Polis qanunsuz küçə ticarəti və qəzet satışının qarşısını alacaq
Bakı Şəhər Baş Polis İdarəsi polisin səyyar qəzet satışına imkan verməməsi barədə xəbərləri təkzib edib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti bildirir ki, polis tərəfindən qəzet satışına qadağaların qoyulması barədə məlumatların heç bir əsası yoxdur. “Paytaxt polisi şəhər İcra Hakimiyyəti ilə birlikdə qanunsuz küçə ticarətinə qarşı müvafiq tədbirlər həyata keçirir və bu, primitiv qaydada kustar üsulla hazırlanmış rəflərin üzərində olan qəzet-jurnal satışının da qarşısının alınması həmin tədbirlərin tərkib hissəsidir. Vətəndaşların küçə ticarətinin qarşısının alınması ilə bağlı çoxsaylı müraciətləri gündən-günə gözəlləşən şəhərimizin simasına xələl gətirən hər cür əldəqayırma satış nöqtələrinin yığışdırılmasını zəruri edir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti və Baş Polis İdarəsi əhalinin haqlı narazılığına səbəb olan belə neqativ hallara qarşı tədbirləri mütəmadi olaraq davam etdirəcək”.
Mətbuat xidməti onu da bildirir ki, qanunsuz küçə ticarəti yığışdırılıb, xüsusi icazə əsasında fəaliyyət göstərmək üçün müxtəlif yollarla əldə edilən sənədlər isə artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ləğv edilib.
Xatırladaq ki, Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr 1 yanvar 2014-cü ildən ləğv edilib.
Bakı Şəhər Ticarət və Xidmət Departamentindən bildirilib ki, bundan sonra paytaxt ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız və yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək.