Muəllif:

Qətl və silsilə cinayətlər törətməkdə təqsirli bilinən daha 3 cani qandallandı

Martın 4-də Yeni Suraxanı qəsəbə sakini Elmira Məmmədovanın evinə daxil olan maskalı şəxslər ev yiyəsini tapança və xəncərlə hədələyərək 16000 manat pul alıb gediblər. Polisin əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəxslər, Salyan şəhər sakini Rauf Rəhimov, Balakən rayon sakini Təvəkkül Seyidov, Lənkəran şəhər sakini Rauf Mahmudov, Bakı şəhər sakinləri Tacəddin Qafarov, Kənan Alıyev və Tural Əsgərov tutulub, cinayətin digər iştirakçısı Lənkəran şəhər sakini İbrahim Miriyevin yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilib.

Suraxanı Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində Miriyev yaşadığı Hövsan qəsəbəsindəki evdə tutulub, həmin ünvanda onunla birlikdə yaşayan Emil Hüseynov və əvvəllər məhkum olunmuş Rəşad Ağayev şübhəli şəxs qismində saxlanılıblar. Axtarışlar zamanı qeyd olunan mənzildən quldurluqda istifadə olunan 4 ədəd qara maska, 1 ədəd kəlbətin, 1 ədəd “skoç”, 2 cüt qara əlcək və 1 ədəd tibb əlcəyi götürülüb. Bundan əlavə, Hüseynovdan 6,75 qram həşiş qətranı, Ağayevin yaşadığı H.Aslanov küçəsindəki evdən isə «Naqan» tipli tapança və «Makarov» tapançasına aid 1 ədəd patron aşkar olunub.

Martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib. Fakta görə rayon Prokurorluğunda CM 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qətlin sifarişçisinin rayon sakini Şahin Niftiyev olması müəyyən olunub.

İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə RF-in Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi Aydın Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə Şahin Niftiyev cari ilin fevral ayında qohumu Rauf Rəhimova 10.000 manat müqabilində Aydın Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5.100 manat ödəyib. Rauf Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oktay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə “Mitsubishi-Pajero” markalı avtomobil kirayələyib.

Daha sonra Rauf Rəhimov Tacəddin Qafarov və Təvəkkül Seyidov həmin avtomobillə Salyan rayonunun Qaraçala kəndinə gələrək özlərini Aydın Xəlilova polis əməkdaşları kimi təqdim etmiş və onu avtomobilə əyləşdirib aparıblar. Təqribən 600-700 metr aralandıqdan sonra üzərlərində olan bıçaqlarla Aydın Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini yolun kənarına atıblar. Onlar bu barədə Şahin Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alıb bölüşdürüb və cinayətin izini itirmək məqsədilə avtomobilin salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər.

İstintaq hərəkətləri çərçivəsində avtomobilə keçirilmiş baxış zamanı onun salonunda çoxsaylı qan ləkələri, arxa saxlanc yerində iki ədəd maska formasında düzəldilmiş idman papağı, habelə hadisə yerinin yaxınlığında üzərində qan ləkələri olan 3 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayətkar dəstənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, adları çəkilən şəxslərin ayrı-ayrı vaxtlarda mülkiyyət, həyat və sağlamlıq əleyhinə çoxsaylı ağır cinayətlər törətməsi də müəyyən edilib.

Bəlli olub ki, Bakı şəhəri Ramana qəsəbəsinin sakini Çingiz Məmmədovun evində 20.000 manat pul olması barədə məlumat alan Rauf Rəhimov, tanışları Tural Əsgərov, Kənan Alıyev, Təvəkkül Seyidov, Tacəddin Qafarov və Rauf Mahmudov ilə birgə həmin evə basqın etməyi planlaşdırıb.  Mart ayının 4-də onlar, eləcə də adları hələlik istintaqa məlum olmayan digər şəxslər “Mitsubishi Pajero” markalı avtomobillə Çingiz Məmmədovun evinə gəlib üzlərinə qara maska keçirərək mənzilə basqın etmiş, ev sahibinin həyat yoldaşı Elmira Məmmədovaya və qızı Xədicəyə həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə onlara məxsus 16 min manat pulu ələ keçiriblər.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186