Pərviz Həşimliyə qarşı ittihamda dəqiqləşdirmə aparılıb
Həbsdə olan “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimliyə qarşı yeni məzmunda ittiham elan olunub. Bu barədə APA-ya məlumat verən vəkili Elçin Sadıqov bildirib ki, bu gün Həşimli ilə görüşüb. Sadıqov istintaq orqanı tərəfindən Həşimliyə qarşı CM 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi ilə yeni ittiham irəli sürüldüyünü deyib. Həşimlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaqın yekunlaşmaq üzrə olduğunu da deyib.
Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, CM 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Həşimli barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.