Muəllif:

«QHT-lər «başqa planetdən gəlməyiblər!»

Prezident İlham Əliyev «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» qanunu imzalayıb. Qanunun qəbulu çoxsaylı QHT-lər tərəfindən tənqidlə qarşılanıb və vətəndaş cəmiyyətinin fəaliyyətinin zəifləməsinə yönəldiyi qeyd edilib.
MM dekabrın 17-də vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında», «Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında», «Qrant haqqında» qanunlara və «İnzibati Xətalar Məcəlləsi»nə 8 əlavə 50-dək düzəliş edib. Əlavələrin 7-si cərimələrin artırılması, 1-i QHT-lərin fəaliyyətinin 1 il müddətinə dayandırılması ilə bağlıdır. Bu dəyişiklikdə, hüquqi şəxslər üçün müəyyən edilən cərimələrin ümumi məbləği 8, fiziki şəxslər üçün isə 3 min AZN olub.
Uşaq Hüquqları üzrə QHT Alyansının milli koordinatoru Nabil Seyidov QHT-lərin bu günkü durumu və dəstəklənməsi ilə bağlı mülahizələrini AYNA-nın oxucuları ilə bölüşür:
— QHT Şurası nə müddətdən bəri fəaliyyət göstərən, beynəlxalq təşkilatların dəstəyi ilə layihələr həyata keçirən və dövlətin iri proqramlarına yardım edən QHT-lərə maliyyə dəstəyi ayırmaqla bu proqramların icrasına böyük töhfə vermiş olar. Digər tərəfdən, qanunlardan irəli gələn məsələlərin icrasında və QHT fəaliyyətinin təkmilləşməsində QHT-lərə texniki dəstək verməyə çalışmalıdır.
QHT-lərə dəstəkdə ikinci mexanizm Azərbaycan Gənclər Fondudur. Gənclərlə işləyən təşkilatları gücləndirmək, gənclərə diqqəti artırmaq baxımından çox önəmli bir qurumdur. 2011-ci ildə yaradılmasına baxmayaraq xeyli nailiyyətləri var. Avropa Gənclər Fondunun maliyyələşdirmə mexanizmlərindən istifadə edir. Oxşar mexanizmlərin yaradılması, gənclər təşkilatları ilə yanaşı fərdi qaydada müraciət gənclərin müstəqil layihələrinin dəstəklənməsi çox müsbət haldır. Gənclər Fondu həssas problemlərin həllində iştirakdan da boyun qaçırmır. Bu, təqdirəlayiqdir və vətəndaş cəmiyyətinin inkişafına böyük dəstək vermiş olur. Ümumiyyətlə, əminəm ki, Gənclər Fondu gənclər təşkilatlarının və aktiv gənclərin fəaliyyətinə bundan sonra da dəstək verəcəkdir.
— Dövlətin yerli və mərkəzi qurumlarının QHT-lərlə əməkdaşlığı nə səviyyədədir?
İki qurum — QHT Şurası və Gənclər Fondu — QHT-lərin fəaliyyətinə dəstək verir. Amma məsələ ondadır ki, QHT-lərə Dövlət Dəstəyi Şurası və Azərbaycan Gənclər Fondu daha çox donor təşkilatlardır. Onlar QHT-lərin inkişafı üçün tələb olunan bir neçə sütundan yalnız birini təşkil edir. QHT-lər proqramların icrasında dövlət qurumları ilə əməkdaşlıq etməli və dövlətin sosial, təhsil, iqtisadi, mədəni, səhiyyə ilə bağlı proqramlarına qatılmalı və icrasına töhfə verməlidir. Bir təqdirəlayiq yenilik kimi, 2012-ci ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, sosial xidmətlər göstərən QHT-lərə maliyyə vəsaiti ayırıb. Prezidentin müvafiq sərəncamına əsasən, 17 sosial xidmət mərkəzinə (14 QHT-yə) maliyyə dəstəyi göstərilib. Burada nazirlik bir daha dövlət tərəfindən donor qismində çıxış edir və QHT-lərin sosial xidmətlərini dəstəkləmiş olur.
Lakin QHT-lərlə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlıq hələ də zəifdir. Nə üçünsə düşünürlər ki, QHT-lərin fəaliyyətini maliyyələşdirmək yalnız mərkəzi qurumların — yəni nazirlik və komitələrin işidir. Əslində isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr bu prosesdə daha aktiv iştirak edə bilər. Çünki mərkəzi icra hakimiyyətləri hansısa rayondakı problemləri, prioritetləri və dinamikanı tam şəkildə izləməyə də bilər. Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr isə öz ərazilərində çatışmazlıqları, problemləri, ehtiyacları daha yaxşı görür. Tutalım, Lənkəranda yerləşən və sosial xidmət göstərən mərkəz niyə Bakıdan dəstəklənsin? Əslində həmin QHT-lər və ya mərkəzlər yerli İH və bələdiyyələr ilə əməkdaşlıq qurmalı, proqram və layihələrini onlarla birgə əlaqələndirməli, xidmətləri ehtiyaclara uyğun qurmalı və tələb olunan maliyyə vəsaiti yerli icra hakimiyyəti və/və ya bələdiyyənin illik büdcəsinə daxil edilməli və orada maliyyələşməlidir. Unutmayaq ki, yerli icra hakmiyyəti orqanları rayondakı xəstəxanaları, poliklinikaları, uşaq evlərini, məktəbləri, bağçaları və s. maliyyələşdirir. Bu mexanizm var. Rayonda sosial xidmətlər göstərən QHT-lər də bu mexanizmlə maliyyələşməli, onların xərcləri yerli büdcəyə daxil olunmalıdır. Bu daha effektivdir. Lakin hələ ki, bizdə QHT-lərə «başqa planetdən gəlmişlər» kimi baxırlar. Halbuki QHT-lər də biznes qurumları kimi bu dövlətin qanununa əsasən yaradılmış və bu dövlətin vətəndaşları tərəfindən idarə olunan qurumlardır.
— Mərkəzi icra hakimiyyəti orqanlarından QHT-lərin dəstəklənməsi davamlıdırmı?
— Deyim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11-ə yaxın QHT tərəfindən təsis edilmiş və illərdir beynəlxalq donorlar tərəfindən dəstəklənmiş 17 icma əsaslı reabilitasiya və sosial xidmət mərkəzi 2013-cü ilin iyunundan dekabradək maliyyələşdi. Lakin dekabrda bu maliyyələşmə dayandı. Cari ildə maliyyələşdirmə haqda dəqiq bilgi yoxdur. Bu səbəbdən bəzi mərkəzlər fəaliyyətlərini və ya göstərdikləri sosial xidmətləri dayandırib və ya xeyli məhdudlaşdırıb, bir çoxu daimi və ya müvəqqəti olaraq başqa donorlar axtarır. Bu, əlbəttə, QHT-lərlə dövlət arasında etimadın itməsinə səbəb olur. Dövlət qurumunun davamlı donorluğuna şübhə yaradır və qanunvericiliyə görə əhalinin zəif təbəqələrinin ehtiyac duyduqları sosial xidmətlərin QHT-lər tərəfindən davamlı olaraq təmin edilməsində ciddi problemlər yaradır. Üstəgəl əhalinin də QHT-lərə etimadı zəifləyir. QHT-lər isə ötən il ərzində əhalinin gözləntilərini bu il artıq ödəyə bilmir. Bəzən yalnış olaraq hesab edilir ki, təşkilata 1-2 dəfə maliyyə vəsaiti verdikdən sonra həmin təşkilat layihənin davamını özü təmin etməlidir. Amma burada nəzərə alınmayan məqamlar var. Əksər QHT-lər sosial, təhsil, iqtisadi və s. problemlərin həlli ilə məşğuldur. Məsələn, sosial problemlərin həlli dövlətin prioritetidir və dövlətin büdcəsi hesabına həyata keçirilməlidir. Əgər dövlət qurumu, hansısa sosial xidməti QHT-yə həvalə edibsə, onun göstərilməsi də daimi olaraq dövlət qurumu tərəfindən maliyyələşməlidir. Necəki məktəblərin, poliklinkaların fəaliyyəti maliyyələşdirilir, eləcə də, əlilliyi olan şəxslərə və o cümlədən, uşaqlara, sağlamlığı məhdud olan uşaqlara, hüquq pozuntusu törətmiş uşaqlara və böyüklərə, zorakılığa məruz qalmış uşaqlara və qadınlara, cəzaçəkmə müəssisələrindən azad olunmuş insanlara, yeni ailə qurmuşlara, çoxuşaqlı ailələrə, valideynlərini itirmiş uşaqlara və s. ən zəif sosial müdafiəsi olan əhali qruplarına göstərilən xidmətlər davamlı şəkildə dövlət büdcəsi hesabına olmalıdır. Çünki bu insanlar dövlətin birbaşa himayəsindədir və dövlət onları sosial, təhsil və s. xidmətlərlə təmin etmək öhdəliyi götürüb. Bu həm ölkənin konstitusiyasında, həm də üzv olduğumuz beynəlxalq konvensiyalardan irəli gəlir. Onlara müvafiq sosial, təhsil, iqtisadi, hüquqi və s. xidmətlərin göstərilməsini təmin etmək dövlətin borcudur! Doğrudur, burada QHT-lər yerli biznes qurumları, beynəlxalq donorlardan maliyyə vəsaitləri cəlb edə bilər və etməlidir, lakin xidmətlərin davamlılığını və keyfiyyətini təmin etmək üçün bu xidmətlərin dövlət büdcəsindən maliyyələşdirilməsi və dövlət tərəfindən xidmətlərin lisenziyalaşdırılması və keyfiyyətin monitorinqi aparılmalıdır.
— Çətin vəziyyətdən çıxmaq üçün QHT-lər sosial xidmətləri pullu əsaslarla göstərə bilər…
— Əlbəttə, amma əhalinin bunun dəyərini ödəməyə imkanı olmaya bilər. Odur ki, maliyyələşmə mexanizminin davamlılığı təmin edilməlidir. QHT-lərin göstərdikləri xidmətlər dövlət büdcəsindən maliyyələşdirilməldir!
Amma nədənsə QHT-lərə dövlətin bir hissəsi kimi yox, kənar bir qurum kimi baxılır. Halbuki beynəlxalq QHT-lər istisna olmaqla QHT-lər Azərbaycan vətəndaşları tərəfindən yaradılır və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınır. Necə olur ki, müxtəlif bizneslayihələrin icrasında yerli şirkətlər sərbəst iştirak edə bilər (dövlət büdcəsindən maliyyə ayrılır), amma QHT-lərə sosial xidmətlərə görə maliyyə ayrılması sual doğurur? QHT — də həmin biznes qurumu kimi bu dövlətdə yaradılmış bir qurumdur. Əgər QHT tutalım, Səhiyyə Nazirliyinin bir qurumu deyilsə, bu o demək deyil ki, pis qurumdur.
Unutmaq olmaz ki, QHT-lər sosial xidmətləri uzun müddətdir göstərib, orada çalışan işçilərin peşəkarlığı çoxsaylı təlimlər və beynəlxalq təcrübənin öyrənilməsi əsasında artırılıb. Onlar neçə müddətdir müxtəlif əhali qrupları ilə çalışır, onların etimadını qazanıb, özləri də bu sahədə yetkinləşiblər. Bir misal gətirim. Əlilliyi olan uşaqlar üçün dövlətin təsis etdiyi cəmi iki reabilitasiya mərkəzi var. Biri Bakıda, digəri Naxçıvanda. QHT-lər isə 15 mərkəzlə az qala əksər rayonları əhatə ediblər! QHT-lər tərəfindən göstərilən bəzi xidmətlərin ümumiyyətlə, dövlətdə analoqu yoxdur. Məsələn, zorakılığa məruz qalmış uşaqların reabilitasiyası, məişət zorakılığına məruz qalmış qadınlar üçün mərkəz, uşaq qaynar xətt xidməti, HİV-lə yaşayan insanlara sosial dayaq xidmətləri, cinayət törətmiş uşaqlar üçün reabilitasiya xidmətləri, keyfiyyətli pulsuz hüquqi yardım, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslər üçün sosial inteqrasiya xidmətləri və s. analoqları yoxdur. Bu xidmətlərin göstərilməsini, davamlılığını dövlət büdcəsindən dəstəkləmək lazımdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 254