Muəllif:

Pulumu istədim, məni bıçaqladılar…

Bu məsələnin böyüdülməsini istəmirəm. Alacağım vardı. Onu istəmək üçün yaxınlaşdım, amma pulumu qaytarmaq əvəzinə məni bıçaqladılar. Bu sözləri apasport.az saytına Gəncədə bıçaqlanan “Kəpəz” klubunun sabiq baş məşqçisi Mehman Hacıyev deyib.

Yanvarın 28-də bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən  40 yaşlı Hacıyev artıq özünü yaxşı hiss edir. O, əməkdaşımızla söhbətində 3 nəfərlə mübahisə zamanı bıçaqlandığını bildirib:

“Öncədən görüş təyin olunmamışdı, təsadüfən çayxanada rastlaşdıq. 3 nəfər idilər. Birinin mənə verəcəyi vardı, onu istədim. Aramızda xırda mübahisə oldu. Lakin gözlənilmədən arxa tərəfdə duran adam məni yumruqla vurdu, sonra isə bıçaqla xəsarət yetirdilər. Onlar həbs olunub-olunmamaqları ilə bağlı məlumatım yoxdur”.

Bu faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb.   Əslən gəncəli olan Hacıyev xeyli müddət  «Simurq»da çalışsa da, yanvarın əvvəllərində Zaqatala təmsilçisindən ayrılmışdı. O, 2013-cü ildə UEFA-nın «C» kateqoriyasını almış məşqçidir. Futbolçu karyerası ərzində «Kəpəz» (1992-2000), «Qarabağ» (2000-2002) kimi klublarda top qovub. 1994/95 və 1998/99-cu illərdə ölkə çempionu olub, 3 dəfə kubokun qalibi adını qazanıb.

Məşqçi karyerası ərzində isə «Kəpəz»də əvəzedici heyətin baş məşqçisi, əsas komandanın baş məşqçinin köməkçisi kimi çalışıb. 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130