Paytaxtda hansı yollar təhlükəli və problemlidir?
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda bu saata təhlükəli yolların siyahısını açıqlayıb. Bu gün bəzi yolların buz bağlaması ilə əlaqədar Bakı-Sumqayıt şosesi — Dairəvi yol, Abdulvahab Salamzadə küçəsi (yol ötürücüsünün üstü) Abbas Mirzə Şərifzadə küçəsi (İnşaatçılar m/st. istiqamətində), Talıblı küçəsi (Yeni Yasamal), Badamdar şosesi, Qələbə dairəsi, Təbriz küçəsi (tunel), Alfred Nobel prospekti, Gəncə prospekti, Qara Qarayev prospekti, Heydər Əliyev prospekti (Bağırov körpüsü — tunel) istiqamətlərində hərəkət edən sürücülərə daha ehtiyatlı olmaları tövsiyə olunur.
Bu saata Xocasən yolunda 30 yük avtomobili batıb. Paytax Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Bakı Şəhər İH Qış qarajının və yol polisinin birgə tədbirləri nəticəsində paytaxt ərazisi, xüsusilə paytaxtın mərkəzi qardan tam təmizlənir.
Əsədov bildirib ki, Yasamal rayonu, Günəşli və Xocasən-Sumqayıt istiqamətində nəqliyyatın hərəkətində problem yaranıb. Xüsusilə Xocasən-Sumqayıt istiqamətində 30 yük avtomobili yolda qalıb. Baş verən hadisə ilə əlaqədar qeyd edilən istiqamətdə tıxac yaranıb. Hazırda Bakı Şəhər İH, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin əməkdaşları hadisə yerində müvafiq tədbirlər görür.
Şöbə rəisi bu saata qədər paytaxt ərazisində 30 yol qəzasının baş verdiyini bildirib. Bu qəzalarda 4 sürücü hadisə yerindən yayınıb. Ümumilikdə baş verən qəzalarda xəsarət alan olmasa da, 3 piyada sürüşərək xəsarət alıb.
Əsədov sürücülərə müraciətində idarə etdikləri nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamağı və mövsümi təkərlərdən istifadə etməyi, nəqliyyat vasitələrini sürət qutusunun birinci ötürücüsü ilə idarə etməyi, ümumiyyətlə, avtomobil sahiblərinə ictimai nəqliyyat vasitələri ilə hərəkət etməyi tövsiyə edib.