Muəllif:

Qeyri-iş günləri ölkə iqtisadiyyatına zərər vurur: ildə ən azı 1 milyard…

Nazirlər Kabineti bu il də bayram günlərinin sayını açıqlayanda bəlli oldu ki, 2014-cü ildə 20 gün bayram keçirəcəyik və təbii ki, həmin günlər qeyri-iş günü hesab olunacaq. İlin 104 gününü isə şənbə-bazar olması səbəbindən istirahət edəcəyik. Beləliklə, məzuniyyətləri saymasaq 365 günün ən azı 124 gününü dincələ biləcəyik. 

Azərbaycanda qeyri-iş günlərinin çox olması həmişə müzakirə mövzusu olub. Doğrundanmı, biz il ərzində digərlərindən çox istirahət edirik? Başqa ölkələrin təcrübəsinə baxaq. İqtisadçı Samir Əliyevin qısa araşdırması göstərir ki, Azərbaycan kifayət qədər qeyri-iş günləri olan ölkələrdən hesab olunur.
Dünyada ən çox qeyri-iş olan bayram günləri Şri-Lankadadır. Bu ölkə vətəndaşlarının məzuniyyətdən savayı ildə 24 gün istirahət etmək şansı olur. İran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir. Hökumət Hindistanda 18, Cənubi Koreyada 17, Yaponiyada 15 bayram günləri müəyyənləşdirib. Avstraliya və İsveçrədə 11, Sinqapur, İrlandiya və Niderlandda 10, Britaniyada 9, Kubada 8 qeyri-iş günü var.
YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə qeyri-iş günlərinin orta statistik rəqəmi 12,2 gündür. Almaniya vətəndaşları 13, İtaliya 12, ABŞ isə 11 gün evində bayram edir.
MDB ölkələrində Belorusda 13, Rusiyada 11, Ukraynada 10 gün qeyri-iş günü var.
Bayramlarla əlaqədar qeyri-iş günlərinin sayının çoxluğu heç də cəmiyyətdə birmənalı qarşılanmır. Əgər vaxtamuzd işçilər qeyri-iş günlərinin sayının çoxluğunda maraqlıdırlarsa, işəmuzd işçilər üçün arzu olunmazdır. Çünki məmurlar, müəllimlər, həkimlər və s. iş günlərinin sayından asılı olmayaraq qabaqcadan təyin edilmiş maaş alırlar. Ancaq gündəlik qazancla yaşayan şəxslər üçün hər qeyri-iş günü zərər deməkdir.
Əliyevin sözlərinə görə, qeyri-iş günləri təkcə ayrı-ayrı şəxslərə yox, ümumilikdə ölkə iqtisadiyyatına zərər vurur. Bununla bağlı müxtəlif hesablamalar mövcuddur:”Məsələn, Rusiyanın Əmək Nazirliyinin hesablamarına görə, orta hesabla hər bayram günü 370-420 milyon dollar zərər deməkdir. Ölkə ÜDM-si hər il Yeni il bayramlarına görə təxminən 20-25 milyard dollar itirir. Böyük Britaniyada ölkə iqtisadiyyatı hər qeyri-iş gününə görə 2,3 milyard funt itirir. Beləliklə də il ərzində ümumi itki 19 milyard funt zərər verir.
Qeyri-iş günlərinin çoxluğu Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərir. Düzdür, neft amili bu itkini azaldır. İstənilən halda iqtisadi artima mənfi təsir göstərir. Bu günə qədər zərərin nə qədər olması barədə konkret araşdırma mövcud deyil. Ancaq bəzi hesablamarla itkinin təxmini həcmi barədə təsəvvür yaratmaq olar”.
İqtisadçı xatırladır ki, 2012-ci ildə ÜDM-in həcmi 54 milyard manat olub. ÜDM-in gündəlik həcmi isə orta hesabla 148 milyon manat olub. DSK-nın məlumatına görə, ÜDM-in 50%-i neft sektorunun, 15%-i isə nəqliyyat, ticarət və ictimai iaşənin payına düşür. Neft hasilatı fasiləsiz istehsal sahəsi hesab olunduğunda qeyri-iş günləri bu sektora şamil edilmir. Nəqliyyat, ticarət və ictimai iaşə obyektləri də ilin istənilən günü müştərilərin üzünə açıqdır. 4 sektoru (neft, nəqliyyat, ticarət və ictimai iaşə) götürdükdə belə çıxır ki, iş gününün olub-olmamasından asılı olmayaraq gündəlik ÜDM-in təxminən 65%-i formalaşır. Yerdə gündəlik ÜDM-in (148 milyon manatın) 35%-i qalır ki, bu da təxminən 52 milyon manat edir.
Deməli, Əliyevin hesablamalarına görə, hər işsiz gün üçün ölkə iqtisadiyyatı ən azı 50 milyon manat zərər düşür:”Bu o deməkdir ki, 2014-cü ildə ÜDM bayram günlərinə görə ən azı 1 milyard manat itirəcək. Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatı ildən-ilə artır və ona uyğun olaraq itkilərin həcmi də ildən ilə artır.Təkcə bank sektoru hər qeyri-iş gününə görə ümumilikdə 10-15 milyon manat itirir. Azərbaycanda neft sənayesi qeyri-iş günlərinə görə dəyən zərəri azaldan sektordur. Çünki neft hasilatı hesabına ölkədə ən azı orta hesabla gündəlik 74 milyon manatlıq dəyər yaranır”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 311