Qərb dünyası Krım referendumunu tanımadı
Dünən Krımda yarımadanın statusu ilə bağlı qanunsuz referendum keçirilib. Exit-poll-un nəticələrinə görə, krımlıların 93%-i Rusiyaya birləşməyə səs verib.
Qərbin reaksiyası özünü çox gözlətməyib. Krım referendumunun legiyimliyini bundan əvvəl də tanımayan Ağ Ev sanksiyaların tətbiqi ilə bağlı xəbərdarlıq edib ki, bu da “Rusiyanın təcrid olunmasına gətirib çıxara bilər”.
Ağ Evin mətbuat katibi Cey Karni qeyd edib ki, ABŞ və onun müttəfiqləri bildiriblər ki, hərbi intervensiya və beynəlxalq hüquq normalarının pozulması Rusiya üçün ciddi itkilərə səbəb ola bilər.
Karninin sözlərinə görə, “dünya birliyinin əlini əlinin üstünə qoyub oturduğu və bir ölkənin digərinin ərazisini necə zorla işğal etdiyini müşahidə etdiyi günlər” arxada qaldı.
Bazar ertəsinə keçən gecə ABŞ prezidenti Barak Obama Rusiya lideri Vladimir Putinə telefon edib. Amerikalı analitik bildirib ki, ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etməyə hazırdır. O qeyd edib ki, ABŞ Krım referendumunun nəticələrini tanımaq niyyətində deyil.
“Prezident Obama qeyd edib ki, Rusiyanın hərəkətləri Ukraynanın suverenliyini pozmaqdır”, — Ağ Evin məlumatında deyilir. O deyib ki, ABŞ və onun müttəfiqləri Rusiyanın hərəkətləri ilə bağlı sanksiya tətbiq etməyə hazırdır”, — mətbuat xidmətindən bildirilib.
O əlavə edib ki, “münaqişənin diplomatik həlli” imkanları qalır. Lakin bundan ötrü “Krıma silahlı qüvvələrin müdaxiləsinə son qoyulması” mühüm şərtdir.
Respublikaçı senator Con Makkeyn ABŞ hakimiyyətini Rusiyaya qarşı iqtisadi sanksiya tətbiq etməyə, əsasən Rusiyanın neft ixracına zərbə vurmağa çağırır.
Fransanın xarici işlər naziri Loran Fabius Rusiyanın “Ukraynada gərginliyin yatırılması üçün tədbirlər görməyə çağırıb və Krım referendumunu qanunsuz adlandırıb.
“Rusiya Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanımalıdır”, — Reuters Fabiusdan sitat gətirib. Nazirin sözlərinə görə, Krımda referendum legitim deyil və Ukrayna Konstitusiyasına ziddir.
Böyük Britaniya XİN rəhbəri Uilyam Heyq oxşar bəyanatla çıxış edib. “Böyük Britaniya referendumu və onun nəticələrini tanımır”, — Heyq vurğulayıb. O, siyasi və iqtisadi sanksiyalarla hədələyib (Turan).