Qaraçuxurlu gənc Suriyada öldürülüb
Suriyada daha bir azərbaycanlı məchul amal uğrunda öldürülüb. Bu xəbər islamçı saytlardan yayılıb. “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan “Əbu Sənan” ləqəbli azərbaycanlı mücahid bir neçə gün əvvəl Suriyanın hökumət qüvvələri tərəfindən öldürülüb. O, Bakının Qaraçuxur qəsəbə sakini Vüsal Rəcəbovdur. Mücahidlər Vüsalın fotosunu da yayıblar.
Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
Bu arada Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Deniz Duran Suriyada döyüşlərdə 100-ə yaxın azərbaycanlının həlak olması barədə məlumatlara münasibət bildirib. Duran bu günkü mətbuat konfransında deyib ki, mediada bununla bağlı hesabatlar, məlumatlara rast gəlir: “Bilirik ki, bu insanlar Suriyada döyüşərdə iştirak edə bilərlər. Azərbaycanda bir ailə bizə müraxiət edərk Suriyada olan ailə üzvü ilə əlaqə yaratmağa çalışdığını demişdi. Biz də Suriyadakı nümayəndəliyimizlə əlaqə saxlayaraq nə edə biləcəyimizi aydınlaşdırmağa çalışdıq”.
Duran bildirib ki, araşdırma nəticəsində məlum olub ki, Suriyada mühit çox mürəkkəbdir və ölkədə müxtəlif qruplardakı xarici ölkə vətəndaşları ilə əlaqə yaratmaq qeyri -mümkündür. Çünki Suriyada ərazi böyük, qruplar müxtəlif və çoxdur: “Suriyadakı nümayəndəlyimiz Suriya hakimiyyət orqanlarının saxlandığı iddia edilən 355 nəfərin siyahısını Suriya hakimiyyətinə təqldim edib. 355 insanın hamısı Suriya vətəndaşlarıdır, xaricilər deyil və aralarında azərbaycanlılar yoxdur. Təəssüf ki, xarici döyüşçülərin taleyinin aydınlaşdırılması ilə bağlı bizim Suriyada fəaliyyətimiz həddən artıq məhduddur. Biz tərəflərlə danışıqlar apararaq Suriyada müxtəlif ərazilərə daxil olmağı təmin etməyə çalışırıq. Bu yaxınlarda BQXK-nin rəhbəri də Suriyaya səfər edib və bu məsələni ən yüksək səviyyədə qadldırıb. Məqsədimiz döyüşlərdən zərər çəkən insanlara humanitar yardımı çatdırmaqdır, o zonalarda olan insanların ailələri ilə əlaqələrini təmin etməkdir. Təəssüf ki, Suriyadakı nümayəndəliyimiz xaricilərlə bağlı bu xidməti təklif edə bilmir”.