“Qarabağ” dünyanın ən güclü 200 klubu sırasında yer alır
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun prezidenti Alfredo Pojenin ölümü ilə əlaqədar federasiyanın fəaliyyətində müvəqqəti durğunluğun yaranması üzündən siyahı 10 aylıq fasilədən sonra dərc olunub.
2013-cü il üçün 12 ayının nəticələrini özündə əks etdirən siyahıda planetin 200 ən güclü komandası yer alıb. Burada Azərbaycanın 1 təmsilçisi də var.
Daxili arenada titul qazana bilməsə də, Avropa Liqasında 3 mərhələ keçən “Qarabağ” dünyanın 111-ci komandasıdır. Hesabında 119,50 xal olan Qurban Qurbanovun yetirmələri “River Pleyt” (Argentina), “Marsel” (Fransa), MOİK (Rusiya), “Udineze” (İtaliya), “Anderlext” (Belçika), “Malaqa” (İspaniya), “Penyarol” (Uruqvay), “Flamenqo”, “Botofoqo” (hər ikisi Braziliya), “Nyukasl”, “Everton”, “Liverpul”, “Uiqan” (hamısı İngiltərə), “Volfsburq”, “Ştutqart” (hər ikisi Almaniya) kimi klubları arxada qoyur.
Siyahının ilk pilləsində isə “Bavariya” qərarlaşıb. Almaniya klubunun 370 xalı var. İspaniya “Real”ı 290 xalla 2-ci, İngiltərə “Çelsi”si 273 xalla 3-cüdür.