Muəllif:

Qara xoruzu kəsmək vaxtı

Dərd gələndə batmanla gəlir. Bunu mən deməmişəm, Allah Yusif Səmədoğluna rəhmət eləsin, o, deyib. «Qətl günü»ndə.

Ailəlikcə dostluq etdiyimiz yaxınlarımızın başı neçə vaxtdır ki, qaldadır. Problem problemə qarışıb. Nəfəslərini rahat dərə bilmirlər. Bir sözlə, həyatın müxtəlif üzləri olur. Bu müddət ərzində biz də, başqa dostlar da onlara həyan olmağa çalışır, bacardıqca ürək-dirək, məsləhət veririk. Dünən də həyat yoldaşım həmin evin xanımıyla telefonla danışanda birdən qayıtdı ki, bəs belə olanda, eşitmişəm, qara xoruz alıb qəbiristanlığa getmək və mollaya xüsusi dua oxutduraraq onun, ağlınıza başqa şey gəlməsin, yəni xoruzun, başını kəsib torpağa gömmək lazımdı. Bundan sonra işlər düzələcəymiş.

Məni dəli bir gülmək tutdu. Yoldaşım əvvəl təəccüblə mənə baxdı və sonra işin nə yerdə olduğunu başa düşüb özü də pıqqıldadı. Xəttin o başında da gülməyə başladılar. Nə isə, vudu seansı, deyəsən, baş tutmuşdu. Hər halda, eynimiz açılmışdı, çünki neçə vaxtıydı belə ürəkdən gülmürdük…
***
Aylardır hamının diqqəti Kiyev Maydanına yönəlib. Hamı gecə-gündüz elə Ukraynadan danışır. Rusiya televiziyasının bütün baş xəbərlərini də oradakı hadisələr zəbt edib. Görünür bu hələ çox belə davam edəcək, çünki Putin cənabları uduzmağı heç sevmir, zatən kim sevir ki… Amma sözümün canı Maydanda deyil, ondadır ki, başımız qarışıb özgələrinə özümüzdən, deyəsən, xəbərimiz yoxdur. Daha doğrusu, olanları görürük, amma eşitmirik, məğzini duymaq istəmirik. Amma nahaq yerə…

İki ay bundan əvvəl bir Qarabağ qazisi haqqının yeyildiyinə etiraz edərək özünə od vurdu. Yanıqları ağır olduğundan bir neçə gün sonra xəstəxanada keçindi. Narazılıq olsa da, mərhumun problemini həll etdilər, yəni ailəsinə maddi təzminat ödədilər, qohum-əqrəbası da sakitləşdi. Amma heç kim cəzalandırılmadı. Bilmirəm, rəhmətliyin ruhu indi şaddırmı?
Amma onu bilirəm ki, o gündən bu yana daha səkkiz vətəndaşımız özünə od vurub. Xoşbəxtlikdən daha ölüm-itim olmayıb. Amma pis odur ki, məmurlarımız artıq idarələrinin qarşısında özünə od vurmaq istəyən vətəndaşını görəndə qorxmur, çünki cəzasız qalacağına əmindir.
Tunisdə isə bir vətəndaşın özünü yandırması «ərəb baharı»na rəvac vermişdi.
Bir həftə əvvəlsə, söküləcəyi barədə neçə vaxtdır söhbətlər gəzən «Sovetski» məhəlləsinin camaatı küçələrə tökülüşüb etiraz aksiyası keçirdi və polis nə fikirləşdi, nə fikirləşmədi heç kimə toxunmadı. Hər halda, vətəndaş sözünü dedi. Amma problem hələ həllini tapmayıb.
Üstündən heç bir-neçə gün keçməmişsə, tələbələr ayağa qalxdı. Bakı Dövlət Universitetinin uşaqları kəsir imtahanlarına görə pul ödəməyin əleyhinə çıxdılar və rüşvətxor müəllimlərinin üzünə durdular. Əvvəl-əvvəl tələbələri polis çək-çevirə saldı, amma deyəsən, rektor bu xınanın o xınadan olmadığından ehtiyat edərək iki müəllimi qurban vermək qərarına gəlib. Kürsüsünü qoruya biləcəkmi? Bilmirəm. Hər halda, dünən Bakı Metropoliteni Tağı Əhmədovsuz qaldı. Neçə illərdir paytaxtın yeraltı səltənətində söz və ixtiyar sahibi olan bu adamı inanmıram ki, metroda qəzetlərin satışına qadağa əmrini icra etdiyinə görə taxtdan salıblar. Belədirsə, elə günü sabahdan metroda qəzet almaq mümkün olmalıdır.
Milli Məclisin son iclasında isə Zeynəb Xanlarova Nardaranlıların adından Xəzər sahillərinin başdan-başa məmurlar tərəfindən hasara alınmasından möhkəm gileyləndi… Nardaranlılar doğrudan da narazıdır, özü də bu hasar məsələsi tək onları boğaza yığmayıb.
Türkiyə də çalxalanır. Baş nazir Ərdoğan hakimiyyətdə qalmaqçün Azərbaycanı da qarışdırmaqdadır. Bizim nazir və millət vəkillərinin bir qisminin nurçu olduğunu iddia edir. Bunun Ərdoğana özünü təmizə çıxarmağa və seçkilərdən qalib ayrılmağa kömək edib-etməyəcəyini bilmirəm, amma Bakıda artıq «nurçu» olmağın bir elə də dəbdə olmadığı dəqiqdir.
Bu olanlara quru maaşa külüng vuran nazirlərimizin balalarının «facebook»un zibilinə düşdüyünü və Avstriyada bizim Mərkəzi Bankın da adının korrupsiya qalmaqalında hallandığını əlavə etsək, deyəsən, qara xoruz alıb qəbiristanlığa yollanmağın vaxtı çatıb.
Kim yaddan çıxdı deyirsiz, molla? Heç narahat olmayın, qəbiristanlıqlarımızda o qədər molla var ki…
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 943