Özünü körpüdən ataraq intihar etdi
Koroğlu metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını bildirib. Ətrafdakılar dərhal FHN və polisə bu barədə məlumat veriblər. Dərhal hadisə yerinə gələn FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər özünü körpüdən atmaq istəyən şəxsi bu fikrindən dönməyə çağırıblar. Lakin, kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb.
20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
FHN saytına istinadən, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin intihar etmək məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib.
Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd etsələr də, vətəndaş heç bir psixoloji bağlantıya girməyib və intihar niyyətini həyata keçirib. O, körpünün qoruyucu dirəklərinə dəyərək təhlükəsizlik yastığının üzərinə düşüb və dərhal Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.