Muəllif:

Prezident: Çox güclü sənaye potensialı yaradılacaq

Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmayıb. Bu, böyük tarixi nailiyyətimizdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır, iqtisadiyyat üç dəfədən çox artıb. Ölkədə böyük sosial layihələr, sosial proqramlar icra edilir, iqtisadi islahatlar, eyni zamanda, sosial məsələlərin həllində də bizə kömək göstərir.

Prezident İlham Əliyev Bakıda, milli bayram — Novruz münasibətilə ümumxalq şənliyindəki nitqində daha sonra deyib ki,  iqtisadi potensialın artırılması üçün daha da gözəl imkanlar var:

“ Çünki biz artıq iqtisadiyyatımızı şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10 faiz, bu ilin iki ayında təxminən 9 faiz artıb. Yəni, bu, onu göstərir ki, iqtisadiyyatla bağlı qarşıda duran əsas vəzifələr uğurla icra edilir. Gələcək illərdə bu sahədə islahatlar davam etdiriləcək. Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaq. Bundan sonra Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf edəcək. Artıq biz bunu görürük və bölgələrdə aparılan işlər, sənayenin, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı olan təşəbbüslər öz səmərəsini verməkdədir”.

“Biz iqtisadi sahədə apardığımız islahatlarla dünyanın aparıcı iqtisadi qurumlarının da yüksək qiymətlərinə layiq ola bilmişik. Bu gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görüb. Bu, islahatlar nəticəsində əldə edilmiş uğurlardır. Ancaq istənilən islahat ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasında özünü büruzə verməlidir və bu, özünü göstərir. Bu gün yoxsulluq şəraitində yaşayan soydaşlarımızın sayı getdikcə azalır, işsizlik aradan götürülür”, deyə İ.Əliyev vurğulayıb.

Azərbaycanın dünyada çox önəmli enerji təchizatçısı olduğunu xatırladan İ.Əliyev, keçən ilin sonunda Avropanın ən böyük infrastruktur layihəsinə Bakıda start verildiyini bildirib:

“Uzun illərdir ki, “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı danışıqlar gedirdi. Mən təqribən son 7-8 il ərzində ondan çox beynəlxalq tədbirdə iştirak etmişəm. Ancaq bu tədbirlərin nəticəsi olmamışdı. Bəyanatdan başqa heç bir praktiki addımlar atılmamışdı. Azərbaycan dövləti bu sahədə də liderliyi, bütün məsuliyyəti, siyasi, iqtisadi, maliyyə məsuliyyətini üzərinə götürərək bu layihəyə də start verdi. Bu layihə bizim uğurlu gələcəyimizi təmin edəcək, Azərbaycanda sosial problemlərin həllinə kömək göstərəcək. Bu layihə Azərbaycanı dünya miqyasında önəmli güc mərkəzi kimi təqdim edəcək və bizim uzunmüddətli, dayanıqlı inkişafımızı şərtləndirəcəkdir”.

“Gələcək inkişafımızla bağlı bu ilin əvvəlində də önəmli addımlar atılıb. Keçən ay regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib. Qalan sosial və iqtisadi məsələlər də 2018-ci ilə qədər bu proqramın icrası nəticəsində öz həllini tapmalıdır. Beləliklə, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir”, — deyə  Əliyev bəyan edib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 148