Qafar Çaxmaqlı ermənicə-Türkcə və Türkcə-ermənicə lüğət hazırlayıb
Kayseri şəhərindəki Erciyəs universiteti azərbaycanlı müəllim, dosent Qafar Mehdiyevin (Qafar Çaxmaqlı) “Ermenice dersler (kendi-kendine ermenice öğrenenler için)» kitabını çapdan buraxıb. 330 səhifəli kitabının nəşri ilə bağlı APA-ya açıqlama verən Qafar Mehdiyev, əsərinin erməni dilini öyrənmək istəyənlər üçün Türkiyədə ilk metodik xarakterli dərslik olduğunu deyib. Kayseridəki Erciyəs universitetində Türkiyənin ilk ermənişünaslıq kafedrasını yaradan dosent Qafar Mehdiyev (Çaxmaqlı) sözlərinə bu şəkildə davam edib: ”Türkiyəyə qarşı “soyqırım” böhtanlarının gündəmi daha çox məşğul etdiyi bu günlərdə ölkədə ermənicə bilən və mənbələri orijinaldan araşdıracaq olan türk mütəxəssislərə böyük ehtiyac yaranıb. Bu kitab təkcə ali məktəblərdə deyil, erməni dilini sərbəst şəkildə öyrənmək istəyənlər üçün də önəmli bir vəsait olacaq”.
Alim bu səpkili dərsliyə Azərbaycanda da ehtiyac olduğunu bildirib: “Çünki istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı atılan böhtanlara obyektiv şəkildə cavab verə bilmək üçün erməni dilini yaxşı öyrənməyimiz və mənbələri orijinaldan oxuya bilməyimiz lazımdır.
Qafar Mehdiyev bildirib ki, Ərciyəs universitetində ermənişünaslıq kafedrasını yaradılandan sonra Türkiyənin digər elmi qurumları, araşdırma mərkəzləri, QHT-ləri, dövlətin müvafiq qurumları bu işə ciddi maraq göstərirlər. Q.Mehdiyev yaxın gələcəkdə ermənicə-Türkcə və Türkcə-ermənicə hazırladığı lüğətləri çapa verəcəyini qeyd edib. Bundan əlavə Türkiyənin və Azərbaycanın “erməni problemi” ilə bağlı geniş miqyaslı araşdırmalarını da çapa hazırladığını bildirib. O, həmçinin, 2013-cü ildə türkcə çapdan çıxmış “Ermeni düşüncə sistemi və terör” adlı kitabının dünya miqyasında böyük maraq doğurduğunu bildirərək, hazırda kitabın bir neçə dilə tərcümə olunduğunu qeyd edib.
Ankarada çapdan çıxan “Yeni Türkiye” adlı toplumun dekabr sayında Qafar Mehdiyevin “Türk-ermeni dil ilişkileri ve Türkçenin ermeniceye etkisi” adlı iri həcmli məqaləsi çap edilib.