Muəllif:

«QHT-lər «başqa planetdən gəlməyiblər!»

Prezident İlham Əliyev «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» qanunu imzalayıb. Qanunun qəbulu çoxsaylı qeyri-hökumət təşkilatı tərəfindən tənqidlə qarşılanıb və vətəndaş cəmiyyətinin fəaliyyətinin zəifləməsinə yönəldiyi qeyd edilib.
MM 2013-cü il dekabrın 17-də vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında», «Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında», «Qrant haqqında» qanunlara və «İnzibati Xətalar Məcəlləsi»nə 8 əlavə 50-dək düzəliş edib. Əlavələrin 7-si cərimələrin artırılması, 1-i QHT-lərin fəaliyyətinin 1 il müddətinə dayandırılması ilə bağlıdır. Bu dəyişiklikdə, hüquqi şəxslər üçün müəyyən edilən cərimələrin ümumi məbləği 8, fiziki şəxslər üçün isə 3 min AZN olub.
Uşaq Hüquqları üzrə QHT Alyansının milli koordinatoru Nabil Seyidov Azərbaycan QHT-lərinin bu günkü vəziyyəti və dəstəklənməsi ilə bağlı təkliflərini AYNA-nın oxucuları ilə bölüşdü.
— Son bir neçə ay ərzində əksər QHT-lər Milli Məclis tərəfindən hazırlanmış və prezidentin imzasına təqdim olunmuş QHT qanunverciliyinə əlavə və dəyişikliyə dair genış ictimai vəkillik kampaniyası aparmışdı. QHT qanunvericiliyi sahəsində çalışan müstəqil ekspertlərin «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» və «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» qanunlara, habelə İnzibati xətalar məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərin təhlilindən məlum olmuşdur ki, onların qəbulu QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması, müstəqil QHT-lərin fəaliyyətinə süni əngəllərin yaranmasına və «yararsız» QHT-lərin fəaliyyətinin müvəqqəti və ya uzun müddətli məhdudlaşdırılmasına səbəb olacaqdır.
Ciddi narahatlığa səbəb olan məsələlərdən biri də «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanununda yer almış «dövlət reyestrindən çıxarışın cəmi 90 gün qüvvədə olması ilə bağlı olub. Mütəxəssislərdə bu bürokratik əngəllər yaradılması kimi qavranılmışdır. QHT koalisiyalarının ciddi ictimai vəkillik kampaniyası sayəsində prezidentə imza üçün göndərilən yekun sənəddən bu maddə çıxarılmışdır.
Ümumiyyətlə, qanunvericilik daimi təkmilləşməyə və dəyişməyə məhkumdur. Əgər belə demək olarsa, digər sahələrdə olduğu kimi, dövlətin müvafiq strukturları QHT qanunvericiliyini mövcud şəraitə uyğun olaraq tənzimləməyə və ya bəzən eksperimental dəyişikliklər aparmağa çalışır. Bu cür şəraitdə QHT-ləri narahat edən məsələ ümumiyyətlə QHT-lərin, xüsusilə də, müstəqil QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması riskidir. Burada mütəxəssislər hesab edir ki, QHT-lərin fəaliyyəti zamanı buraxdıqları səhvlərə görə ağır cərimələrin tətbiqi həmin QHT-lərin fəaliyyətinin dondurulmasına və ya onlara qarşı məhkəmə qaydasında daha ciddi tədbirlərin görülməsinə (məs., QHT-lərin bağlanmasına) gətirib çıxaracaqdır. Ümumiyyətlə, İnzibati xətalar məcəlləsinə edilən dəyişikliklər hesab edirəm ki, çox faydalıdır və QHT-lərin fəaliyyətinin daha da gücləndirilməsinə, inzibati fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcəkdir. Lakin, vurğulamalıyam ki, cərimələrin həcmi çox yüksəkdir. Bir məqamı da nəzərə almaq vacibdir.
Azərbaycanda QHT sektoru inkişaf etmiş ölkələrlə müqayisədə çox gəncdir. Bizim QHT-ləri Amerikanın, Avropanın formalaşmış, daimi işçiləri, böyük büdcələri və inzibati idarəetmə aparatı olan təşkilatları ilə müqayisə etmək düzgün deyil. O ölkələrdə QHT-lərə tətbiq edilən şərtləri və ya məsələn, gəlir əldə edən biznes qurumlarına tətbiq edilən şərtləri bizim QHT-lərə tətbiq etmək həm tezdir, həm də xeyli problemlər yarada bilər. Etiraf etməliyəm ki, ölkəmizdə QHT-lərin böyük əksəriyyəti qrantlar əsasında fəaliyyət göstərir. Qrantlar olmadıqda QHT-lərin böyük bir hissəsi ya müvəqqəti, ya da uzun müddət ərzində fəaliyyətini dondurur, üstəgəl həmin QHT-lərdə daimi ştatlar ümumiyyətlə olmur. Əksər QHT-lərdə kadrlar idarəsi, muhasibatlılıq və s. ya yoxdur, ya da bir nəfər 3-4 QHT-nin həmin işləri ilə məşğuldur. Digər tərəfdən QHT-lərin böyük bir hissəsində adi inzibati sənədləşmə prosesi aparılmır. Burada bir qəbahət yoxdur. Həmin ştatların saxlanması və bu inzibati işlərin aparılması insan resursu və maliyyə vəsaiti tələb edir. Ciddi sənədləşdirmə tələbi yaxşıdır. Nəzərə almaq lazımdır ki, QHT sektoru çox gəncdir, odur ki, biznes qurumlarından olduğu kimi onlardan sənədləşmə prosesində daha mükəmmək olmağı tələb etmək çətinliklərə səbəb olacaq. Məncə, müvafiq icra hakimiyyəti orqanları daha balanslaşdırılmış siyasət aparılmalıdır.
Bu yaxınlarda, Ədliyyə Nazirliyinin nümayəndəsi müsahibəsində bildirmişdir ki, QHT-lər tərəfindən hüquq pozuntuları törədilir və 2013-cü ildə məsələn, 14 təşkilatdan yalnız biri cərimələnib. Bu cür diskresion yanaşma çox müsbət haldır. Yüngül, ilk dəfə törədilən hüquq pozuntusu ilə ağır, təkrar hüquq pozuntuları arasında fərq nəzərə alınmalı və onlara yanaşma fərqli olmalıdır.
QHT sektorunda çalışanların əsasən könüllülük əsasında və sərbəst şəkildə fəaliyyət göstərdiyindən sənədləşməyə az diqqət göstərilir. Buna bəraət qazandırmaq istəmirəm. Sadəcə hesab edirəm ki, Azərbaycanda QHT-lərin püxtələşməsi və inkişafını təmin etmək üçün cərimə əvəzində və ya yüngül cərimələrlə yanaşı xüsusi texniki dəstək proqramları yaradılmalıdır.
Bizim QHT-lər həm gənc, həm də çoxusu təcrübəsizdir. Hər il də yeni QHT-lər yaradılır və qeyd edim ki, onların böyük əksəriyyəti könüllülük əsasında fəaliyyət göstərir. Yəni insanlar birləşərək öz icmalarında hansısa problemləri həll etməyə yardım göstərmək istəyir. Lakin, bundan sonra bu cür işləri görmək üçün gərək ayrıca inzibati aparat saxlasınlar. Bu isə ona gətirib çıxaracaq ki, QHT fəaliyyəti yəni sosial, təhsil və s. Problemlərinin həlli bir kənarda qalacaq və onlar sənədləşmə işləri ilə məşğul olmağa məcbur olacaqlar.
Bütün bunları özüm üçün ümumiləşdirdikdən sonra belə bir ümidim var ki, müvafiq icra hakimiyyəti orqanları bu qanundan irəli gələn məqamların icrasına nəzarətdə yuxarıdakı məsələləri nəzərə alacaqdır.
— QHT-lərin inkişafına dəstək verən dövlət qurumlarının işini necə qiymətləndirirsiniz?
— Son illərdə Azərbaycanda QHT-lərin və icma əsaslı təşkilatların inkişafı ilə bağlı bir çox proqramlar həyata keçirilib və keçirilməkdədir. O cümlədən, qanunvericiliyin təkmilləşdirilməsi, müxtəlif nazirliklərin xətti ilə ayrı-ayrı proqramlar çərçivəsində QHT-lərə maliyyə vəsaitlərinin ayrılması, QHT-lərin dövlət sistemində nüfuzununun artırılması, QHT-də dövlət əməkdaşlığının gücləndirilməsi ilə bağlı xeyli işlər görülüb. QHT-lərə Dövlət Dəstəyi Şurasından QHT-lərə vəsait ayrılır. Onun fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı nəsə demək çətindir. Hesab edirəm ki, onun fəaliyyəti müstəqil qurumlar, vətəndaş cəmiyyəti tərəfindən monitorinq edilməli və çatışmazlıq varsa şuraya çatdırılmalıdır. Ümumi fikrim ondan ibarətdir ki, şura yeni yaradılan və ya gənc QHT-lərə maliyyə vəsaiti ayırmağa üstünlük verir. Bunun müsbət tərəfi odur ki, yeni yaradılan təşkilat dəstəklənir. Ancaq fikrimcə, bu məsələdə daha diqqətli olmaq lazımdır. Çünki yeni yaradılan QHT-lərin heç də hamısı uzun müddət fəaliyyət göstərmir, onların həyata keçirdiyi layihələrdə pərakəndəlik müşahidə olunur və davamlılığı olmur, habelə dövlətin iri proqramlarının icrasına töhfəsi az olur və ya heç olmaya bilər. QHT Şurası proqramların davamiyyətinin təmin edilməsinə diqqət yetirməlidir.
Ardı gələn sayımızda

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 312