Muəllif:

«Ordunun Aynası» yenidən sizinlə…

NATO İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə «Ayna» və «Zerkalo» qəzetlərində işıq üzü görən «Ordunun Aynası» layihəsi bir neçə aylıq fasilədən sonra yenidən sizlərlə görüşə gəlir. 2006-cı ildən qısa fasilələrlə davam edən layihədə əsas hədəfimiz Azərbaycan — NATO əməkdaşlığı, təhlükəsizlik və müdafiə sektorunda baş verən proseslər, islahatlar, xüsusilə də ölkəmizin NATO ilə müxtəlif əməkdaşlıq sənədləri, o cümlədən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) üzrə həyata keçirilən islahatlarla bağlı müxtəlif məlumatları, təhlil və şərhləri, hərbi-siyasi ekspertlərin yanaşmalarını təqdim etməkdir. Layihənin hədəf qrupu çox genişdir: buraya təhlükəsizlik və müdafiə sektoru, eyni zamanda bu sektor üzrə fəaliyyət göstərən analitiklər və təhlilçilər, hüquq-mühafizə orqanlarının nümayəndələri, diplomatlar, elm adamları, hərbi sahə ilə maraqlanan media nümayəndələri, beynəlxalq ekspertlər və başqaları daxildir.
Əvvəlcədən bu layihənin reallaşdırılmasında rolu olan hər bir kəsə, xüsusilə də NATO İctimai Diplomatiya Bölməsi əməkdaşlarına, öncə xanım Corine Janssensə, Vicki Nielsenə və Despina Afentouliyə bir daha xüsusi təşəkkürümüzü bildiririk. Nə etdik?
2013-cü ildə layihənin fəaliyyəti uğurlu olub. Bu dövrdə layihənin Facebook və Youtube səhifələri yaradıldı:
https://www.facebook.com/TheArmyMirror
http://www.youtube.com/ArmyMirror
«Ayna» və «Zerkalo» qəzetlərində ötən il dərc olunan layihədə işıq üzü görən müsahibələrin əksəriyyətinin videosunu (əksəriyyəti ingilis dilindədir) Youtube səhifəsindən izləmək mümkündür. Oxşar ənənə 2014-cü ildə də davam etdirilərək bir qədər də genişlənəcək. Belə ki, bu il ərzində layihədə dərc olunan bir sıra təhlillərin də video versiyasının hazırlanaraq Youtube səhifəsində yerləşdirilməsi planlaşdırılır. Qeyd edək ki, qəzetlərdə ötən il ərzində iki dildə dərc olunan məqalələri bu linklərdən oxuya bilərsiniz:
http://www.ayna.az/relations/1434-1293/
http://www.zerkalo.az/relations/armeyskoe-zerkalo/
Xatırladaq ki, 2013-cü ildə Azərbaycan, İsrail, ABŞ, Gürcüstan, Monteneqro, Niderland, Bosniya və Herseqovina, Makedoniya və başqa ölkələrin 10-dan artıq nüfuzlu ekspert və rəsmilərilə müsahibələr götürülüb. Ötən il eyni zamanda xüsusi olaraq Azərbaycanda hərbi jurnalistikanın durumu və dünya ölkələrinin anoloji təcrübələri ilə müqayisə də əsas araşdırma prioritetlərindən olub. Bu xüsusda Amerikalı media ekspertləri Randy Kovington, David Blossun fikirləri maraq kəsb edirdi.
Azərbaycanda müdafiə və təhlükəsizlik sektorunda islahatların durumu və proqnozlar baxımından İsrail əsilli hərbi-siyasi ekspert Eugene Koganın müsahibəsi təqdim olundu. Rəsmi Bakının NATO ilə əməkdaşlıq məsələlərinə münasibəti isə Azərbaycanın NATO yanındakı nümayəndəliyinin başçısı Xəzər İbrahimin müsahibəsində təqdim olundu. Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının prezidenti Yaşar Cəfərlinin açıqlamaları rəsmi mövqeyə ictimai rəyi ifadə edirdi. Ölkəmizin strateji tərəfdaşlarından olan Gürcüstandan baxışları, eyni zamanda NATO ilə perspektiv əlaqələr mövzusunu bölgənin tanınmış hərbi-siyasi ekspertlərindən biri Tengiz Pkhaladzenin müsahibəsində görmək maraqlı idi.
Hərbi-siyasi ekspertlər Alexander Dedovich (Monteneqro), Milosh Sholoja (Bosniya və Herseqovina), Predrag Tasevskinin (Makedoniya) müsahibələri Balkanlar və Cənubi Qafqaz regionlarının təhlükəsizlik qayğılarının oxşarlıqları baxımından mübahisə obyekti ola bilərdi.
2013-cü ildə layihə çərçivəsində Azərbaycanın o ilə aid hərbi strategiyası; Azərbaycan — NATO əməkdaşlığı: problemlər və perspektivlər; İPAP sənədinin 4-cü mərhələsinə doğru: ziddiyyətlər və uyğunluqlar; Əfqanıstan 2014-cü il: Azərbaycan perspektivləri; Azərbaycan və Gürcüstan arasında həbi əməkdaşlığın perspektivləri; Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın gələcəyi; Azərbaycan Ordusunda qanunsuz əməllər; NATO-nun Cənubi Qafqaz, Rusiya və Əfqanıstan siyasəti; Təhlükəsizlik və Müdafiə sektorunda itkilər; Azərbaycan — Rusiya hərbi əməkdaşlığı; Rusiyadan Azərbaycan üçün qorxulu planlar; Dövlət Sərhəd Xidmətində islahatlar; Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq; Müdafiə Nazirliyində dəyişikliklər: problemlər və perspektivlər; Ordu üzərində demokratik nəzarət quruculuğu yolları; Azərbaycanda hərbi təhsildə NATO-nun rolu: problemlər və perspektivlər; Azərbaycanın hərbi büdcəsi: silahlanma, yoxsa hərbi rifah; Dəniz Təhlükəsizliyi Strategiyası: gözləntilər və mövqelər və sair mövzularda təhlillər və araşdırmalar oxuculara təqdim olunub.

Nə edəcəyik?
Bu il üçün layihənin hədəfində bu kimi məqsədlər yer alır:
— Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda islahatların durumu: problemlər və perspektivlər. Layihə hərbi sahədə cərəyan edən prosesləri daim diqqət mərkəzində saxlayacaq və bu istiqamətdə rəsmilərin və ekspertlərin fikirlərini öyrənib oxuculara çatdıracaq. Bu, xüsusilə Azərbaycanda ordu rəhbərliyində aparılmış dəyişiklikdən sonra Müdafiə Nazirliyində cərəyan edən aktiv prosesləri dəyərləndirmək baxımından maraqlıdır. Eyni zamanda hərbi sahədə problemlərin araşdırılması ilə məşğul olan QHT və medianın da fəaliyyəti işıqlandırılacaq.
— Azərbaycan — NATO əməkdaşlığının 20 illiyinə dair məlumatlandırma. Xatırladaq ki, bu il bir çox tərəfdaş ölkələr kimi Azərbaycanın da NATO ilə Sülh Naminə Tərəfdaşlıq (PfP) sənədinin proqram çərçivəsini imzalanmasının 20 illiyi tamam olur. 1994-cü ilin mayından bu yana əməkdaşlıqda irəliləyişlər də olub, müəyyən problemlər də. Layihə çərçivəsində yerli və xarici rəsmilərin və müstəqil ekspertlərin baxışları oxuculara təqdim olunacaq. Eyni zamanda çoxsaylı analizlərin hazırlanması planlaşdırılır. Bu prosesdə Azərbaycanla NATO arasında əməkdaşlıq mexanizmlərinin mövcud durumu və perspektivləri ilə bağlı geniş oxucu kütləsinə məlumat verilməsi nəzərdə tutulur.
— Əfqanıstan 2014-cü ildən sonra. Bəlli olduğu kimi, bu ilin sonuna qədər Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) bu ölkəni tərk etməlidir. Bu məsələnin Azərbaycana xüsusi olaraq iki tərəfdən təsiri var: birincisi, Azərbaycan İSAF-da fəal iştirak edən tərəfdaş ölkələrdən biridir və hazırda 90-dan artıq hərbi qulluqçu ilə bu ölkənin təhlükəsizliyinə töhfə verir, Azərbaycan eyni zamanda 2014-cü ildən sonra da Əfqanıstanda qalmağı, bu ölkənin təhlükəsizliyinə öz töhfəsini verməyi planlaşdırır. İkincisi, Azərbaycan İSAF yüklərinin çıxarılma prosesində əsas tranzit roluna malik ölkələrdən biridir. Beləliklə, qeyd edilən istiqamətlərdə mövcud əməkdaşlığın durumu və perspektivləri cəmiyyətin diqqətində olacaq və «Ordunun Aynası» bu məsələləri işıqlandırmağı planlayır.

Beləliklə…
Layihə çərçivəsində oxucularla interaktiv əlaqənin qurulması, sosial şəbəkələrdə sorğular keçirilməsi, canlı video yayımın qurulması və s. fəaliyyətlər planlaşdırılır. Layihənin bir araşdırma mövzusu da planda yer alır. İlin sonunda yerli və xarici ekspertlərin, rəsmilərin baxışları, məsləhətləri əsasında Azərbaycanın NATO ilə əlaqələrinə, eyni zamanda Azərbaycanın hərbi siyasəti, islahatlara dair geniş araşdırma sənədinin hazırlanması planlaşdırılır.
Ümid edirik ki, layihənin gedişində Azərbaycanın NATO ilə əməkdaşlığına dair ictimai məlumatlılığın səviyyəsi artacaq.
Layihə ilə bağlı sualı, təklifi və iradı olanlardan army.mirror@gmail .com ünvanına yazmağı xahiş edirik.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 193