Muəllif:

Orduda dürüstlüyün təmin olunması vacibdir

Martın 3-6-da Norveçin paytaxtı Osloda keçirlən İnstitusional Quruculuq üzrə Dürüstlüyün Təmin Olunma Konfransı (The Building Integrity Conference on Institution Building) müxtəlif ölkələrin Silahlı Qüvvələrində korrupsiyaya qarşı mübarizədə əldə edilən uğurların bölüşdürülməsi baxımından maraq kəsb edirdi. Müdafiə Sektorunda Dürüstlük Mərkəzi (Centre for İntegrity in the Defence Sector) tərəfindən təşkil olunan konfransa NATO-nun 19 üzv və tərəfdaş ölkəsindən (o cümlədən Norveç, Moldova, İspaniya, Litva, Gürcüstan, İtaliya, Birləşmiş Krallıq, Monteneqro, İsveç, Çex Respublikası, Rusiya, Polşa, Azərbaycan və Ermənistan) 60-dan artıq iştirakçı qatılmışdı. İştirakçılar arasında Müdafiə və Xarici İşlər nazirliklərinin yüksək mənsəbli şəxləri, eyni zamanda, bir sıra beynəlxalq təşkilatların, o cümlədən NATO və Transparency International nümayəndələri vardı. Azərbaycandan bu tədbirə «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli qatılmışdı. Xatırladaq ki, BI proqramı Cənubi Qafqaz ölkələrində yalnız Gürcüstan və Ermənistan Müdafiə Nazirliklərində reallaşdırılır. Ermənistan bu istiqamətdə ilk addımlarını atsa da, Gürcüstan artıq ali səviyyəyə — özünü qiymətləndirmə mərhələsinə doğru inamla irəliləyir. Azərbaycan tərəfi belə proqramı öz Müdafiə Nazirliyində həyata keçirmək arzusunu ortaya qoymayıb, baxmayaraq ki, NATO tərəfindən Bakıya bu istiqamətdə təkliflərin verildiyi deyilir.
Tədbirdə NATO-nun Dürüstlüyün Təmin olunması (Building Integrity -BI) proqramı və onun müxtəlif ölkələrdə tətbiqi əsas müzakirə mövzularından idi. Bu xüsusda Şərqi Avropa ölkələrinin, Bolqarıstan və Polşa təcrübəsi maraqlı idi. Konfransda korrupsiya və rüşvətxorluğun müdafiə sektorunda ciddi fəsadlar yaratdığı üzərində dayanıldı.

«Korrupsiya ictimai institutlara və demokratiyaya inamı paslandırır»
Norveçin müdafiə naziri İne Eriksen Soreide konfransın açılışında bildirdi ki, korrupsiyaya qarşı və etimadın təmin olunması və yüksək etik standartın əldə olunması uğrunda döyüş, qısası — yaxşı idarəçilik uğrunda savaş gerçəkdən vacibdir. «Bu elə bir savaşdır ki, biz hamımız buna qoşulmalıyıq. Ümid edirəm ki, bu konfrans bu savaşda əhəmiyyətli addım atılmasına səbəb olacaq», — deyə o bildirdi.
Ölkəsinin Bİ proqramı üzrə əhəmiyyətli addımlarından danışan xanım Soreide bildirdi ki, dünyada hərbi xərclərin ümumi illik miqdarı 1,8 trilyon ABŞ dollarını keçir və bu, dünya Ümumdaxili Məhsulunun az qala 3 faizidir. «Bu o dünyadır ki, Beynəlxalq Şəffaflıq (Transparency İnternational) təşkilatının məlumatına görə, korrupsiya nəticəsində hər il təkcə müdafiə sektorunda ən azı 20 milyard dollar itirilir. Avropalıların əksər çoxluğu (76 faiz) hesab edir ki, korrupsiya onların öz ölkələrində geniş yayılıb. Avropalıların yarısından çoxu hesab edir ki, onların ölkələrində korrupsiyanın səviyyəsi son 3 il ərzində artıb. Bu o dünyadır ki, korrupsiya sabitliyə və sülhə əsas təhlükə yaradır», — deyə o bildirdi. Müdafiə nazirinin sözlərinə görə, korrupsiya ictimai institutlara və demokratiyaya inamı paslandırır: «Harada ki, inamsızlıq geniş yayılıb, bu, dövlətin sabitliyinə ciddi problem yarada bilər. Və biz bilirik ki, korrupsiya bizim Silahlı Qüvvələrimizin səmərəliliyinə təsir göstərir. Əfqanıstan ağrılı dərs oldu».
«Bir aydın dərs odur ki, NATO və tərəfdaş ölkələr korrupsiyanın təbiətini, onun təsirlərini və əməliyyat zamanı ondan necə yaxa qurtarmağı daha yaxşı anlamalıdır. Biz onu da qiymətləndirməliyik ki, hansı səviyyədə xarici pul axını korrupsiyaya səbəb ola bilər», — deyə o bildirdi.

«Hamımız daha yaxşı ola bilərik»
Müdafiə naziri bildirdi ki, o, Bİ proqramını NATO üzvü olan ölkələr üçün də çox vacib hesab edir: «Niyə? Ona görə ki, bizim hamımızın bu sahədə problemimiz var və biz hamımız daha yaxşı ola bilərik».
Xanım Soreide bildirdi ki, şəffaflıq çox vacib prosesdir və bu, korrupsiyaya qarşı mübarizədə ən səmərəli yoldur. «Hər 12 avropalıdan biri son 12 ay ərzində korrupsiyanın şahidi olub və ya bunda iştirak edib. Avropanın hər 10 şirkətindən 4-ü hesab edir ki, korrupsiya Avrop Birliyində biznes qurmağa əngəl yaradır. Bütün bunlar Avropa Birliyi Komissiyasının ötən ay qəbul etdiyi ilk Anti-Korrupsiya Hesabatındandır. AB üzv ölkələri üçün korrupsiyanın illik miqdarı ən azı 120 milyard Avro dəyərində qiymətləndirilir… Heç kim iddia edə bilməz ki korrupsiya riskindən sığortalanıb. Biz hamımız yaxşılaşa bilərik. Misal üçün, Norveç ola bilər ki, ən yaxşı idarəçiliyə və aşağı səviyyəli korrupsiyaya malik ölkə kimi tanınır. Amma biz mükəmməl deyilik. Biz hamımız anlamalıyıq ki, səylərə ehtiyac var və biz arxaya yayxanıb özümüzdən razı ola bilmərik. Biz də Norveçin müdafiə sektorunda insidentləri yaşamışıq, bəzi məqamlarda orduda dürüstlüyə dair ictimai şübhələrin artdığını müşahidə etmişik. Bunlar nəzərə alınıb və qeyd edilən məsələlərdə maarifləndirmə artırıldı, nəticədə münasibətlərə, etikaya və liderliyə fokuslanmış genişhəcmli fəaliyyət planı qəbul edildi».
«Bu gün bütün işçilər, xüsusilə də liderlər məcburi tədris proqramından keçirlər. Biz biznes və sənaye ilə əlaqələrə dair xüsusi etik qaydalar hazırladıq, eyni zamanda, Norveç müdafiə sektoru ilə iş qurmaq istəyən təchizatçılar üçün də oxşar etik qaydaları təqdim etdik» deyən Soreide bildirdi ki, Bİ proqramı NATO-nun 1949-cu ildə Vaşinqton Müqaviləsində əksini tapan əməl dəyərlərini əhatə edir: Liberal demokratiya, qanunun aliliyi və fərdi azadlıq.
Çıxışının sonunda xanım Soreide Ukrayanda baş verən hadisələrə də toxundu. Onun sözlərinə görə, Norveç hökuməti baş verənlərdən, xüsusilə də Rusiyanın iştirakından dərin narahatlıq keçirir və Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dönməz şəkildə dəstəkləyir. «Yaxşı idarəçilik milli səviyyədə qayda və qanunlarla məhdudlaşmır. Yaxşə idarəçilik dövlətin beynəlxalq hüquqa uyğun fəaliyyətini də nəzərdə tutur. Beynəlxalq hüquq vacib dəyər və prinsipləri təcəssüm etdirir. Rusiyanın Krımdakı hərbi fəaliyyəti və gələcəkdə hərbi qüvvədən istifadə təhlükəsi beynəlxalq hüququn pozulmasıdır».

Korrupsiya üçün 5 əsas risk zonası
NATO Beynəlxalq Katibliyinin İnteqrasiya, Tərəfdaşlıq və Əməkdaşlıq bölməsinin direktoru Alberto Bin çıxışında Bİ Proqramının Alyansla geniş sayda tərəfdaş ölkələr arasında sıx əməkdaşlığın qurulma prosesinin bir hissəsi olduğunu bildirdi. «Yaxşı idarəetməni tətbiq etmə, yaxşı təcrübələri yayma və resurslardan ağıllı istifadə NATO Bİ proqramının təməl daşlarıdır», — deyə o qeyd etdi. Onu da bildirdi ki, alyansın əməliyyat təcrübəsi — korrupsiyanın təhlükəsizliyə və komandirlərə öz hədəflərinə çatmasına birbaşa təsir göstərdiyini təsdiq edir. «Sadə dillə desək, korrupsiya pulla başa gəlir və bu da insan həyatı hesabınadır».
Böyük Britaniyadan Beynəlxalq Şəffaflıq (Tİ — Transparency İnternational) təşkilatının nümayəndəsi Alan Waldron müdafiə sektoru üçün nəzərdə tutulmuş dürüstlük planını iştirakçılara təqdim etdi.
Bir xatırlatma: Tİ-nin bu yaxınlarda təqdim etdiyi Hökumətlərin Müdafiə Sahəsində Anti-Korrupsiya İndeksi adlı sənədində qeyd olunub ki, təhlükəsizlik və müdafiə sektorunda korrupsiya üçün 5 əsas risk zonası mövcuddur:
1) Siyasi risk. Korrupsiyanın təsir etdiyi hərbi qanunvericilik və nəzarət. Buraya daxildir:
— Müdafiə və təhlükəsizlik siyasəti;
— Müdafiə büdcəsi;
— Müdafiə və milli aktivləri birləşdirən bağ;
— Mütəşəkkil cinayətkarlıq;
— Kəşfiyyat xidmətlərinin nəzarəti;
— İxrac nəzarəti.
2) Maliyyə riski. Geniş, potensial məxfi saxlanan müdafiə xərclərindən və gəlirlərdən sui-istifadək riski. Bu yöndə aşağıdakılar hədəfdədir:
— Aktivlərin xaric edilməsi;
— Məxfi büdcələr;
— Hərbi-mülkiyyətdə olan biznes;
— Qeyri-qanuni özəl sahibkarlıq;
3) Kadrlarla bağlı risk. Silahlı Qüvvələr və Müdafiə Nazirliyindəki heyətlə bağlı korrupsiya riski:
— Liderlik davranışları;
— Əmək haqqı, karyera pilləsində irəliləmə, təyinat, mükafat;
— Çağırış sistemi;
— Məvacib zənciri;
— Dəyərlər və standartlar;
— Kiçik rüşvətlər.
4) Əməliyyat riski. Daxildə və xaricdə hərbi əməliyyatlar zamanı ortaya çıxan korrupsiya riski:
— Ölkədə korrupsiyanın yaratdığı saymazlıq;
— Missiya içərisində korrupsiya;
— Müqavilələr;
— Özəl məxfi şirkətlər.
5) Təchizat riski. Hərbi avadanlıq və silahları satınalma prosesində korrupsiya riski:
— Texniki tələblər/xüsusiyyətlər;
— Bir mənbə;
— Agentlər/brokerlər;
— Gizli iddiaçılar;
— Maliyyələşdirmə paketləri;
— Təzminat;
— Müqavilə mükafatı, çatdırılma;
— Subpodratçılar;
— Satıcı təsiri.

Müdafiə Nazirliyində «həssas» vəzifələr
NATO Building İntegrity Proqramının rəhbəri Susan Pond «NATO-nun Bİ Statusu və irəliyə doğru» adlı məruzəsində bildirdi ki, korrupsiya ictimai resurslardan və ya səlahiyyətlərdən şəxsi qazanc məqsədilə sui-istifadə etməkdir. Onun sözlərinə görə, müdafiə sektorunda korrupsiyanın bir çox fəsadları vardır. Belə ki, korrupsiya insan həyatını təhlükəyə atır, əməliyyat qabiliyyətini məhdudlaşdırır, ictimai resursları israf edir, inamı aşındırır, ədaləti dağıdır, cəmiyyətdə sabitliyi pozur və iqtisadi inkişafı azaldır.
Pondun sözlərinə görə, bu gün 16-dan artıq ölkə Bİ proqramında iştirak edir. 7 ölkə fəaliyyət planını inkişaf etdirib, 10 ölkə siyasət və prosedurları təftiş edib, 10 ölkə isə hərbi təlim və təhsilini inkişaf etdirib.
Bolqarıstan Müdafiə Nazirliyinin Planlaşdırma, Proqramlaşdırma və Büdcə Direktoratlığının direktoru Pavlin Roussanov təmsil etdiyi qurumda aparılan anti-korrupsiya tədbirlərindən danışdı. Onun sözlərinə görə, ilk dəfə 2009-cu ildə anti-korrupsiya fəaliyyət planı elan edilib və bu sənəddə Müdafiə Nazirliyində korrupsiyaya qarşı 11 addımın atılması qərarlaşdırılıb. İlk növbədə korrupsiya mühitinə dair analiz hazırlanıb, bundan sonra müdafiə siyasətinə aid qərarlar üzrə müstəqil audit yaratmaq qərara alınıb. Bunun ardınca korrupsiyanın qarşısını almaq üçün tədbirlər planı qəbul edilib. Eyni zamanda Müdafiə Nazirliyində məlumatvermə sistemi inkişaf etdirilib, şəxsi heyət üçün anti-korrupsiya təlimləri keçirilib. Diqqət davranışların, etik qaydaların inkişaf etdirilməsinə yönəldilib.
Roussanov bildirdi ki, bu gün Bolqarıstan Müdafiə Nazirliyində korrupsiyaya qarşı səmərəli mübarizə üçün nazirlik daxilində Antikorrupsiya Şurası, Təftiş və Daxili Audit yaradılıb. Bununla yanaşı Müdafiə Nazirliyinin tərkibində xüsusiləşdirilmiş anti-korrupsiya qurumları — Müdafiə İmkanları Şurası, Silahlanma Şurası və Proqramlaşdırma Şurası yaradılıb. Hökumət səviyyəsində isə Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komitəsi, Milli Audit Ofisi, Parlament və Maliyyə Nazirliyi tərəfindən prosesə nəzarət olunur. Ötən il Bolqarıstan Müdafiə Nazirliyinin rəsmi veb səhifəsində anti-korrupsiya bölümü yaradılıb ki, burada da sözügüdən problemlə bağlı mübarizə tədbirlərinə dair xəbərlər işıq üzü görür. Müdafiə Nazirliyində korrupsiyaya tuş gələ biləcək bir sıra «həssas» vəzifələrin siyahısı dərc olunub.
Bolqarıstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələrinin, xüsusilə də QHT-lərlə münasibətlərinin gücləndirilməsi də anti-korrupsiya tədbirləri çərçivəsindədir.

Müdafiə Nazirliyində 20 min işçinin bu kursu keçməsi planlaşdırılır
Polşa XİN İdarəçilik və Anti-Korrupsiya üzrə xüsusi nümayəndəsi Maciej Vnuk da öz ölkəsinin təcrübəsindən danışdı. Onun sözlərinə görə, çətin olsa da, Polşa anti-korrupsiya tədbirləri nəticəsində bir sıra uğurlar əldə edib. Bu gün Polşada Müdafiə sahəsində korrupsiya riski xeyli aşağı səviyyəyə düşüb.
Gürcüstan Müdafiə Nazirliyinin müavini Tamar Karosanidze Bİ proqramının öz ölkəsində tətbiqindən danışdı. Onun sözlərinə görə, təmsil etdiyi qurum qeyd edilən sahədə xeyli irəliləyib və korrupsiya səviyyəsi xeyli aşağı düşüb. Böyük Britaniya Müdafiə Akademiyasının təmsilçisi Jacqueline Davies isə çıxışında diqqəti xüsusi olaraq Bİ proqramı çərçivəsində həyata keçirilən özünü qiymətləndirmə prosesinə yönəltdi.
Norveç Müdafiə Nazirliyinin nümayəndəsi Alvhild Myhre Vinje çıxışında Norveç hərbi qulluqçularına və mülki personalına anti-korrupsiya tədbirləri çərçivəsində elektron dərslər keçirildiyini qeyd etdi. Onun sözlərinə görə, bu dərslər zamanı iştirakçılar münasibətlər, etika və liderliyə aid xüsusi məşğələlər keçirlər. Kursun müddəti 1,5 saatdır və artıq bir ildir keçirilir. Kursun keçirilməsinə bir milyon Norveç kronu ayrılıb. Müdafiə Nazirliyindəki 20 min işçinin bu kursu keçməsi planlaşdırılır.
Növbəti günlərdə müxtəlif ölkələrdən olan şəxslərin cəmləşdiyi qarışıq 4 qrupda canlı müzakirələr nəticəsində Bİ proqramı ilə bağlı təqdimatlar hazırlandı. Bu sindikatlarda aşağıdakı mövzularda təqdimatlar hazırlandı: 1) Dürüstlük Planına nə daxil edilməlidir? 2) Dürüstlük Planı necə inkiaf etdirilməlidir? 3) Dürüstlük Planı necə həyata keçirilməlidir? 50-yə yaxın iştirakçının hazırlanmasında rol oynadığı təqdimatlar maraq kəsb etdi. Yaxın gələcəkdə bu təqdimatlar əsasında yekun Bİ sənədi hazırlanması mümkündür.

Bİ proqramı nədir?
Dürüstlüyün Təmin olunması (Building Integrity -BI) proqramı 2007-ci ilin noyabrında Avro-Atlantik Tərəfdaşlıq Şurası tərəfindən Müdafiədə İnstitutisional Quruculuq üzrə Tərəfdaşlıq Fəaliyyət Planının (Partnership Action Plan on Defence Institution Building — PAP-DIB) çərçivəsində yaradılıb. Bİ proqramı şəffaflığı və hesabatlılığı gücləndirməklə ictimai məlumatlandırmanın artırılmasını, yaxşı təcrübələrin təşviqini və təhlükəsizlik sektorunda dürüstlüyü genişləndirmək və korrupsiya risklərini azaltmaq üçün dövlətləri təcrübi alətlərlə təchiz etməyi nəzərdə tutur. Bu proqram NATO müdafiə və təhlükəsizlik sektorunda yaxşı idarəçiliyi gücləndirmək üzrə öhdəliklərindən biridir.
NATO-nun 2012-ci il Çikaqo sammitində müttəfiq ölkələrin liderləri NATO-nun Bİ proqramı üzrə əldə etdiyi tərəqqiyə dair Status Hesabatı qəbul etdilər. Marağı olan dövlətlər tərəfindən bu proqram üzrə müdafiə sektorunda şəffaflığın, hesabatlılığın və dürüstlüyün artırılmasında xeyli işlər görülmüşdü.
Bİ xüsusilə də maliyyə və insan resurslarının idarə edilməsinə fokuslanıb. Bu baxımdan NATO-ya üzv ölkələr razılaşıblar ki, prioritet Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə Bİ töhfəsinin verilməsinə yönəlməlidir. Bu, hazırda Cənub-Şərqi Avropa ölkələrinə yardım üçün nəzərdə tutulan Bİ proqramının inkişafına əlavədir.
Bİ Status Hesabatı təhsil və təlimlərin əhəmiyyətini də qabardır. Şimali Atlantika Şurası qərara alıb ki, Müttəfiq Transformasiya Komandanlığı tərəfindən idarə olunan NATO Hərbi İdarəsi Bİ Təhsil və Təlim Planını inkişaf etdirsin. Bu plan müdafiə və təhlükəsizlik sektorunda yaxşı idarəçiliyi inkişaf etdirmək üçün vacib çərçivə olacaq.
Bİ Proqramı Bİ Etimad Fonduna könüllü yardımlar hesabına dəstəklənir. Bu fond Belçika, Norveç, Polşa, İsveçrə və Birləşmiş Krallıq tərəfindən idarə olunur. Pİ proqramının fəaliyyətləri və alətləri bütün Müttəfiq ölkələr və NATO-nun Avro-Atlantik zonada, Aralıq dənizində və Körfəz regionunda, eləcə də, Əfqanıstan daxil olmaqla bütün dünya üzrə tərəfdaşları üçün açıqdır.
Bİ Proqramında iştirak könüllüdür. NATO Beynəlxalq Katibliyi icraedici agent və layihə meneceri rolundadır və dövlətlər və digər beynəlxalq təşkilatlarla, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə işləyir. Məqsəd məlumatlandırmanın artırılması və korrupsiyanın hərbi əməliyyatlara, təhlükəsizliyə təsirini dərk etmə üzrə çoxillik proqramın (Bİ Tool Kit) hazırlanmasıdır.
Bİ bir sıra tərəfdaşlar şəbəkəsi tərəfindən də dəstəklənir. Buraya NATO ölkələri və tərəfdaş ölkələr, vətəndaş cəmiyyəti aiddir. NATO-nun Oberammergaudakı (Almaniya) Məktəbi, Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzi, Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi, Beynənxalq Şəffaflıq (Transparency İnternational, Böyük Britaniya, Müdafiə Komandası), İsveç Milli Müdafiə Kolleci, Bolqarıstan və Norveç müdafiə nazirlikləri, və Bosniya və Herseqovina, Türkiyə, Birləşmiş Krallıq və Birləşmiş Ştatlardakı Sülh Təhsili üzrə Tərəfdaşlıq və Təlim Mərkəzləri. Bu institutlar Bİ proqramının həyata keçirilməsinə təlim və təhsil üzrə məsləhətlər verməklə və Bİ fəaliyyətlərini keçirməklə dəstək göstərirlər.
Bİ Alətləri (Building Integrity Tool Kit). Bu alətlərə Bİ Özünü Qiymətləndirmə Sorğusu (BI Self Assessment Survey, NATO-nun veb səhivəsində yerləşdirilib) və Bərabər Baxışlar Prosesi (Peer Review Process, NATO Müttəfiq Transformasiya Komandanlığı tərəfindən təsdiq olunmuş Bİ kursları və s.) aiddir.
Dövlətlər Bİ Özünü Qiymətləndirmə Sorğusundan müdafiə və təhlükəsizlik idarələrində cari təcrübələri və prosedurları qeydə almaq üçün istifadə edirlər. Bərabər Baxışlar Prosesi yetkin araşdırmalar üzrə təhlillərə əsaslanır və milli fəaliyyət planı üçün yaxşı təcrübələrin müəyyənləşdirildiyi çərçivəni təmin edir. Bİ Özünü Qiymətləndirmə Sorğusunu hazırlayan ölkələr Bərabər Baxışlar Prosesi üçün müraciət edə və məxsusi fəaliyyət planının inkişafı üzrə ekspert dəstəyini istəyə bilər.
Bu günə qədər bu ölkələr üçün Bərabər Baxışlar Prosesi tamamlanıb: Əfqanıstan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Norveç və Ukrayna. Macarıstan, Latviya və Serbiya üçün bənzər proses davam edir. 2012-ci ilin sonuna olan məlumata görə Bİ kurslarını dünya üzrə 600-dan artıq mülki, müdafiə və təhlükəsilik heyəti bitirib. Bİ Alətlərinə «Müdafiə Sektorunda Dürüstlüyün Təmin Olunmas və Korrupsiyanın Azaldılması: Ən yaxş təcrübələrin toplusu» da daxildir. Xatırladaq ki, bu kitab 2013-cü ildə mülki-hərbi münasibətlər üzrə tədqiqatçı alim Elxan Mehdiyev tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Bu toplu korrupsiya risklərinin azaldılması üzrə strateji yanaşmaları təqdim edir.
Cənub Şərqi Avropa ölkələrinin təcrübəsini əsas götürsək, Bİ proqramının əsas hədəfləri bu istiqamətlərdə irəliləyişlərə nail olmaqdır:
— Parlament nəzarəti;
— Anti-korrupsiya və dürüstlük siyasəti;
— Xüsusiləşdirilmiş Anti-Korrupsiya qurumları;
— Maraqların münaqişəsi;
— İnformasiya əldəetmə azadlığı;
— Daxili və xarici audit;
— Ombudsman institutu;
— İctimai satınalma, təchizat;
— İnsan resurslarını idarəetmə.
NATO Bİ-in Özünü Qiymətləndirmə Anketində bu sahələr qiymətləndirilir:
1) Demokratik nəzarət və öhdəçilik:
— Parlament nəzarəti;
— Milli müdafiə siyasəti və bu sənədlərə ictimai çatımlıq;
— Müdafiə Nazirliyinin vətəndaş cəmiyyəti, media və QHT-lərlə münasibətləri.
2) Milli anti-korrupsiya qanunları və siyasəti:
— Beynəlxalq anyi-korrupsiya müqavilələri və konvensiyalar;
— Milli siyasət və anti-korrupsiya strategiyası;
3) Müdafiə və təhlükəsizlik sahəsində anti-korrupsiya siyasəti;
— Müdafiə Nazirliyində və Baş Qərargahda anti-korrupsiya üzrə öhdəliklərin səviyyəsi;
— Dürüstlük və korrupsiya ilə bağlı Müdafiə Nazirliyində və Silahlı Qüvvələrdə görülən tədbirlər;
— Anti-korrupsiya siyasətinin mövcudluğu və onun həyata keçirilməsinə kim cavabdehdir.
4) Heyət — davranış, siyasət, təlim, intizam:
— Davranış kodeksi;
— Heyət siyasəti və məvaciblər üzrə standart;
— Korrupsiya insidentlərinin araşdırılması prosesi;
— Milli Audit və Anti-Korrupsiya Ofislərinin rolu.
5) Planlaşdırma və büdcələmə:
— Əldə etmə prosesi;
— Müdafiə büdcəsinin şəffalıq dərəcəsi;
— Müdafiə Nazirliyinin xərcləri üzrə audit prosesi;
— Aktivlərin xaric edilməsi prosesi.
6) Əməliyyatlar:
— Corrupsiyaya ünvanlanmış hərbi doktrina;
— Korrupsiya riskləri üzrə təlim və təlimatnamə.
7) Təchizat:
— Müdafiə və təhlükəsizlik təchizatı ilə bağlı qanunlar;
— Təchizata nəzarətlə bağlı mexanizmlər;
— Tender heyətləri, təchizat/xidmət xüsusiyyətləri, tender prosesləri.
8) Müdafiə şirkətləri və digər təchizatçılarla qarşılıqlı əlaqə:
— Biznes sənayesi ilə əlaqələr üzrə mexanizmlər;
— Tender şirkətləri üzrə tələblər (etik proqramlar və s.)
— Şirkətlərə qanunsuzluqlarla bağlı şikayət etməyə imkan verən mexanizmlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 250