Muəllif:

Parisin ən qeyri-adi restoranları barədə nə bilirik?

Əcnəbilər fransız restoranlarını əla keyfiyyətinə, qonaqpərvərliyinə və incə zövqünə görə həmişə layiqincə qiymətləndiriblər. Qeyri-adi restoranlara gələnlər digər restoranlarda görmədikləri, dadmadıqları, duymadıqları, bir sözlə yadda qala bilən bir hissiyatın axtarışında olurlar. Parisdə restoranların sayı-hesabı yoxdur, bəziləri qeyri-adi xarici görünüşü və daxili tərtibatı ilə kənardan cəlbedici görünmür, yalnız daimi müsafirləri onların füsunkar özəlliklərini və nəyə qadir olduqlarını yaxından bilir. Məşhur «Bakkara Evi» (Maison Baccarat)  unudulmaz xatirələrlə yadda qalır. Opera sənətçilərinin iştirakı ilə şam yeməyi, boyakarlıq əsərlərini, heykəltəraşlıq örnəklərini və musiqini tamamlayan nadir nahar süfrəsi, zil qaranlıqda keçən məftunedici istirahət axşamı…Bütün bu cəlbedici və diqqəti yayındırıcı amillər heç də aclığınızı sizə unutdurmur.

Fransız mətbəxində yaranmış yeni bir meyl müştəriləri qeyri-adiliklə məftun etməkdir. Bir sıra restoranların sahibləri orijinallıq nümayiş etdirərək qonaqları yeni — qeyri-adi bir tapıntı ilə cəlb etmək qərarına gəliblər. Məqsəd restorana gələnlərə ləziz yeməklərlə yanaşı, həm də xoş əhval-ruhiyyə bəxş etməkdir.

Məşhur büllur muzeyi «Bakkara Evi» (Maison Baccarat)  — bütün dünyada geniş şöhrət qazanıb. O, Parisin 16-cı rayonunda Mari-Lor dö Noaya (Marie-Laure de Nouailles) məxsus məşhur malikanədə yerləşir. «Bakkara Evi» malikanənin muzey kimi istifadə olunması üçün onun bərpasını istedadlı dizayner Filip Starka həvalə etmiş və onun səyi nəticəsində malikanənin zalları sanki yenidən həyata qaytarılmışdır. Öncə bu sözlər binanın birinci mərtəbəsində yerləşən, fransız məharətinin kvintisensiyası olan “Büllur otaq” (Cristal Room) adlı restorana aiddir. Burada dünyanın ən tanınmış aşpazlarından biri olan Gi Martənin incə zövqlə hazırladığı xörəkləri dadmaq olar. Restoranın dekorasiyası, qəribəliyi və qeyri-adiliyi ilə, diqqəti cəlb edir: təmtəraqlı barokko üslubunda hazırlanmış bərq vuran çilçıraqlar və şamdanlar…mərmərlər, qızıl çərçivəli güzgülər, qiymətli ağac növləri, xoş bir həmahənglik yaradır. Əsas etibarı ilə imkanlı əcnəbilər üçün nəzərdə tütulmüş, ayrıca balkonu olan çəhrayı zal olduqca valehedicidir, burada müsafirlərin qəbulu və onlara göstərilən xidmət hər kəsi heyran edir.

“Qaranlıqda” (Dans le noir) restoranı adına sadiq qalaraq müştərilərini tam qaranlıqda qəbul edir. Restoranın qaranlığa qərq olmuş zalında qonaqlara adət etdikləri mühitdən fərqli olan yeni bir ambians təklif edirlər, görmə hissi arxa plana çəkilir və qoxu, dad, eşitmə, kimi duyğular müsafirlərin yardımçısına çevrilir. Zil qaranlıqda yalnız nadir halllarda deyilmiş bir neçə söz və ya pıçıltı diqqəti yayındıra bilər. Yeməklər adətən mövsümə uyğun hazırlanır, gözdən məhrum olan insanlar tərəfindən qonaqlara təqdim edilir və müsafirlər yalnız naharın sonunda onun nədən ibarət olduğunu təyin edə bilirlər. 2004-cü ildə açılmış “Qaranlıqda” restoranının indiyədək 150 000 qonağı olub və  bu uğuru inkişaf etdirərək Londonda, Barselonada, Sankt-Peterburqda filiallarını açıb.

Bel Canto restoranının qapısını açıb içəri daxil olan hər kəs özünü qızılı, zəfəran və alov şöləsi rəngində olan bir mühitə düşdüyünü hiss edir. Burada hər axşam, opera sənətçiləri və pianoçular, peşəkarlar və ya konservatoriya tələbələri səhnə paltarında ikili xidmət göstərirlər, onlar həm xörəkpaylayan rolunda çıxış edir, həm də operalardan ən məşhur ariyaları ifa edirlər. Bel Canto restoranında sanki iki aləm, lirik mahnılar və mətbəx mədəniyyəti bir-birinə qovuşur. Proqramda Verdi, Puççini, Motsart, Offenbax və ya Satinin əsərləri bir-birini əvəz edir. Masadan-masaya keçən xidmətçilər müsafirlərə solo, duet və ya qrup şəklində  yemək və ya içki təklif edir, Karmen və ya Sehirli Fleyta operalarından parçalar ifa edirlər. Birinci Bel Canto öz qapılarını müştərilərin üzünə 2000-ci ildə, Parisdə, Sena sahilindəki Paris Bələdiyyəsinin binasında, 2004-cü ildə Nöyyidə, 2008-ci ildə Londonda açıb.

İncəsənətin, yaradıcı qastronomiyanın, fərdi şərab ustalarının və kolleksiya şərablarının biri-birini tamamladığı hesab edilən 1728 restoranı hər il 40.000 qonaq qəbul edir. Madelen və Yelisey sarayı arasında yerləşən bu zəngin və hətta demək olar  bahalı restoran XV Lüdovikin sərkərdəsi və memarı Antuan Mazənin 1728-ci ildə inşa etdirdiyi malikanədə fəaliyyət göstərir. Bir vaxtlar markiz Dö La Fayetin yaşadığı bu binada indi mətbəx mədəniyyəti boyakarlıq, heykəltəraşlıq və musiqi ilə yaxın münasibət qurmağa müvəffəq olub. Buraya gələnlər o çağın zəngin tarixi və incəsənət əsərlərinin örnəkləri – nadir mebellər, divarların ağac məmulatlarla bəzəyi və qədim musiqi alətləri ilə tanış olurlar. Eləcə də bir badə Nuits-Saint-Georges şərabının dadına baxıb XVIII yüzil rəssamının əsərini də almaq olar. Mətbəxə gəldikdə isə onu demək lazımdır ki, burada müsafirlərə təklif olunan mal əti filesi, qazın köhnə zamanlardakı reseptə əsasən marinad edilmiş qara ciyəri, zəncəfillə şirəyə qoyulmuş qreypfrut 1728 restoranında çalışanların ustalıqlarını və yüksək mətbəx mədəniyyətini bir daha sübut edir.

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 293