Muəllif:

Özümüzü qoruya biləcəyikmi?

Bizim toplumun qorxduğu başına gəlib. Qoy heç kəs bizi məsələni tündləşdirməkdə qınamasın. Artıq elə bir hüduda gəlib dayanmışıq ki, bütün bunlar barədə danışmamaq, susmaq, sərt gerçəyi gözardı etmək sabah daha ağır situasiya ilə üzləşəcəyimizi vəd edir. Söhbət dini təmayüllü ekstremizmin bizim cəmiyyət həyatını alt-üst edəcəyi bir ortamın eşiyində dayandığımızdan gedir. Bu təhdid bütün çılpaqlığı ilə üzə çıxıb və elə gəlir ki, analitik qabiliyyəti olan hər bir vətəndaşımız bunun fərqindədir. Lakin hər şeyi öz adı ilə çağırmaq — buna hər düşüncə adamının, özünü demokratik düşərgəyə aid edən hər siyasətçinin, Mirzə Cəlildən, Sabirdən sitat gətirməyi sevən hər söz adamının cəsarəti çatırmı?
Əvvəl elə bilirdik qonşu ölkələrdə baş verənlər bizdə təkrarlana bilməz, Azərbaycan bu təzahürdən kənar qalacaq, Azərbaycanlılar Avropanın demokratik dəyərləri ilə yetişmiş bir millətdir və ərəb ölkələrində baş verən islam təmayüllü ekstremizm bu millət arasında kök ata, azərbaycanlının siyasi və ictimai şüuruna hakim kəsilə bilməz. Düşünürdük ki, bu ölkə sabitlik vahəsi olaraq qalmışdır və qalacaq. Zatən MTN də bu aspektdə hadisələr ictimailəşəndə bizi arxayın salaraq bildirirdi ki, durum nəzarətdədir. Lakin son həftənin xəbərlər blokunda azərbaycanlıların dəstə-dəstə Suriyada döyüşdükləri, öldükləri üzə çıxdı. Oraya bu tərəflərdən «mücahid axını» kəlməsi işlədildi. Sosial şəbəkələrdə bu məsələyə fərqli bucaqlardan yanaşmalar baş alıb getdi. Yəni heç də hər şey biz düşünən kimi deyilmiş, bağımsızlığın bərpasından sonrakı dönəmdə dini durumda ciddi proseslər gedib, insanımızın şüuruna hakim olmaq uğrunda mücadilədə ciddi mövqe dəyişikliyi baş verib və o dərəcədə qatışıq bir şəkil alıb ki, indi «qıcqırma» mərhələsinə çatıb.
Söz deyəsi, insanımızın şüuru uğrunda mücadiləyə qoşulmağı düşünməyən söz, düşüncə adamlarının, necə deyərlər, ictimai «fəaliyyətsizliyi», seyrçi mövqe tutduğu dövləti və milləti indi problem qarşısında qoyub.
Son olayların fonunda bir də bizi qayğılandıran o oldu ki, bizim təhlükəsizlik xidmətlərinin də bütün bu olaylara müdaxiləçi deyil, müşahidəçi olduğu özünü hiss etdirdi… Təhlükəsizlik xidmətləri bizimkindən çox dəfələrlə imkanlı sayılan Rusiyada müdhiş olayların baş verməsi, onların bu teraktların qarşısını almaqda acizliyi qayğılarımızın üstünə qayğı gətirdi. Bir tərəfdən də Quzey Qafqazda yaxalanan terrorçuların sırasında Azərbaycan vətəndaşlarının da adı çəkildi. Türkiyədə narahatlıq yaşanır, MİT-in apardığı son həbslər dalğasının göstərdiyi kimi, Türkiyə də əl-Qaidənin hədəfinə gəlib.
Övladını Suriyada itirən bədbəxt azərbaycanlı valiydeynlərin açıqlamalarında bizim ölkədə nə zamandan bəri gizli aparılan təbliğat işlərinin miqyasları sərgilənirdisə, bu mesajlar artıq özlüyündə topluma nəsə deməmiş deyil… Kim zəmanət verə bilər ki, bütün bu qaynar qazanlarda bişən həmvətənlərimiz sabah öz «təcrübələrini» bizim başımızda çatlatmayacaqlar. Axı imam Qamət Süleymanovun açıqlamasından da oxuduğumuz kimi, bu adamlar onlarla bir sırada olmayanları, onların ideyasını bölüşməyənləri, özləri kimi saqqal qoymayanları kafir sayır, öldürülməyə layiq bilirlər.
Bizdə bu kimi işləri diqqətdə saxlamalı olan təhlükəsizlik xidməti ilə yanaşı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi də var və onlar bu kimi məsələlərə hüquqi bucaqdan baxmağı, hər şeyi öz adı ilə çağırmağı hər kəsdən yaxşı mənimsəmiş olmalıdırlar. Fəqət indiyədək onlardan ölçülü-biçili açıqlamalar eşidirdik: hər şey yaxşıdır, Azərbaycan tolerantlıq (xoşgörü) ölkəsidir, tolerantlıq modelidir, azərbaycanlılar isə az qala dünyada birinci yerdə duran tolerant millətdir və s. Amma içərimizdə biri digərini öldürməyə hazır olan, evində bunu təlqin edən ədəbiyyat, silah-sursat saxlayan nə qədər adam varmış (Sumqayıtdakı həbsləri xatırlayaq).
Deyəsən «qıcqırma» ilə yanaşı bir «gözünü dörd açıb ətrafa baxmaq» kimi bir tendensiya da yox deyil. Hər halda, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin həmin o «sələfi» adlandırılan dini qrupların KİV-də yaydığı qarşılıqlı ittihamlarla bağlı bəyanatı belə bir ümid oyatdı ki, bundan sonra məhz belə olacaq. Deyəsən, nəhayət dərk ediblər ki, «»fətva» xarakterli ittihamlar və sözügedən qruplaşmaların digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd hallara yol açır, insan hüquqlarını pozur, cəmiyyətdə çaşqınlıq yaradır və şəri məsələlərlə bağlı fətva vermək səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur». Və bu gərginlik ölkənin beynəlxalq imicinə mənfi təsir göstərir — bunu da nəhayət görüblər.
Bu bəyanatda «qarşılıqlı ittihamların kifayət qədər ciddi olduğu və hüquqi qiymət verilməsinə zərurət yarandığı», «həmin materiallarda dini zəmində nifrət və ədavətin yayılmasına zəmin olduğu», «dini dözümsüzlüyə rəvac verildiyi», «Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb edilməsinə çağırış olduğu»ndan söz gedir və xəbərdarlıq edilir ki, «hüquqi müstəvidə görülən tədbirlər də daxil olmaqla, bütün zəruri addımlar atılacaqdır».
Niyə dünyəvilik, laiklik təcrübəsi güclü, oturuşmuş sayılan Azərbaycanda bu tendensiya ayaq tutub yeriyə bildi? Mənə görə cavab sadədir: laiklik platformasına mənsub olan hakim partiya eyni platformaya aid olan digər demokratik partiyaların ildən-ilə meydanını daraltdıqca, özünü ifadə edə bilməyən, buna heç meydan bula bilməyən gənclik — özü də keyfiyyətsiz təhsil görmüş gənclik bəsit ideyaları təlqin edən aqressiv dini qruplaşmalara üz tutdular, özlərini o sıralarda gördülər, o dərəcədə təsir altına düşdülər ki, dədələrini də satmağa getdilər (bu son aylarda Qusarda valyuta dəyişdirmə məntəqəsi işlədən doğmaca atasını öz vahhabi dostlarına «nakolka» verən oğulun kriminal əhvalatını xatırlayaq). Bütün bu proseslərdə ən faciəvi olan oydu ki, özünü demokratik düşərgənin ruporu hesab edən media orqanlarında bunlar «dindar», zorakılıq mövqeyində duran, bunu öz icma mənsublarına təlqin edən, evindən və cibindən silah-sursat, narkotik çıxanlar — şübhəli məkanlarda «təhsil alıb» gələnlər bizim auditoriyaya «ilahiyyatçı» kimi təqdim olunurdu. Hə, demokrat dostlar, deyəsən, görəcək günlərimiz hələ irəlidədir.
Azərbaycan türklərində bir müqayisə var: suya gedən və sudan qayıdan. Məhəmməd Mursiyə səs verib onu hakimiyyətə gətirən xalq vəd olunan «islam cənnətini» gördükdən, onun əzablarını yaşadıqdan sonra çox böyük əksəriyyətlə yeni konstitusiya layihəsinə səs verdi. Başqa sözlə, xalq ölkədə dini prinsip üzrə siyasi partiyaların yaradılması və siyasi fəaliyyətin qadağan olunmasına — başqa sözlə, dinin dövlətdən ayrılmasına dəstək verdi. Misir xalqı özünü qorumaq istəyir və buna iradəsini ortaya qoydu. Biz isə hələ çox şeyi qeyb etməmişkən, atalarımızın bizə miras qoyduğu laikliyi elə müdafiə etməliyik ki, sonra misirlilər kimi «yeni konstitusiya layihəsini» referenduma çıxarmayaq. Nə edəsən ki, biz misirli deyil, azərbaycanlıyıq və özümüz özümüzü yaxşı tanıyıb bilirik. Odur ki, belə bir sual çıxır: Özümüzü qoruya biləcəyikmi?
Buna inanmaq istərdik.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 199