Muəllif:

Putinin qılınc oynatması

Hamı Krım avantürasını gərginliklə izləyir. Əksəriyyət bu fikirdədir ki, çeçen müharibəsi və Gürcüstana hücumdan sonra ağzında şirə qalmış V.Putin Krımı zor gücünə Rusiyaya birləşdirməklə beynəlxalq təhlükəsizlik sisteminə böyük zərbə vurub. 1991-ci ildən əldə olunmuş beynəlxalq konsensus sual altında qalıb. Buna görə dünya bir-birinə dəyib, Avropa, Asiya, Qafqaz səksəkə içindədir. Çünki söhbət zor gücünə sərhədləri dəyişməkdən və etnik mənsubiyyətin vətəndaşlıqdan üstün tutulmasından gedir. Yəni Putin öz avantürası ilə bəyan edib ki, etnik rus olmaq, məsələn, Ukrayna vətəndaşı olmaqdan daha önəmli amildir. Beləliklə, bu addım bütün dünyada separatizmi şirnikləndirir, qlobal nizamsızlığa yol açır və bəşəriyyəti böyük təhlükələr qarşısında qoyur. Hərçənd parçalanma çanağının əvvəl-axır Rusiyanın öz başında çatlayacağı və onun ayrı-ayrı ölkələrə bölünəcəyi də istisna deyil.
***
Putinin hələlik ciddi müqavimətlə üzləşməyən davranışları adamlarda belə bir qənaət yaradır ki, sanki Hitler yenidən xortlayıb. Amma bəzi psixi pozuntularının oxşarlığına baxmayaraq, siyasi mübarizələrdən keçmiş Hitleri cığal Putinlə müqayisə etmək olmaz. Heç mitili çıxmış indiki Rusiyanı 30-cu illərin sonundakı sənayeləşmiş Almaniyaya bənzətmək də doğru deyil. Hitler dünya müharibəsini başlayarkən, heç olmasa İtaliya və Yaponiya ilə müttəfiqliyə istinad edirdi. Rusiya isə Krımı işğal etməklə tam təcrid vəziyyətinə düşüb, hətta Çin də bu məsələdə onu dəstəkləmir.
Dəlisov, zərərli və qeyri-standart qərarlarına görə V.Putini bir vaxtlar SSRİ-yə rəhbərlik etmiş N.Xruşşov və M.Qorbaçovla da müqayisə etmək yanlışdır. Qərb analitiklərinin birinin dediyi kimi, Putin Krım məsələsində siyasətçi düşüncəsi ilə yox, əsl «KQB» zehniyyəti ilə hərəkət edib. Bu davranışı ilə o, Qərblə Rusiya arasında dərin uçurum yaradaraq 20 il əvvəl tarixə gömülmüş soyuq müharibəni yenidən alovlandırıb.
Talesiz rus şairi O.Mandelştam bir vaxtlar yazırdı ki, «xoşbəxt o ölkədir ki, alçaq hərəkətləri nifrətlə qarşılayır». Rusiya xoşbəxt ölkə deyil, o səbəbdən də Putinin Krım alçaqlığına görə hələlik yalnız eyforiya yaşanır, onun imperiya jestləri korazehin beyinlərə yalançı qığılcımlar səpir. Rusiya siyasi elitası bu işğal cinayətinə şərik olduğunu nümayiş etdirir. Susdurulmuş azad media nəfəs çəkə bilmir. Rus televiziyası K.Ernst kimi diktatorun nəzarəti altında inildəyir.
Rusiyaya fəlakət gətirən Krım müharibəsinə yalnız azsaylı demokratlar etiraz edir, çünki bu adamlar korrupsioner Putinin kim olduğunu, onun hansı niyyətlər güddüyünü yaxşı bilirlər. Bu adamlar Rusiyanın üzləşdiyi mənəvi, siyasi, sosial-iqtisadi fəlakətləri görürlər.
Hərbi sənayedən başqa heç bir texnologiyası olmayan, yalnız silah satmaqla və təbii ehtiyatların ixracı hesabına pul qazanan Rusiyanın iqtisadiyyatı indi ağır durumdadır. Məhkum olduğu bu ağır vəziyyəti son 24 ilin statistikası da sübut edir. Həmin statistikaya görə, bu illər ərzində müəssisələrin 92 faizi bağlanıb, aqrosənayedə müəssisələrin 93 faizi fəaliyyətini dayandırıb, ölkədə 38 min yaşayış məntəqəsi — kəndlər və qəsəbələr tamamilə boşalıb. Rusiya əhalisinin 72 faizi yoxsulluq həddində yaşayır, hökumət 42 milyondan çox adamı işlə təmin edə bilmir, ölkədə 21 milyon nəfər xroniki alkoqolikə çevrilib ki, bunların da 19 milyonu etnik rusdur.
Bəs belə bir durumla Rusiya «hərbi qənimət» kimi ələ keçirdiyi Krımı necə saxlayacaq? Axı Krımı saxlamağa pul lazımdır, 600 minə yaxın pensiyaçıya müavinət, 200 min dövlət qulluqçusuna büdcədən maaş verilməlidir. Yəni əhalinin 40 faizini Rusiya büdcəsinin ayırdığı subsidiyalarla dolandırmaq lazım gələcək ki, buna da ildə bir milyard dollardan çox lazım olacaq. Tutaq ki, ilkin dövrdə Krım ruslarını peşman etməmək üçün bu pullar tapılıb veriləcək, bəs sonra?
***
Son günlərə qədər Qərbin Rusiyanın davranışlarına münasibəti bir qədər mülayim görünür və adamı başqa fikirlərə salırdı. Lakin Obamanın G-8 forumundakı son bəyanatları və Avropa Birliyindən gələn mesajlar göstərdi ki, Qərb tədricən sözdən işə keçir. Bir tərəfdən Ukraynaya maliyyə yardımları ayırır, digər tərəfdən isə Rusiyaya qarşı sanksiyaları genişləndirir.
Əslində, Qərbin soyuqqanlı taktika seçməsi doğrudur, çünki hərbi qarşıdurma Putinin «qəhrəman» obrazını möhkəmlədə bilər, amma iqtisadi zərbələr onu mütləq çökdürəcək. Elə indidən sanksiyaların Rusiya iqtisadiyyatına təsiri ilə bağlı Moskvanın özündə bədbin fikirlər səslənir. Artıq bu ilin iki ayında ölkədən 35 milyard dollar xarici kapital çıxarılıb. Ekspertlər tezliklə bu rəqəmin 65 milyard dolları keçəcəyini düşünürlər. Daxili bazarda investisiyalara tələbatın azalması ölkə iqtisadiyyatının durğunluq ərəfəsində olduğunu göstərir.
İlin əvvəlindən bu yana Rusiya rublu 10 faiz dəyərsizləşdiyindən ölkənin daxili borcu da məhz o qədər artıb. Üstəlik, ölkənin dövlət büdcəsinin kəsirinin bu il 55 milyard rubl olması gözlənilirdisə, Krımın işğalı ilə bağlı bu rəqəmin artacağı qaçılmazdır. Ötən həftə Rusiyanın kredit reytinqi də sabitdən mənfiyə doğru dəyişib. Obamanın vəd etdiyi qaz ABŞ-dan Avropaya gələrsə, onda Rusiyanın halını təsəvvür etmək çətin olmayacaq.
Əlbəttə, bütün bunlar Rusiya əleyhinə olan iqtisadi tədbirlərin başlanğıcıdır. Amma güman ki, hazırda dilə gətirilməyən hərbi tədbirlər də görüləcək. İndi vaxt udmağa və Putini qıcıqlandırmamağa çalışan Qərbin Ukraynanın şərq sərhədlərinə birgə qoşun yeritməsi mümkün variantdır. Eyni zamanda milli ruhun dirçəldilməsi və Krım itkisinin əvəzinin çıxılması üçün Kiyevin təşəbbüsü ilə lokal döyüşlərin baş verəcəyi də istisna deyil.
Əlbəttə, Krımla başlanmış Putin avantürasının başqa və daha təhlükəli ssenariləri də mümkündür. Hələlik isə «qələbə» eyforiyası yaşayan rus ordusunun tankları Ukraynanın şərq sərhədlərinə doğru irəliləyir. Bunun blef, yoxsa ciddi niyyətlər olacağını isə yaxın günlərin hadisələri göstərəcək.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 326