Muəllif:

Özünəqəsd dəbi

Ankara

Ankaraya təzə köçmüşdük. Həyat yoldaşım evdə təmizlik işləri ilə məşğul idi. Birdən ayağı sürüşüb yıxıldı. Həkim müayinəsindən sonra məlum oldu ki, qolunda sınıq var. Qoluna gips qoyulduğu üçün bir aydan artıq müddətə ev işlərinin böyük hissəsi mənim boynuma düşdü.
Nə özümü gözə soxmaq, nə də həmcinslərimin halıma yanıb göz yaşları tökməsi üçün bütün bunları yazıram. Məqsədim tam başqadır.
Deyirlər ki, kişinin başı qalda gərək. Həmin dönəmdə mənim başım daima qalda idi. Həyat yoldaşımın qolundakı gipsin açılmasına çox az qalmışdı. On gündən çox olmazdı. Bu azabın sonunu səbirsizliklə gözləyirdim. Amma, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır.
Bir gün qaynar su dolu qazanı ocağın üstündən götürərkən yaş yarımlıq qızım diqqətimi yayındırdı. Qaynar su üstümə tökülməyə başladı. Qazanı bir kənara atmaq imkanı belə yoxdu. Çünki kiçik qızım ətrafımda dolaşırdı. Dəhşətli ağrılara baxmayaraq qazanı tələsmədən, çox ehtiyatla ocağın üstünə qaytarmaq məcburiyyətində idim. Bu isə vaxt tələb edirdi. Bu vaxt ərzində isə yanıq daha dərinə işləyirdi.
Qazanı ocağın üstünə qaytarandan sonra tələsik paltarımı dəyişdim, ənənəvi üsullarla yanıq ağrısını azaltmağa çalışdım. Amma faydası olmadı. Ağrıdan huşumu itirmək dərəcəsinə çatmışdım. Qonşuluğumuzda Ankara Universitetində dərs deyən bir azərbaycanlı alim yaşayır. Həyat yoldaşı da həkimdir. Ona zəng vurduq. Dava-dərmanı ilə bizə gəldi. Ağrılarımın azalması üçün əlindən gələni etdi.
Bir qalmaqallı həyat sürmüşəm. Çox şey görmüşəm. Düşünürdüm ki, fiziki ağrının nə demək olduğunu yaxşı bilirəm. Amma yanıq ağrısının nə qədər dözülməz olduğunu o vaxt bildim.
Son vaxtlar özünə od vurub intihar, yəni öz canına qəsd etmək, nə qədər əcaib səslənsə də, deyəsən, dəbə çevrilir. Son günlərdə iki üsulla həyata keçirilən iki intihar cəhdi oldu. Oxucularım günahımdan keçsinlər. Çünki baş verənlərin nə qədər anlamsız və məntiqsiz olduğunu nümayiş etdirmək üçün, bilərəkdən daşqəlbli, ətrafında baş verə biləcək ən böyük faciəyə belə kinayəli münasibət sərgiləyə biləcək bir yanaşma nümayiş etdirəcəyəm.
Deyirlər ki, ən böyük faciə belə gec-tez məzhəkə şəklində təkrar olunur. Son dövrlər Bakıda özünə od vurub yandırmaq yolu ilə iki intihar cəhdinin şahidi oulduq. Biri «uğurlu» oldu. Özü də hər mənada. Yəni insan qarşısına qoyduğu bütün məqsədlərə «nail oldu». Bu dünyadakı cəhənnəm əzabından azad oldu.
Hər halda ortamüddətli vədədə ailəsinin qarşılaşdığı və qarşılaşa biləcəyi bütün maddi problemləri həll etdi.
İkincisinin «bəxti» Qarabağ əlili qədər «gətirmədi». Əvvəla, belə görünür ki, bu dünyanın əzablarından canını qurtara bilməyəcək. Deyilənə görə, həyatı üçün heç bir təhlükə yoxdur.
Problemləri varsa, bunsuzsa ola bilməz, onları da həll edə bilməyəcək. Çünki onun intihar cəhdini hüquq-mühafizə orqanları artıq məzhəkəyə çevirdilər.
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərovun Bakıda özünü yandırması faktı ilə bağlı birgə məlumat yayıb.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 28-də saat 17.40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərov sərxoş halda üstünə benzin tökərək özünü yandırıb.
5 saylı şəhər Xəstəxanasına yerləşdirilmiş A.Ələkbərovun vəziyyəti orta ağırdır. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırmalar aparılır. Suraxanı rayonu 32 nömrəli polis bölməsinin əməkdaşlarının dediyinə görə, Ələkbərov o dərəcədə sərxoş olub ki, özünə gələndən sonra nə səbəbə intihara cəhd etdiyini, yəqin ki, yada sala bilməyəcək. Tam bir lağlağı. Yəni cənab Ələkbərov kefi zor, damağı çağ olduğuna görə canına qəsd edib. Bu versiyanın nə dərəcədə həqiqətə uyğun olduğunu bilmirəm. Amma onu deyə bilərəm ki, A.Ələkbərovun intihar cəhdini məzhəkəyə çevirmək həyati zərurət idi. Belə olmasaydı, Azərbaycanda intihar epidemiyası başlaya bilərdi. Bir çoxları ən azından ailələrinin qarşılaşdığı maddi probemləri dövlət orqanlarının və ayrı-ayrı məmurların hesabına həll etmək həvəsinə düşə bilərdilər. Nə dövlətin, nə də bizim məmur-oliqarxlarımızın büdcəsi bu yükün altına girə bilməz. Dövlət çökərdi. Varlı-karlı məmur-oliqarxlarımızın isə hamısı iflasa uğrayar və müflis olardı. Çünki Azərbaycanda hayatından tamamilə razı olan çox az insan tapmaq olar. Buna yol vermək olmaz. Ən azından dövlət maraqlarına görə. Bu azmış kimi, insanları intihara «şirnikləndirdikləri» üçün bizim dövlət məmurlarımız Allah qarşısında çox böyük günah sahibi olardılar.
Çətinliklərdən bezən, ümidini itirən və problemlərdən bir çıxış yolu görə bilməyən insanların intihara meyilli olması mümkündür. Bir müsəlmanın belə bir hala düşməsi mümkün deyil. Allah belə buyurub:»Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən ümidini kəsənlər Onu tanımayanlar (inkar edənlər) dəstəsidir» (Yusuf, 12/87).
Qurani-Kərimin başqa bir yerində İbrahim peyğəmbərin (s.a.v.) dilindən belə deyilir: «Rəbbimin rəhmətindən ümidini yoldan çıxanlardan başqa kim kəsər?» (Hicr, 15/56).
Digər bir ayədə də belə buyurulur:»İnsan yaxşılıq istəməkdən heç bezib usanmaz. Amma ona bir çətinlik üz verdiyi vaxt bezib ümidsizləşir» (Fussilət, 41/49).
Əbu Hüreyrə (r. a.) Mühəmməd peyğəmbərin (s. a. v.) belə dediyini rəvayət edib:»Kim özünü bir dağdan atıb intihar etsə, o, özünü Cəhənnəm odunda həmişə atəşə ata-ata qalar. Sonsuza qədər belə davam edər. Kim zəhər içib intihar etsə, Cəhənnəm odu içərisində zəhəri əlində içə-içə qalar. Əbədi olaraq belə davam edər. Kim də bir dəmir parçası ilə intihar etsə, Cəhənnəm odunda həmin dəmirlə özünə vura-vura qalar. Sonsuza qədər belə davam edər».
Əbu Hüreyrə (r. a.) başqa bir rəvayətlə Mühəmməd peyğəmbərin (s. a. v.) belə dediyini nəql edib: «Özünü boğub intihar edən Cəhənnəmdə də boğar. Özünə bir şey batırmaqla intihar edən həmin şeyi Cəhənnəm atəşində də özünə batırar. Özünü hündür bir yerdən atıb intihar edən Cəhənnəmdə də özünü atar».
Səhl ibn Səəd (r. a.) aşağıdakı hədisi nəql edib: «Peyğəmbər (s. a. v.) müşriklərlə qarşılaşdı və onlarla döyüşdü. Elə oldu ki, peyğəmbər (s. a. v.) geri çəkildi. Düşmən tərəf də geri çəkildi. Peyğəmbərin (s. a. v.) əshabələrindən bir nəfər təkbaşına düşmənin arxasınca düşüb qılıncı ilə onları vururdu. Bəzi adamlar dedilər ki, bu gün bizim heç birimiz onun döyüşdüyü kimi döyüşə bilmədi.
Bu sözləri eşidən peyğəmbər (s. a. v.) belə buyurdu: «Amma o, cəhənnəmlikdir».
Adamlardan biri dedi ki, mən onu izləyəcəyəm; görüm bu işin axırı necə olacaq? Sonra onunla birlikdə getdi. Həmin şəxs harada dayandısa, bu biri də orada dayandı. Sürətini artırdığı vaxt bu da onunla ayaqlaşmaq üçün sürətləndi. Birdən elə oldu ki, düşmənin arxasınca düşüb döyüşən şəxs çox ağır bir yara aldı. Dərhal ölmək istədi. Bunun üçün qılıncını yerə qoyub ucunu öz sinəsinə dirədi. Sonra bütün ağırlığını var gücü ilə qılıncın üstünə salıb intihar etdi.
Yanındakı adam peyğəmbərin (s. a. v.) yanına gedib belə dedi: «Mən sənin, həqiqətən də, Allahın elçisi olduğuna şahidlik edirəm».
Peyğəmbər (s. a. v.) ondan soruşdu ki, sənə nə olub?
Həmin adam sözlərinə belə davam etdi: «Ey peyğəmbər, bayaq sən dedin ki, o adam cəhənnəmlikdir. Hamı buna təəccübləndi. Mən də demişdim ki, mən bu məsələylə maraqlanacağam. Odur ki, onun arxasınca düşdüm. Birdən o, ağır yaralandı. Dərhal ölüb getmək istədi. Ona görə də qılıncının qəbzəsini yerə söykəyib ucunu sinəsinə dirədi. Sonra bütün ağırlığını qılıncın üstünə salıb intihar etdi».
Bu sözlərdən sonra peyğəmbər (s. a. v.) belə dedi: «Bir insan insanların gözündə cənnətlik bir insan kimi rəftar edə bilər. Bu, mümkündür. Amma o, əslində cəhənnəmlikdir. Başqa bir insan da insanların nəzərində cəhənnəmlik kimi hərəkət edə bilər. Bu da mümkündür. Amma o, əslinə baxıldıqda cənnətlikdir» (mənbə: muselmanlar.com)
İndi deyin bizim başbilənlər, nazir-oliqarxlar, dövlət adamlarımız belə bir günaha ortaq, şərik ola bilərlərmi? Yox, yenə də yox! Onların nə qədər mömin, əməli-saleh müsəlman olması göz qabağındadır.
Onlar bizi Şeytanın toruna sala biləcək hər şeydən, yəni var-dövlətdən, pul-paradan, şan-şöhrətdən və nəhayət, hakimiyyətdən məhrum ediblər. Bütün yükü öz çiyinlərində daşıyırlar. Hər dəqiqə, hər saniyə ruhlarını cəhənnəm əzabından qurtarmaq üçün Şeytanla mübarizə aparırlar. Nəyə görə!? Bizim ruhumuzu Şeytanın sınağından keçmək təhlükəsindən xilas etmək üçün!!!
Bilərəkdən dövrümüzün qəhrəmanlarından heç birinin adını çəkmirəm. Mən özünü gözə soxan insanlardan deyiləm. Bir də ki, Əlinin yerinə Vəli, Vəlinin yerinə Əhməd ola bilərdi. Axı il ərzində onlarla, bəlkə də yüzlərlə belə faciə və ya məzhəkə baş verir. Dediyim kimi, bu dünyanın, başqa sözlə desək, sistemin bizə bəxş etdiyi cəhənnəm əzabından qurtulmaq istəyənlər az deyil. Bəlkə də düşündüyümüzdən də çoxdur. İstisna etmirəm ki, bir çoxlarını Allah qorxusu deyil, yuxarıda haqqında danışdığım dəhşətli fiziki ağrı təhlükəsi bu addımı atmaqdan çəkindirir.
Bir sözlə, bu sistem durduqca adlar önəmli deyil. Adlara xüsusi vurğu edənlərin fərqli maraqları var.
Məni isə narahat edən başqa problemdir. Bilmirəm, ruhumu o cəhənnəm odunda yanmaq təhlükəsindən necə xilas edim. Axı çox gözəl bilirəm ki, bu sistemi yaşadan, yəni bu günaha şərik və ortaq olan bizlərik. Özü də hamımız…
Amma yazdıqlarımı çox da ciddiyə almayın. Çünki hətta mən özüm onların hansı qisminin ciddi, hansı qismininsə lağlağı olduğunu deyə bilmərəm…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 228