçilmiş, dövlət başçısının qərarı ilə dövlət qurumlarına mühüm vəzifələrə təyin olunmuşdur. Bütün bunlar bir daha gənclərin idarəetmə proseslərinə faəl cəlb olunmasının sübutudur.
Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılının fikrincə, ümumiyyətlə, vətəndaş cəmiyyətinin bir tərkib hissəsi olaraq gənclər QHT-lərinin də cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırmasından ibarətdir. Ölkəmizdə fəaliyyət göstərən gənclər QHT-ləri əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadi və sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya və digər sahələrdə fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirirlər. Onlar əhalinin qeyd olunan sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində bu layihələr vasitəsilə kömək etməyə çalışırlar. Statistikaya görə, 2013-cü ilə kimi 236 gənclər QHT-si Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Müqayisə üçün deyək ki, bu rəqəm 2003-cü ildə 51 olmuşdur.
Bu gün gənclər QHT-lərinin layihələrini dəstəkləyən əsas donorlar Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasıdır.
Son illərədək digər QHT-lər kimi gənclər QHT-ləri layihələrinin əsas donorları arasında beynəlxalq donorlar üstünlük təşkil edirdisə, hazırda bu nisbət yerli donorların hesabına dəyişmişdir. Bir sıra statistik məlumatlara nəzər salmaqla bunu aydın görə bilərik. 2006-cı ildə Azərbaycan gənclər QHT-lərinin 28 layihəsi Avropa Gənclər Fondu, 12 layihəsi Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənib. 2007-ci ildə bu nisbət bir-birinə yaxın olmuşdur. 28 layihə Avropa Gənclər Fondu, 27 layihə isə Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənmişdir. 2008-ci ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlaması ilə digər QHT-lərlə bərabər gənclər QHT-lərinin də fəaliyyətində mühüm dönüş yarandı. Həmin ildə QHT-lərə Dövlət Dəstəyi Şurası gənclər QHT-lərinin 41, Gənclər və İdman Nazirliyi 14, Avropa Gənclər Fondu isə 33 layihəsini dəstəkləmişdir. 2009-cu ildən gənclər QHT-lərinin maliyyələşdirilməsində yerli donorların çəkisi daha da artmış və bu üstünlük bu günə qədər qorunub saxlanılır. Avropa Gənclər Fondunun dəstəklədiyi layihələr isə azalmışdır. 2012-ci ildə Gənclər və İdman Nazirliyi gənclər QHT-lərinin 120, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 47, Avropa Gənclər Fondu isə cəmi 4 layihəsinə maliyyə yardımı ayırmışdır. Bötövlükdə isə 2012-ci ildə Gənclər və İdman Nazirliyi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Avropa Gənclər Fondu tərəfindən dəstəklənmiş gənclər QHT-lərinin layihələrin sayı 171, dəstəklənmiş layihələrin ümumi məbləği 4.249.034 manat olmuşdur.
2012-ci ili isə gənclər QHT-ləri üçün vətəndaş cəmiyyətinin quruculuğunda və inkişafında mühüm dönüş ili saymaq olar. Məhz, həmin ildən Azərbycan gəncliyinin innovativ potensialından geniş istifadə etmək məqsədi ilə Azərbaycan Gənclər Fondu fəaliyyətə başladı. Qeyd edək ki, fəaliyyətə başladığı andan Azərbaycan Gənclər Fondu məqsədlərinə uyğun olaraq gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən, beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirməyə başladı.
Elməddin Hacılı bir məqamı da xüsusi vurğulayır ki, Azərbaycan Gənclər Fondunun yaradılıması, ötən ildə hazırlanan və təsdiq olunan «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramında nəzərdə tutulub. Gənclər Fondunun əsasnaməsində gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən, beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək kimi öz əksini tapan maraqlı məqamlar bu gün praktiki olaraq icra olunmaqdadır. Gənclər Fondu elan etdiyi müsabiqələrlə gənclərin və gənclər təşkilatlarının ideya və təşəbbüslərinin reallaşmasına dəstək göstərməkdədir. Azərbaycan Gənclər Fondunun fəaliyyətə başlaması gənclər QHT-ləri üçün müxtəlif yönümlü ideyaların dəstəklənməsinə, onların vətəndaş cəmiyyəti quruculuğu istiqamətində yeni imkanlar yaratmış oldu.
Yəni Gənclər Fondu gənclərin inkişafına yönəlmiş yenilikçi bir ideya olaraq müxtəlif layihələr vasitəsilə gənclərin peşəkar idarəetmə, liderlik bacarıqlarının və biliklərinin artırılması, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb edilməsi və gənclərin sosial problemlərinin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi üçün imkanları daha da təkminləşmiş oldu. Qeyd edək ki, Gənclər Fonduna 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılmışdır. Gənclər Fondu Müşahidə Şurasının qərarına əsasən A kateqoriyası üzrə 104, B kateqoriyası üzrə 16, C kateqoriyası üzrə isə 9 layihə seçilmişdir. D kateqoriyası üzrə 17 nəfər gənc beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Ümumilikdə, layihə müraciətlərinə əsasən fərdi gənclər və QHT-lər tərəfindən təqdim olunan ayrılan layihələrə Müşahidə Şurasının qərarına əsasən məbləğ 1 920 820 olmuşdur. Və gənclər QHT-lərinin ötən ildə dəstəklənən layihələrinin həyata keçirilməsi cəmiyyət tərəfində müsbət qarşılanmış, eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafına bir töhvə olmuşur. 2013-cü il üzrə statistik göstəricilər ötən illərdən yüksəkdir.
Göründüyü kimi, gənclər QHT-lərinin vətəndaş cəmiyyətinin inkişafında atdıqları hər bir addımın yerli donorlar tərəfindən dəstəklənməsi gənclərin cəmiyyətdə özünü müəyyənləşdirmə, iqtisadi cəhətdən fəallıq və sərbəstlik və aid olduqları icmaların sosial və iqtisadi inkişafında fəal iştirakının təmin edilməsi üçün müvafiq bilik, bacarıq və münasibətlər aşılanmasına mühüm təsir göstərmiş oldu.
Onu da qeyd edək ki, 2013-cü ilin aprelində Prezident yanında Gənclər Fondu Müşahidə Şurasınən qərarına əsasən gənclər QHT-lərinin və fərdi gənclərin A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilmişdir. Bu layihələrin maliyyələşdirilməsinə cəmi 1 389 740 manat vəsait ayrılmışdır. Bu il, eyni zamanda, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 49 gənclər QHT-sinin layihəsini dəstəkləyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 271