Muəllif:

Qarabağ danışıqlarında «model» axtarışı

Qarabağ cəbhəsində avtomatlar şaqqıldasa da, sülh danışıqlarında diplomatlar mürgü vurmaqdadır. Sakitlikdir. Heç xarici işlər nazirlərinin Paris görüşü də sükutu poza bilmədi. Daha Qarabağ münaqişəsinin həllinə dair «yeni ideyalar»dan danışılmır. Münaqişənin çözümü dalana dirənib, irəliləyiş yoxdur. Danışıqlar prosesi iflasa uğramış kimi görünür. Ermənistan Rusiyanın ətəyindən yapışaraq başını girləyə-girləyə vaxt udur. Azərbaycan iqtisadi gücünü artırır, yeni silahlar alır. Xankəndindəki separatçı rejim isə var gücü ilə «müstəqillik» tamaşası oynayır: bəyanatlar verir, xaricdən qonaqlar çağırır, «ordu»sunun silahlarını təzələyir, hərbi paradlar keçirir, konsertlər düzəldir və s.
ATƏT Minsk qrupunun həmsədrləri də öz işlərindədir. Arada xarici işlər nazirləri və prezidentlərlə görüşür, tərəflərin heç vaxt bir-birləri ilə uyğun gəlməyəcək mövqelərini uzlaşdırmağa çalışırlar. Toplantı və görüşlərdən sonra «bir addım irəliləmək» rədifli bəyanatlar verib dağılışırlar evlərinə. Görüşlərarası fasilə çox uzanmasın deyə fərqli siyasi dairələrdən Qarabağ probleminin həlli ilə bağlı dövriyyəyə «yeni variantlar» və uyğun «həll modelləri» çıxarılır…
***
Bir vaxtlar «Aland adaları» modelindən danışırdılar. Bir-iki il əvvəl isə ATƏT-ə sədrlik edən İrlandiyanın xarici işlər naziri E.Gilmor münaqişənin həllinə yarayacaq «Şimali İrlandiya» və «Cənubi Tirol» modellərini ortaya atıb. Bakıya səfəri zamanı bu həll modellərinin üstünlüklərindən də danışıb. Konfliktologiya hər iki modeli geniş səlahiyyətlərə malik olan muxtariyyət kimi tanıyır. Xüsusən, ikincinin (Cənubi Tirol) Qarabağa tətbiqi üçün yararlı olduğunu Azərbaycan da təsdiqləyib. Bu modellərin cazibəsi nədədir?
Vaxtilə kökündə dini amil dayanmış Şimali İrlandiyanın Böyük Britaniya krallığı ilə münaqişəsi uzun illər davam etmişdir. Buradakı katoliklər İrlandiya Respublikası ilə birləşmək üçün uzun illər mübarizə aparıblar. Onların protestantlarla dini fərqlilikləri siyasi baxışlarda dərin ziddiyyətlərə səbəb olub. Beləliklə, Böyük Britaniyanın ərazi bütövlüyünə qarşı olan separatçılar silahlı terror yolunu seçiblər. Lakin onların silahlı mübarizə taktikası Londonun siyasətini dəyişməyib. Dağlıq Qarabağda olduğu kimi, burada da separatçılar daim kənardan, yəni birləşmək istədikləri İrlandiyadan maliyyə dəstəyi alıblar. Nəhayət, uzun onilliklərin qanlı çarpışmasından sonra tərəflər müəyyən razılığa gələ biliblər.
Böyük Britaniya 1995-ci ildə problemin siyasi həllini sürətləndirmək təklifini irəli sürüb. Variant ondan ibarət olub ki, Şimali İrlandiyada yenidən Assambleya qurulsun və bölgənin özünüidarə imkanları hüququ cəhətdən artırılsın. Təklif müsbət qarşılanıb. Siyasi iradə sayəsində silahlı toqquşma minimuma enib və 1998-ci ildə bütün tərəflərin iştirakı ilə anlaşma imzalanıb. Hazırda Şimali İrlandiya Böyük Britaniyanın tərkib hissəsi kimi tanınır, İrlandiya ərazi iddiasından əl çəkib və bunun əvəzində bölgəyə geniş muxtariyyət statusu verilib.
«Cənubi Tirol» isə İtaliya və Avstriya arasında uzun illər «nifaq alması» olub. İnzibati bölgə kimi ərazi İtaliyaya aiddir, lakin bölgədə almandilli əhali üstünlük təşkil edir. Coğrafi baxımdan Tirolun şimalı Avstriyaya, cənubu isə İtaliya ərazisinə düşür. Bu məqam vəziyyəti xeyli mürəkkəbləşdirir. Bir də bu bölgəyə bitişik Trentino bölgəsi var ki, orada da daha çox italyandillilər yaşayır.
Münaqişə İkinci Dünya müharibəsindən sonra (1946) Avstriyanın bu bölgəni yenidən öz ərazisinə qatmaq istəyindən başlanıb. İtaliyanın məğlub durumuna baxmayaraq, böyük dövlətlər Avstriyanın bu istəyinə mənfi cavab veriblər. Bundan sonra yerli əhali İtaliyanın bölgədəki yerli dövlət qurumlarını boykot etməyə, itaətsizlik göstərməyə, tədricən terror aktları törətməyə başlayıblar.
Bölgədə gərginliyin artmasından çıxış edən Avstriya 1960-cı ildə Cənubi Tirol məsələsini BMT-nin müzakirəsinə çıxarıb. Baş Assambleya problemin həlli ilə bağlı iki qətnamə qəbul edib. Həmin qətnamələr əsasında Avstriya və İtaliya danışıqları başlayıb və nəticədə 1969-cu ildə Cənubi Tirolun statusu ilə bağlı bütün tərəfləri razı salan 137 maddəlik sənəd qəbul olunub.
Sənədə görə, İtaliyanın ərazi bütövlüyünün qorunması şərtilə Cənubi Tirola yüksək muxtariyyət statusu verilib, Trentino bölgəsi ondan ayrılıb. Bu gün Cənubi Tirolda həm alman, həm də italyan dillilərin hüquqları qorunur. Bölgənin geniş qanunverici və idarəetmə səlahiyyətləri var. Yerli parlament kənd təsərrüfatı, turizm, dağ sənayesi, sosial və təhsil sahələrində müstəqil qanunlar çıxararaq həyata keçirir. Digər muxtariyyətlərdə olduğu kimi xarici siyasət və müdafiə məsələləri mərkəzin — Romanın tabeliyindədir. Əyalətdə yığılan verginin təxminən 90 faizi orada qalır, ayrıca İtaliyanın dövlət büdcəsindən də ayırmalar edilir. Başqa sözlə, Cənubi Tirol öz gəlirlərini istədiyi şəkildə idarə edir.
***
Göründüyü kimi, hər iki model Dağlıq Qarabağ probleminin həlli üçün yararlıdır. Təkcə bunlar deyil, Azərbaycan dünyada mövcud olan ən yüksək muxtariyyət modellərinin də Qarabağa tətbiqinin tərəfdarıdır və bunu dəfələrlə bəyan edib. Amma ermənilər başqa şey istəyir axı…
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 214