Muəllif:

Orduda itkiləri necə azaltmaq olar?

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərindəki monitorinqinin nəticələrinə əsasən, adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 28 nəfər təşkil edib. Ötən müddətdə 35 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə ölənlərin 6-sı döyüş (erməni gülləsi), 3-ü mina partlaşıyı, 19-u isə qeyri-döyüş itkiləridir.
3 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 3 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 9 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 25-i Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin hərbi qulluqçularıdır. Yaralılara və xəsarət alanlara gəlincə (35 nəfər), onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 3-ü intihara cəhddən, 4-ü erməni gülləsindən, 8 nəfər mina partlayışından, 6 nəfərsə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 32 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidməti mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
Müvafiq dövrdə Azərbaycanın üç mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda, iki Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər ikisi qaytarılıb). Müvafiq dövrdə 1 hərbi çağırışçı avtomobil qəzasında həyatını itirib.
Statistika «hərbi sirr»dirmi?
«Doktrina» mərkəzi bəyan edir ki, qurumun orduda itkilərlə bağlı monitorinq apardığı 2003-cü ildən bu yana ilk dəfədir ki, qeyd edilən müddətdə bu qədər intihar halı qeydə alınıb. Yəni ki, 2003-2013-cü illərin yanvar-aprel aylarında təhlükəsizlik və müdafiə sektorunda heç zaman 9 intihar halı qeydə alınmayıb. Mərkəz ekspertləri hesab edirlər ki, bu fakt cəmiyyətdə ordu ilə bağlı ciddi narahatlığın ortaya çıxmasına səbəb olur.
Orduda itkilərin artması faktı ilə bağlı rəsmi qurumların, xüsusilə də Müdafiə Nazirliyinin hələlik rəsmi mövqeyi ortada yoxdur. Nazirlik təmsilçiləri mətbu orqanlara hərbi itkilərin sayının açıqlanmasının mümkün olmadığını, bunun hərbi sirr olduğunu bəyan edirlər. Lakin müstəqil ekspertlər bu mövqe ilə razı deyillər və onların fikrincə, dünyanın inkişaf etmiş ölkələrində, eyni zamanda, ordu quruculuğunda nailiyyətlər əldə etmiş bir sıra inkişaf etməkdə olan ölkələrdə, misal üçün Gürcüstanda qeyd edilən istiqamətdə ciddi irəliləyiş var. Gürcüstan Müdafiə Nazirliyi əsgər ölümlərinin statistikasını cəmiyyətdən gizlətmir.
Əsgər ölümlərinin sayı necə azaldılmalıdır?
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin bu istiqamətdə bir sıra təklifləri var. Qurumun ekspertləri hesab edirlər ki, Silahlı Qüvvələrdə kompleks tədbirlər görülmədən bu qeyri-döyüş itkilərini dayandırmaq mümkün olmayacaq. Onların fikrincə, əsgər ölümlərinin qarşısını almaq üçün bir sıra ciddi tədbirlər görülməlidir.
Mərkəz ekspertləri hesab edirlər ki, əsgər ölümlərinin dəqiq statistikası, ölən və yaralıların adları, səbəblər dəqiq olaraq cəmiyyətə açıqlanmalıdır. Əsgər ölümlərində cinayəti olan şəxslərlə bağlı məlumatlar cəmiyyətə açıq olmalıdır. Bu istiqamətdə Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin daxili təhqiqat idarəsi şəffaf işləməlidir. Ekspertlər hesab edirlər ki, qeyd edilən sahədə ciddi qapalılıq orduda cəzasızlıq mühitinin formalaşmasına yardım edir, nəticədə daha çox itkilər ortaya çıxır. Ona görə də cinayətdə rolu olanlar layiq olduqları cəzaları almalıdır ki, digərlərinə də dərs olsun, cəmiyyətə daim informasiya verilməlidir.
Eyni zamanda, hərbi hissələrdə insan hüquqularının müdafiəsi, qanunun aliliyinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir, hərbi qulluqçulara hüquqları barədə silsilə təlimlər keçirilməlidir. Əsgərlərə üzləşdikləri zorakılıqlarla bağlı dərhal ali hərbi rəhbərliyə məlumat vermə imkanları yaradılmalıdır. Zabitlərin insan hüquqları, xüsusilə də tabeçiliyində olanlarla münasibətlərinin təkmilləşdirilməsi istiqamətində xüsusi treyninqlərə cəlb edilməsi vacibdir. Bu işdə NATO ölkələri təcrübəsindən xüsusi olaraq istifadə etmək olar. Büdcə vəsaitlərinə qənaət üçün on-line təlimlər, kurslar keçirilməsi praktikasına başlamaq lazımdır.
«Doktrina» mərkəzinin ekspertləri hesab edirlər ki, hərbi hissələrdə əsgərlərin mənəvi-psixoloji durumunun araşdırılmasında məsul şəxslərin peşəkarlığı artırılmalı, tərbiyəvi işlər üzrə zabitlərin bu istiqamətdə daim nəzarətdə saxlanılması, onların bilik və bacarıqlarının, o cümlədən onların həm də psixoloq kimi inkişaf etdirilməsi yönündə silsilə addımlar atılmalıdır.
Eyni zamanda, hərbi kadrların hazırlanması üzrə xüsusi dövlət strategiyası qəbul edilməlidir. Keyfiyyətcə yeni kadrların hazırlığına başlanılmalıdır və bu istiqamətdə Ali Hərbi Məktəblərin maddi-texniki imkanları, ən vacibi müəllim heyəti keyfiyyətcə yenilənməlidir. NATO üzvü olan ölkələri (xüsusilə də Türkiyə və ABŞ) təmsil edən pedaqoqların milli hərbi təlim-tədris sisteminə cəlb edilməsi vacibdir.
Xüsusi olaraq hərbi qulluqçuların sosial rifahı gücləndirilməlidir ki, onlar kobud desək «bir-birlərinin əlinə baxmasınlar». Xüsusilə də zabitlərin məvacibləri, onlara mənzil kirayəsi üçün verilən pulun (hazırda 49 manat) həcmi bir neçə dəfə artırılmalıdır. Bu gün arxa cəbhədə leytenant rütbəli zabitlər təxminən 450 manat məvacib alırlar. Hesab edirik ki, bu məvacib minimum 1000 manatdan başlamalıdır.
Silahlı Qüvvələrdə korrupsiya və rüşvətxorluğa, eyni zamanda, mənimsəmələrə qarşı tədbirlər sərtləşdirilməli, cəzalandırılanlar barədə ictimaiyyətə davamlı məlumatlar verilməlidir. Müdafiə xərclərinin istifadəsinə və bu prosesə məsul olan şəxslərə nəzarət gücləndirilməlidir.
Silahlı Qüvvələr üzərində parlament və vətəndaş nəzarətini gücləndirən xüsusi qayda-qanunlar qəbul edilməlidir. Ordunun parlament və cəmiyyət qarşısında daimi hesabatlılığı təmin edilməlidir.
«Doktrina» hesab edir ki, Azərbaycanda Silahlı Qüvvələrin müqaviləli əsasa keçidini nəzərdə tutan dövlət sənədi hazırlanmalıdır. Çağırış sistemi tədricən müqaviləli sistemlə əvəzlənməlidir. Eyni zamanda, xeyli hərbi vəzifələrə mülki şəxslərin təyin olunması prosesi genişləndirilməlidir. Ümumilikdə, ölkədə Silahlı Qüvvələrin quruculuq strategiyası qəbul edilməlidir ki, hərbi qulluqçular onları gözləyən gələcəyin nədən ibarət olduğunu aydın görə bilsinlər. Hazırkı məqamda hərbi qulluqçular arasında bu peşəyə münasibətdə bir inamsızlıq hissi hakimdir. Bu inamsızlığı aradan qaldırmaq gərəkdir. Bəlli olmalıdır ki, dövlətin hərbi strategiyası nədir, hansı istiqamətlər prioritetdir və s.
Ekspertlər düşünür ki, bu kimi tədbirlərin həyata keçirilməsi bir müddətdən sonra Azərbaycan Silahlı Qüvvələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxarar və bu zaman qeyri-döyüş itkilərinin sayı azalar. Əks halda itkilərin sayı daha da artacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 229