«Press-köşk» zərərçəkəni Veronika Tarbayeva: “Hüquqlarımı tam bərpa edəcəyəm”
Bu gün Bakı sakini Veronika Tarbayeva mülkiyyət hüququnun pozulması ilə bağlı RATİ-də mətbuat konfransı keçirib. Məsələnin mahiyyəti budur ki, V.Tarbayeva 2012-ci ilin iyulunda ticarət məqsədilə metronun “Neftçilər” stansiyası yaxınlığında press-köşk icarəyə götürüb. 2012-ci ilin avqust ayı üçün icarə haqqını 1000 manat olaraq ödəyib. Amma sentyabr ayında icarə haqqı 1500 manat tələb edilib. İcarədar icarə haqqının belə qaldırılmaısna təəccüb ifadə edib. 1500 manat icarə haqqını ödəyəcəyi, amma buna görə qəbz tələb edəcəyini söyləyib.
Bu tələbdən sonra, yəni sentyabrın 4-də Tarbayevanın icarədarı olduğu köşk 11 min manatlıq əmtəəsilə birgə ona xəbər edilmədən götürülüb, Bakı Şəhər Ticarət Departamentinin anbarına aparılıb. Buna cavab olaraq V.Tarbayeva ona dəyən 11 min manat ziyanın ödənməsini tələb edir.
Cəmi bir ay icarədarlıq etmiş Tarbayeva artıq iki ildir ki, haqları uğrunda mübarizə aparır. Hüquq-mühafizə orqanlarına davamlı müraciətlərindən sonra 2013-cü ilin dekabrında ona dəyən ziyanın 5 min manatı ödənilib. 2014-cü ilin fevralında isə qalan 6300 manat ödənilib.
Amma icarədar bununla kifayətlənmək fikrində deyil. 2012-ci ilin avqustunda ondan alınan 1000 manat icarə haqqının ödənilməsinə dair qəbzin verilməsini, ya da pulunun qaytarılmasını tələb edir.
Özünün onkoloji xəstə, evdə bir neçə xəstəsi olduğunu deyən Tarbayeva bu köşkün evlərinə gəlir gətirən yeganə mənbə olduğunu bildirib. Vaxtilə əlində olan pulunu mal alaraq köşkə yığdığını nəzərə çatdırıb.
“Mən qanuni işləmək tələbi qoydum, buna cavab olaraq mənim mülkiyyət hüququm əlimdən alındı. Amma bununla barışmaq fikrində deyiləm, hüquqlarımı tam bərpa edənə kimi mübarizəni davam etdirəcəyəm”, — Tarbayeva bildirib.