Palçıq şəhərin palçıq adamları
Adətən, əlin sükan tutanda, gözün yolda olur. Ətrafa çox diqqət yetirmirsən. Yolqırağı evlər, xırda dükanlar Çində istehsal olunmuş solğun uşaq kitablarının fırlanan karton rəsmləri kimi ötüb gedir. Bu dəfə Balaxanıdan keçəndə sürəti tam azaltmalı oldum. Çünki yağışdan sonra asfalt siçan yemiş döşək ağına bənzəyirdi, dəlmədeşiklərinin sayı yox idi. O qədər yavaş sürürdüm ki, darıxdığımdın ətrafı seyr etməyə başladım.
Burda əməlli-başlı palçıq şəhərcik varmış ki!
Mən yağış altında qar kimi əriyən asfaltdan şikayət edirəm, bu bədbəxt piyadaların heç səkiləri də yoxmuş ki!
Səhər-səhər işə getmək, ya qayqanaq, şirin çayına çörək almaq üçün evindən çıxmalı olan adamların yerişi qəribə heyvanların hərəkət trayektoriyasını xatırladır. Onlar qabağa sağa-sola tullana-tullana gedirlər. Belə başa düşürəm ki, lığ gölməçələrinin içinə düzdükləri daşların üstü ilə yeriməyə çalışırlar. Görkəmindən yazıqlıq yağan palçıqlı evlərin əksəriyyəti müxtəlif ölçülü borular və elektrik kabelləri ilə elə bərk-bərk çataqlanıblar ki, sanki boş buraxsan, qaçacaqlar. Mən evləri başa düşürəm. Adamları yox.
Bu palçıqlı məxluqlardan hansı gözəl işlər, hansı inkişaf, hansı yüksək düşüncə gözləmək olar? Bu lığın içində böyümüş uşaqlardan vətənə necə vətəndaşlar çıxacaq?
Gedirsən, gedirsən, palçıq gölməçələr bitmir və onların içi ilə palçıq adamlar yeriyir.
Şəhərdə ucuz zövqlü dəbdəbəli saraylar (Heydər Əliyev prospektində vergi departamentinin malikanəsi, «Azadlıq» prospektində «Hollivud» şadlıq sarayı kimi) tikənlər, bir küçəni ildə iki dəfə asfaltlayanlar, dünən (sözün hərfi mənasında) bahalı-bahalı daşlarla üzlətdikləri binaları bu gün (Allah haqqı, sözün hərfi mənasında) buldozerin ağzına verib uçuranlar, görəsən, heç bu palçıq şəhərciyin də içindən keçiblərmi? Bu kenquru-adamları görüblərmi?
Axır ki, axşam yuyulmuş, indi isə pəncərələrinəcən zığa batmış maşınım Heydər Əliyev prospektinə çıxır. Bura «hökumət trassası»dır. Ona görə də yolun solu-sağı gül-çiçəklə, gözəl şəbəkəli hasarlarla bəzədilib.
Yavaş-yavaş hündür hasarın o tayındakı palçıq dünyasını unuduram. Bir də, Allah insanı palçıqdan yaradıbsa, onun bəndələrinin palçıqda yaşamasında nə qəbahət var?
[email protected]