Qamət Süleymanov ölkəyə müəyyən ziyan dəyə biləcəyini düşünür
Suriyada müxtəlif dəstələr tərkibində döyüşən Azərbaycan vətəndaşlarının qayıtdıqdan sonra ölkəyə müəyyən ziyanları dəyə bilər. Bu açıqlamanı Turana ölkədə sələfi dini cərəyanının isimlərindən Qamət Süleymanov verib.
Süleymanov Suriyada döyüşənlərin sırasında sələfilərin olmadığını, həmin şəxslərin də sələfiliyə aid olmadıqlarını ifadə edib. “Orada “cihad camaatı”, «təkfir”çilər, ixvanlar, qütbiyyə və s. kimi qruplar var, amma sələfilər yoxdur” deyə mövqeyinə aydınlıq gətirib. Onun fikrincə, ayrı-ayrı ölkələrin, eləcə də Azərbaycan vətəndaşlarının Suriyada döyüşlərə qatılmaları səhv, həm də təhlükəlidir. Təhlükə bundan ibarətdir ki, bu insanların orada hansı dəstənin tərkibində olması, ölkəyə hansı düşüncələrlə qayıtmasından ibarətdir. ““Cihad camaatı” daim cihadda olmağı, dayanmamğı məqsəd seçib, “təkfir”çilər özlərindən qeyri heç kəsi müsəlman saymırlar, bu kimi dəstələrin tərkibində döyüşən vətəndaşlar ölkəyə hansı əqidə ilə dönəcəklər?”-deyə xəbərdarlıq edib.
O, xarici vətəndaşların Suriyada döyüşlərə qatılmasını səhv sayaraq bu məsələni Suriyanın daxili məsələsi kimi dyərələndirib, məsələni də Suriya xalqını özünün həll etməli olduğunu vurğulayıb. Suriyada döyüşlərə qatılan müxalif dəstələr, hətta Suriya müxalifəti daxilində vahid mövqe yoxdur. Müxalif qrupların bir-birinə qarşı döyüşmələri bir başıpozuqluğun olduğunu göstıərir. “Odur ki, belə bir mürəkkəb şəraitdə insanın yerini müəyyən etməsi çox çətin olur, hətta oraya normal halda gedən insan sonra taleyinin həllinə səbəb olan səhvlərə yol verir”-deyə Süleymanov proqnoz verib.
Süleymanov bu kimi səhv dini baxışların Əfqanıstan, Pakistan, İraqda insanları hər gün terrora məruz qoyduğunu nəzərə çatdırıb. “Bunun nə qədər davam edəcəyini heç kəs bilmir. Sabah Bəşər Əsəd getdikdən sonra da müharibə bitməyəcək, çünki, artıq bu savaşlar siyasi müstəvidən dini baxışlar müstəvisinə keçir, bu isə sonsuza qədər uzana bilər” deyə sələfi başçısı vurğulayıb.
Onun fikrincə, həm Azərbaycandan Suriyaya gedənlərin qarşısı alınmalı, həm də oradan qayıdanlarla bağlı müəyyən tədbirlər görülməlidir.