Muəllif:

Orta sinif formalaşır

Ölkədə vətəndaş cəmiyyəti formalaşmaqda davam edir, bu gün artıq dövlət rəsmiləri QHT-lərlə əməkdaşlıq edir. Kifayət qədər müstəqil fikirli, sözünü açıq deyən və beynəlxalq təşkilatlarla iş quran QHT-lər var. Ölkəyə səfər edən beynəlxalq təşkilatların təmsilçiləri onlarla da görüşür və ölkə haqqında məlumat alırlar. MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə söhbətinə ölkədə vətəndaş cəmiyyətinin quruculuğunun nəzəri əsasları haqqında mülahizələri ilə başladı.
— Vətəndaş cəmiyyəti fəlsəfə, siyasətşünaslıq və sosiologiyada ən maraqlı suallardan biridir. Açığı deyim, bizim institut bu məsələ ilə çoxdan məşğuldur. Yadımdadır, bu səpgidə ilk əsərlərimiz və məqalələrimiz hələ 90-cı ilin əvvəllərində çap olunmuşdur. Sözsüz ki, vətəndaş cəmiyyətini çoxları Avropadan gələn bir ideya hesab edir və bəlkə də bu düzgün fikirdir. Ona görə ki, qədim Romada bu məfhum artıq işlənirdi, amma Siseronun vaxtında vətəndaş cəmiyyəti və dövlət anlamı bölünmürdü. Siseron bunları respublika anlamı ilə birgə tuturdu. 17-18-ci əsrlərdə İngiltərədə Con Lokkun vaxtında bu məfhumları ayırmağa başladılar. Belə çıxır ki, vətəndaş cəmiyyəti, üfüqi münasibətlərini o vaxtlardan ayırmağa başlayıb. Dövlət şaquli istiqaməti təmsil edir, onda belə çıxır ki, demokratiya cəmiyyətdə həm şaquli, həm də üfüqi münasibətlərin inkişafıdır. Yalnız bu ikisinin inkişafı, bizim zəmanədə demokratiyanın inkişafı deməkdir. Avropa alimlərinin çoxu hesab edir ki, vətəndaş cəmiyyəti olmadan demokratiya olmur. Haradasa üfüqi münasibətlər demokratiya üçün daha vacibdir. O biri tərəfdən gərək qəbul edək ki, şaquli hakimiyyət də demokratiya üçün vacibdir. Yalnız 19-20-ci əsrlərdə Avropa alimləri vətəndaş cəmiyyətinin şaquli istiqamətini kifayət qədər inkişaf etmiş bildiklərindən, üfüqi münasibətlərə daha çox nəzər yetirməyə başladılar.
Bizdə, sovet vaxtında filosoflar, siyasətşünaslar, sosioloqlar daha çox marksist yönlü olmuşdular. Marksın vətəndaş cəmiyyətinə münasibəti birmənalı deyildi, onun davamçıları, elə özü də, hesab edirdilər ki, vətəndaş cəmiyyəti varlıların azadlığı deməkdir. Ona görə də onlar vətəndaş cəmiyyətində nəyisə dəyişmir, onu pulluların hakimiyyəti, kapitalizm kimi dəyərləndirirdilər. Sovet fəlsəfəsində «vətəndaş cəmiyyəti» anlamına bir o qədər də yer verilmirdi. Sovet Azərbaycanında da bu məfhum işlənmirdi. Çünki heç kim Marksın ideyasından kənara çıxa bilməzdi. Amma 85-87-ci illərdə, bilirsiniz ki, Marksı da dərindən oxuyub, araşdırmağa başladılar və o vaxt filosoflar başa düşdülər ki, Marksın vətəndaş cəmiyyətinə münasibəti birmənalı olmayıb. Deməli, sosializmin sonunda həm fəlsəfədə, həm politologiyada vətəndaş cəmiyyəti məfhumuna daha çox müraciət olunmağa başlandı. Daha dəqiq desəm, hələ 90-cı illərdə Moskvada mən doktorluq dissertasiyamı müdafiə edəndə, mənim dissertasiyamda bir böyük fəsil vətəndaş cəmiyyətinə həsr olunmuşdu. Sözsüz ki, o vaxtın fikirləri təcrübədə bir az zəif idi: onda biz çalışırdıq Avropa alimlərinin fikirlərinə müraciət edək, onların vətəndaş cəmiyyəti haqqında fikirlərini başa düşək.
1995-ci ildə vətəndaş cəmiyyəti və milli ideologiyaya həsr olunmuş bir kiçik kitabçam çıxmışdı. Bildirmişdim ki, cəmiyyət hələlik vətəndaş cəmiyyəti ideyasını, bir o qədər də qəbul etmir. Belə çıxır ki, birinci ziddiyyət ondan irəli gəlirdi ki, təcrübə və elm hələ də paralel qalmaqda idi. 1995-ci ildə Azərbaycan Respublikasının birinci Konstitusiyanın qəbulunda vətəndaş cəmiyyətini bir anlam kimi bir neçə maddə də qeyd etmişdi. O vaxtın sosioloji sorğuları göstərirdi ki, çoxları vətəndaş cəmiyyətinin mahiyyətini başa düşmür və onu Avropadan bizə gəlmiş yad bir ideya kimi qəbul edir. Reallığı nəzərdən keçirib, başa düşürdük ki, cəmiyyət inkişafdadır, cəmiyyət nəyisə qəbul edir, nədənsə imtina edir və s. Belə başa düşmək olar ki, vətəndaş cəmiyyəti Azərbaycanda o illərdən başlayaraq təşəkkül tapıb. Hakimiyyət, siyasətçilər onu artıq qəbul etməyə başlayırdılar. Təkcə alimlər, istisna olaraq, hesab edirdilər ki, bu ideya xalqa yaxın ideya deyil. Bunu da qeyd edim ki, 2000-ci ilin əvvəllərində bu fikirlər müəyyən qədər dəyişmişdi, bu da aparılan sorğuların nəticəsindən bəlli olurdu. Məlum oldu ki, Azərbaycanda orta sinif formalaşır və orta sinif vətəndaş cəmiyyəti ideyasını qəbul edir. Bu bir də onun göstəricisidir ki, alimlərimizə əks olaraq, cəmiyyətimiz Avropa meylli fikirləri qəbul etməkdə o qədər də çətinlik çəkmir.
— Hazırda vətəndaş cəmiyyəti hansı dövrünü yaşayır?
— Artıq vətəndaş cəmiyyəti ilə məşğul olan bir neçə qurum fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaş cəmiyyəti institutlarının inkişaf məsələləri ilə məşğul olan, onlara maliyyə yardımları ayıran Şura mövcuddur. İndi sual yaranır, bizdə vətəndaş cəmiyyəti nədir? O biri dövlətlərlə onun oxşar və fərqli cəhətləri nədən ibarətdir? Birinci, Avropa ilə müqayisə aparsaq görərik ki, indiki şəraitdə Avropa vətəndaş cəmiyyəti elmində bir çox alimin qəbul etdiyi bir fikir yaranıb: vətəndaş cəmiyyəti faktiki olaraq bir arenadır. Burada biznes, siyasətdən kənar fərdlərin maraqları, münasibətləri bildirilir. Bu münasibətlər, sözsüz ki, çoxaspektlidir, amma siyasətlə bağlı deyillər və biz, Azərbaycan alimləri, bu fikirləri qəbul edə bilərik. Ən böyük fərq ondadır ki, Avropada vətəndaş cəmiyyəti həm maliyyə, həm də texniki-təşkilati, strukturlaşma, beynəlxalq şəbəkələşmə baxımından təmin olunmuşlar. Demək olar ki, beynəlxalq vətəndaş cəmiyyəti qurumlarının bir neçə assosiasiyası yaradılıb. Onların imkanları o dərəcədə genişdir ki, hətta, keçmiş sovet dövlətlərinə həm elmi, həm də maliyyə tərəfindən müəyyən köməkliklər göstərirdilər. Belə çıxır ki, bizdə vətəndaş cəmiyyəti dövlətdən dəstək gözləyir və əvvəlcədən dediyim kimi, dövlət də burada öz köməyini əsirgəmir. Bəzi Avropa alimləri dövlət dəstəyinə olan ehtiyacı diqqətə çəkərək, bizim vətəndaş cəmiyyətini zəif sayırlar. Amma biz hesab edirik ki, Avropa alimlərinin bu fikri yanlışdır. Çünki hələ 19-cu əsrdə Avropa vətəndaş cəmiyyətinə iki baxışlı fikir vardı. Birinci, liberal baxış: bu konsepsiya böyük alman alimi Kantın adı ilə bağlı idi. Liberallar həmişə düşünürdü ki, vətəndaş cəmiyyətinin başlıca funksiyası dövlət və dövlət aparatı üzərində nəzarət sisteminin yaradılması və möhkəmləndirilməsidir. Onların fikrincə, vətəndaş cəmiyyəti institutları külli halında dövlətin özündən də güclü olmalı idi. Əslində, burada kommunizm ideologiyasına müəyyən bənzərliklərin mövcudluğu da danılmazdır. Amma böyük mütəfəkkir Hegel vaxtilə deyirdi ki, ikinci bir konsepsiya da ola bilər ki, bu da etatist (dövlətçilik) konsepsiyasıdır. Hegelin bir triadası vardı: ailə, vətəndaş cəmiyyəti və dövlət. Belə çıxır: Hegel hesab edirdi ki, vətəndaş cəmiyyəti, bir növ, dövlətdən zəif olmalı, ondan kömək gözləməlidir. Amma tanınmış iqtisadçı alim Milton Fridman hesab edirdi ki, bütün dünyada liberal kurs qalibdir və Hegelin fikirlərinə əhəmiyyət vermək lazım deyil. Halbuki, elə o vaxtlar müəyyən hegelçilər hesab edirdilər ki, Hegelin fikirləri vətəndaş cəmiyyətindən də müasir və lazımlıdır. Mən öz fikirlərimi də vurğulayım: bəlkə də Qərbi Avropa, ABŞ reallıqları üçün Kantın liberalizm haqqında fikirləri daha əlverişlidir. Azərbaycana və başqa postsovet dövlətlərinə etatist vətəndaş cəmiyyəti fikirləri yaxındır. İndiki dövrdə onlar üçün dövlətçilik ideologiyası daha vacibdir. Bilirsiniz ki, 1-2 ildir ABŞ və inkişaf etmiş dövlətlərdə iqtisadi böhran yaranıb və bu böhran müəyyən formada siyasətə, vətəndaş cəmiyyətinə də müəyyən təsirlər göstərir. ABŞ-ın məşhur sosioloq alimi Smelser kimi mən də hesab edirəm ki, indiki şəraitdə, vətəndaş cəmiyyəti dövlətdən kömək almalıdır.
— Vətəndaş cəmiyyətinin quruculuğunun mövcud mənzərəsini necə görürsünüz?
— Azərbaycanda bir neçə qurum var ki, vətəndaş cəmiyyəti ilə bağlı sorğular keçirir, araşdırmalar aparırlar. Düzdür, bunlar geniş əhatəli yox, bir qədər məhdud dairəli sorğular olur. Sorğular aparılanda, alimlər gərək bu sorğuların nəticələrini müəyyən qədər təhlil etsinlər, çünki bəzən bu cavablar tam reallığa uyğun olmur. Ona görə dəqiq təhlil aparmaq bu sahə üçün çox vacibdir, bu sorğular nəticəsində filosoflar, politoloqlar və sosioloqlar vətəndaş cəmiyyəti haqqında müəyyən fikirlərə gələ bilirlər. Alimlər sorğular nəticəsində vətəndaş cəmiyyəti haqqında real mənzərəni yaratmalıdırlar. Vətəndaş cəmiyyəti əsasən orta sinfin tələbidir. Orta sinif ideyası, vətəndaş cəmiyyətinin inkişafı ilə sıx bağlıdır. Son vaxtlar Azərbaycanda orta sinfin formalaşması yüksək sürətdə gedir. Hələlik bizim alimlərimiz orta sinif məfhumunu qəbul etməyə çətinlik çəkirlər. Bir qism hesab edir ki, orta sinif yalnız maddi imkanlarla bağlıdır. Hətta belə hesab edirlər ki, aylıq gəliri 500 manatdan çox olanları orta sinfə aid etmək olar. O biri tərəfdən bir qrup alim hesab edir ki, belə təsnifat o qədər də düzgün deyil. Orta sinif təbəqəsinin formalaşmasında ideya və təhlillər də lazımdır. Bu iki fikrin ikisini də haqlı saymaq olar. Orta sinfin təhsil ilə bağlı müəyyən ideyaları da olmalıdır. Bizdə isə tarixən belə bir ideya əmələ gəlib ki, ideoloji işlə dövlət məşğul olmalıdır.
Avropa və ya ABŞ-ın orta sinfinin həm maaşı yüksəkdir, həm təhsili keyfiyyətlidir, həm səhiyyə sistemi, həm pensiya təminatı və sair, bir sözlə, imkanları daha genişdir. Yəni onların təkcə özləri və ailələri haqda deyil, cəmiyyət haqqında da düşünmək və qayğılanmaq imkanları var. Bu, vətəndaş cəmiyyəti quruculuğu üçün çox mühüm və vacib amildir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 411