Muəllif:

Qaraj institutu

Həyətdə qaraj bu şəhərin zehniyyətində özəl bir təsisatdır. Fəqət bizim günlərdə bu təsisat laxlamaqda, öz mövqelərini itirməkdədir. Mən beş-doqquz qatlı binaların həyət qarajlarını gözdə tutur — çoxqatlı yerüstü və yeraltı qarajları, şəxsi imarətin qarajını demirəm. Şəhər həyətlərini xarabaxana görkəmində göstərən qarajları deyirəm — primitivliyin mücəssəməsini. Onların Bakıda bir gün üstünə düşəcəklərini hələ bir on il öncədən — Avropa şəhərlərindəki ötəri müşahidələrimdən sonra görürdüm — avtomobillər küçə və prospektlərin kənarı boyu parklanıb, ucu-bucağı görünmür, binaların həyətlərində qarajlar gözə dəymir…
Şəhər həyətlərini qarajsız məkana çevirən prosesin bizdə bu qədər gecikəcəyini bilmirdim. İndi, deyəsən, bu gün bu yaraşmaz təsisatın üstünə düşüblər və bunu təqdir etmək gərəkir. O gün səhər evdən çıxanda həyətdə qonşumun qarajını sökməyə başladığını gördüm. Digər qonşu qarajlardan adamlar müxəlləfatlarını daşıyırdılar. Xəbərdarlıq alıblar, binamıza qonşu sahədə modern bina tikilir və bura bu dörd binanın həyəti olacaq, qarajı olan qonşularımıza deyilib ki, həyət — sakinlər üçündür… Qaraj sahibləri indi fikirləşir ki, bunun daşını, dəmirini, dam örtüyünü neyləsinlər, axı bir ətək pul xərclənib?.. Kimə nə verdikləri isə, təbii ki, batıb getdi.
Qaraj institutunun (ərəbcə «təsisat»ın qarşılığı) yaxın keçmişin sosial iyerarxiyasında önəmli bir element olduğunu hər kəs xatırlayar. İndi də çoxları bunu belə bilir, fəqət bu institut bizim şəhərlərin sürətlə dəyişən peyzajında eyni sürətlə keçmişin qalığı şəklində gözə girməkdədir.
Sovet dönəmində maşını və çoxqatlı evin həyətində qarajı olan kəs obıvatelin gözündə sanballı kişi sayılırdı — onda bağ evləri ciddiyə alınmırdı, əsas — şəhərin mərkəzində çoxmənzilli binada mənzil və həyətində qaraj idi. Açıq havada saxlanmış maşının isə ən azından təkəri oğurlana bilərdi və xatırlayırıqsa, bu, adi hal idi. Sonra ara açıldı, daha Vladivostokdan min bir əngəli aşaraq «jiquli» gətirənlər — rayon yerlərində əfsanəyə çevrilən zirək kişilər keçmişdə qaldı, prestijli markalardan olan avtomobillər doğudan, batıdan, güneydən, quzeydən bu kiçik sahəli ölkəyə — avtomaşını fetişləşdirən insanların məmləkətinə axınla ayaq açdıqdan sonra qaraj əldə etmək problemə çevrildi — açıq dayanacaqlar onda yağışdan sonra göbələk kimi çoxalmağa başladı. Küçələrin kənarı, səkilər, həyətlərdə uşaqların top qovduğu meydançalar, qocaların skamyada əyləşdiyi kölgəliklər bir-bir fəth edildi. Qaraj, maşın saxlamağa yer Bakıda son 10-15 ilin ən ciddi sosial problemlərindən birinə çevrildi. İngiltərədə bir zaman qoyunların artıb çoxalaraq «insanları yediyi» kimi indi də Azərbaycanda avtomobillərin insanları yeməyə başladığı bir dönəmdə hər kvadratmetrin az qala brilyant qiymətinə satıldığı Bakı kimi bir meqapolisdə hər avtomaşın başına bir qaraj yeri hardan tapılsın?
İndi ən bahalı avtomobilləri eynilə Avropa şəhərlərində olduğu kimi küçədə, həyətdə açıq yerdə (təbii ki, əgər yer tapa bilirsə) saxlamaq adi haldır. Mən zirək tərpənib həyətdə qaraj yeri «tutmamışdım». Buna görə evdə hər vaxt qınaq obyekti idim — maşını açıqda saxlayırdım, indi uşaq da axşam maşını saxlamağa yer tapa bilməyəndə içimdə özümü danlayırdım ki, gərək mən də evlər idarəsinə «görüm-baxım» edib bir neçə metr yer məngirləyə idim.
…Bu şəhərdə bu əndərabadi görkəmli qarajların qondarılması üçün nə qədər yaraşıqlı ağacların — göy sərvlərin, göy çinarların dibinə balta vurulmuşdu. Balkondan baxırsan, hansısa bir qonşu «jek»lə, ya bələdiyyə ilə danışıb yer alıb, baltalar o yerdə duran yaşıl ağacın dibinə endirildikcə elə bil o zərbələr sənə dəyirdi. Qaraj üçün ağacları yox etmənin başqa «intellektual» üsulları da vardı və bu üsullara dəfələrlə diqqət etmişdim (məsələn, gecəykən ağacın dibinə bir vedrə solyarka töküb beş-on günə qurutmaq kimi). Dillən bir söz de — qonşular arasında olarsan demaqoq adam, ən pisi — paxıl adam. Bu şəhərdə fərdi qarajların sayını ötəri hesabla, vur azı ikiyə — məhv edilmiş irili-xırdalı ağacların, yaxud var olası ağacların sayını tap.
Fəqət duyurdum ki, bu anormallığın bir gün sonu gələcək. Hələ bir on il olar Tbilisdə və İrəvanda, elə Rusiya şəhərlərində binaların həyətlərindəki ictimai sahələrdə — sakinlər, özəlliklə də balaca uşaqların oynaması, yaşlıların skamyada əyləşib bir udum hava alması üçün nəzərdə tutulan sahələrin qarajlar tərəfindən zəbt edilməsinə ictimai etiraz güclənmişdi və şəhər hakimiyyəti bu münasibətlə razılaşmalı olurdu. Düşünürdüm ki, bu sivil yanaşma gec-tez bizim şəhərin insanının şüuruna da gəlib çıxacaq.
Və gəlib çıxıb, qonşu ölkələrdən bir on il gec olsa da… Hələ də həyətdə qaraj peşində olan sakinlərə maraqlı mesajdır — ehtiyatlı olun…
Başkəndin özgə səmtlərində də cındırxana qarajların yığışdırıldığı, adamların dincəlməsi, uşaqların oynaması üçün alababat şəraitin yaradıldığı və bu kimi işlərin getdiyi həyətlər görmüşəm. Təqdir ediləsi tendensiyadır. Yaxın parkları şadlıq evləri zəbt edirsə (bizim səmtdə belədir), buna məgər sevinməli deyilikmi?
Bircə onu bilmək olmur ki, bu bir rayonun müsbət özfəaliyyətidir, yoxsa bütün şəhər miqyasında belə olacaq? Axı bu şəhərdə qarajların bərbad günə qoymadığı həyət varmı? İnsanlar oturmağa, uşaqlar oynamağa yer tapmır. Haqlı iraddır ki, binaların zahiri görkəmini yaxşıya doğru dəyişməklə iş bitmir, həyət tərəfdən baxanda da hər şey səliqə-sahmanda olmalıdır. Həyət məkanı da onun kimi…
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 260